Fortunanın qonağı

“Mənim Üçün Uğur Formulu Həyatda “Gərəkli Olmaq”dır”— Fəxrəddin Meydanlı

“Fortuna” jurnalının bu dəfəki qonağı – maliyyəçi-iqtisadçı və şair-publisist Fəxrəddin Meydanlı (Əzizov) – iki fərqli aləmi özündə birləşdirən nadir simalardandır. Rəqəmlərlə düşünən bir iqtisadçı olaraq səriştə və peşəkarlıqla çalışdığı kimi, ruhunu poeziya ilə yoğuraraq sözün sehrində də iz buraxmağı bacaran bir qələm sahibidir. Onun uğur fəlsəfəsi – “gərəkli olmaq” ideyası – həm iş həyatında, həm də yaradıcılığında özünü göstərir. Bu müsahibədə Fəxrəddin müəllim uğur, çətinliklər, ilham və müdriklik haqqında düşüncələrini səmimi şəkildə oxucularla bölüşür. İki fərqli sahədə bir bütöv şəxsiyyət kimi formalaşmaq – onun həyat yolunun əsas özəlliyidir.
-Uğur Sizin üçün nə deməkdir? Cəmiyyətin uğur anlayışı ilə Sizin şəxsi uğur anlayışınız arasında fərqlər varmı?
-Mənim üçün uğur anlayışı – qarşıma qoyduğum hər hansı bir məsələnin müsbət həllini tapmaq və cəmiyyət içərisində köməyimə ehtiyacı olan kiməsə gərəkli olaraq onun və öz sevincimə nail olmaqdan ibarətdir. Xoş olan odur ki, bu, əksər hallarda belə də alınır.
Cəmiyyətin uğuru dedikdə isə – burada “44 günlük müqəddəs Vətən savaşı zamanı” ölkəmizin, dövlətimizin, bütövlükdə xalqımızın uğuru ehtiva olunursa, şəxsi uğur dedikdə bu ümumi uğurla yanaşı, həm də yuxarıda qeyd etdiyim şəxsi uğurlar da yer aldığından onlar arasındakı fərq də özünü göstərməkdədir.
-Sizi həyat yolunda ən çox ilhamlandıran şəxs və ya hadisə nə olub? Bu ilham Sizin fəaliyyətinizdə və yaradıcılığınızda necə iz buraxıb?
-Məni həyat yolunda ilhamlandıran ilk növbədə həyata olan sonsuz sevgim, digər tərəfdən isə ailəliklə dost olduğumuz və özümün həyat müəllimim hesab etdiyim – ixtisasca pedaqoq olmasına baxmayaraq, hərtərəfli bacarığa və qabiliyyətə malik olan mərhum Vaqif Salmanov adlı bir dəyərli şəxs olub ki, mən həyatda ondan çox şey öyrənmişəm və bu öyrəndiklərim həmişə və hər yerdə yardımçım olub (Allah ona qəni-qəni rəhmət eləsin).Bu ilham, təbii ki, istər fəaliyyətimdə, istərsə də yaradıcılığımda pozulmaz müsbət izlər buraxıb.
-Uğur yolunda Sizi ən çox sınağa çəkən hadisə nə olub? Bu çətinliyin öhdəsindən necə gəlmisiniz və o təcrübə Sizə hansı həyati dərsi qazandırıb?
-Uğur yolunda məni ən çox sınağa çəkən – mənim fərqli bacarıq və qabiliyyətimə, həyata yanaşma tərzimə, karyera yolunda təkbaşına – kimsənin əsaslı yardımı olmadan inkişafıma paxıllıq edən, hər həmlədə mənə mane olan, hətta açıqca qarşıdurma yaradan insanlar olublar. Bu çətinliklərin öhdəsindən səriştəli, yorulmaz və təmənnasız əməyimlə, işimi sevməyim və mənim işimi məndən yaxşı bilə biləcək birinin olmaması ilə, düz yolla gedərək əyriləri kəsib keçməyimlə, işlədiyim qurumun mənafeyini öz şəxsi mənafeyimdən həmişə üstün tutmağımla gəlmişəm.Həyat mənə bu yolda özünə güvənmədən üstün bir şeyin olmadığını öyrədib.
-Müdriklik zamanla qazanılır, deyirlər. Sizə görə bir insanın müdrikləşməsi üçün nələr vacibdir? Təcrübə, səhvlər, yoxsa müşahidə?
-Fikrimcə, müdriklik insan əqlinin – zəkasının məhsulu olduğundan, o elə insanda anadangəlmə bir keyfiyyətdir. Təbii ki, bu keyfiyyətin təkmilləşərək daha yüksək həddə çatması üçün həm həyat təcrübəsi, həm buraxılan səhvlərin başa düşülməsi, həm də həyatda-cəmiyyətdə cərəyan edən hadisələri müşahidə etməklə, onları təhlil edib düzgün nəticə çıxarmaq bacarığı vacibdir.
– Gənclərə ilham vermək üçün hansı əsas fikri bölüşmək istərdiniz? Öz yolunu axtaran, tərəddüddə olan bir gəncə hansı tövsiyəni verərdiniz?
-Gənclərə ilham vermək dedikdə – mən onlara ilk növbədə hansısa işlə məşğul olmağı, işləməyi, çalışdıqları aşağı-yuxarılı vəzifələrdən irəli gələn funksiyaları vaxtında və keyfiyyətlə həyata keçirməyi, işini sevərək onu daha da təkmilləşdirməyi, özlərindən daha səriştəli mütəxəssislərlə məsləhətləşməyi, həyatda ancaq özünə və əməyinə güvənməyi, özündən müştəbeh olmamağı, ailə və milli-mənəvi dəyərləri qoruyub saxlamağı, ailə quraraq ev-uşaq sahibi olmaqla xoşbəxt həyat sürməyi tövsiyə edərdim.Öz yolunu axtaran, lakin tərəddüddə olan – başqa sözlə desək, özünü tapmaqda çətinlik çəkən gənclərə isə ilk növbədə fəaliyyət növünün hansı sahəsinin maraq çərçivəsində olmasını aydınlaşdırmağı, özünü və bacarığını bu sahədə sınaqdan keçirməklə həyatda öz cığırını açmağa, usanmadan, yorulmadan, daim öz üzərində çalışmağa tövsiyə edərdim.
– İlhamın Sizi ən çox tapdığı anlar hansı zamanlara təsadüf edir? Tənhalıqda, insanlarla təmasda, yoxsa təbiətdə?
-İlham dediyimiz məfhum əgər bir insanın qanında-canındadırsa, o həmişə səninlədir – istər tənhalıqda, istər insanlarla təmasda, istərsə də təbiət qoynunda, istərsə də yuxuda. Şəxsən mən konsert salonunda, səs-küylü bir məclisdə, ictimai nəqliyyatda və s. heç bir çətinlik çəkmədən proza və ya şeir yazıram – təki hansısa bir məqam, mövzu məni tutmuş olsun. Ən çətini birinci cümləni yazmaqdır. Arxası isə özü vəhy kimi gəlir insana. Həmin anda yazmasan, bu artıq sənin deyil – uçdu və getdi…
-Əgər keçmişdəki özünüzə bir cümlə ilə müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz? Bu cümlə həm də oxucular üçün bir yol göstəricisi ola bilərmi?
-Keçmişdəki özümə müraciət etmək imkanım həmişə var və mənim ona heç bir iradım yoxdur. Keçmiş günlərimi bu gün də yaşamaq imkanım olsaydı – tərəddüd etmədən düzümlə-səhvimlə yenə də elə beləcə yaşayardım və yaşayıram da. Çünki insanın səhvi düzü olmur – onun həmin anda düşündüyü və elədiyi onun üçün ən doğru sayılır. Sonradan düşünüləni artıq edilənə tətbiq etmək imkanı olmadığı kimi, növbəti edəcəyin də keçmişindən doğan bir labüdlükdür.Fikrimcə, yazdıqlarım oxucular üçün də bir örnək ola bilər. Əlahəzrət oxucu! Elədiyin şeyin peşmançılığını heç vaxt çəkmə. Çünki onu dəyişdirib başqa cür etmək imkanına malik deyilsən. Amma bu kimi səhvlərə yol verməməyə çalışmağın daşıdığın mənəvi ağırlığı yüngülləşdirə bilər.
-Hər kəsin həyatında bir dönüş nöqtəsi olur – Sizi dəyişdirən, yetkinləşdirən əsas hadisə nə idi?
-Bu sualı yuxarıda bu və ya digər şəkildə də olsa cavablandırmağa çalışmışam və əlavə olaraq onu deyim ki, məni dəyişdirən, məni yetkinləşdirən – hər günün sonunda özümün özümə hesabat verməyim, özümü daim tərbiyələndirməyim və kimin mənim barəmdə hansı əməl sahibi olmasına baxmayaraq, öz düzgün yolumu dəyişməməyim, insanlara olan sevgimi itirməməyimdir.
Başqa sözlə desək, mənim bir bəndlik şeirimdə dediyim kimi:
Bu dünya – bir tərəzi,
Heç kimlə yox qərəzi.
Bir gözündə əməlin,
Bir gözündə əvəzi…
-Sizin üçün “uğur formulu” nədir?
-Mənim üçün uğur formulu həyatda “gərəkli olmaq”dır. Gərəksiz insanın həyatda nə özü olar, nə də sözü.
Adam var, yüz il yaşayar, gözünü əbədi yummaqla özü də yaddaşlardan silinər. Adam da var ki, kiçik həyatı ilə dünya durduqca yaşayar: Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Asəf  Zeynallı və bu kimiləri.
Dahi Cavid Hüseyn demişkən:Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də betərdir.

 

 

– “Fortuna təbəssümü”nü həyatınızın hansı anında hiss etdiniz?

-Hansısa işə yarayıb və ya hansısa xoş bir əməli həyata keçirən anda.

P.S. Sonda isə oxucularıma bir sevgi şeiri də ərmağan etmək istərdim:
Müddətdir, sevgidən yaman qaçırdım,
Sevgidən söz düşsə, uzaqlaşırdım.
Sevgi-məhəbbətlə vidalaşırdım,
Sən sevdin, sevdirdin, özünü mənə.
Sevgidən xəbəri olan azdır, az,
Sevginin dəyərini bilən azdır, az.
Sevənin dərdindən ölən azdır, az,
Sən sevdin, sevdirdin, özünü mənə.
Mən elə bilirdim, bir də sevmərəm,
Sevgini kimsədə tapa bilmərəm.
Sevsəm də, bəlkə də heç sevilmərəm,
Sən sevdin, sevdirdin, özünü mənə.
Sən yatan sevgimi necə oyatdın,
Sevgidən içimdə tufan yaratdın.
Sevgi ilə gözümdə qəfil boy atdın,
Sən sevdin, sevdirdin, özünü mənə.
Sevgi kitabından dərs verdin mənə,
Sevməyi öyrətdin sən Fəxrəddinə.
Doğrusu heyranam sənə, sevginə,
Sən sevdin, sevdirdin, özünü mənə.
Müəllif: Fortuna Jurnalının baş redaktoru Səidə Musayeva