Fayton

“İtaliya — Daşların Üzərində Yazılmış Sivilizasiya” Cəmalə Naxçıvani

 

İtaliya — Daşların Üzərində Yazılmış Sivilizasiya

 

İtaliya mənim üçün xəritədə sadəcə bir ölkə deyildi. O, bir duyğu idi — tarixlə nəfəs alan küçələr, sənətin daşda,rəngdə, melodiyada dirildiyi məkandır. Bu ölkəyə ayaq basan andan etibarən anladım ki, burada zaman düz irəliləməyib; o, dönüb, qayıdıb, bəzən dayanıb və bir çox hallarda iz salıb. İtaliya ilə tanışlığım sanki bir qədim əlyazmanın səhifələrini bir-bir çevirirmişəm kimi idi — hər şəhər, hər abidə, hər muzey bu əlyazmanın unudulmaz bir paraqrafı idi.

 

 

Roma — mənim səyahətimin başlanğıcı idi. Forum Romanumda addımlayarkən sanki qədim senatorların,imperatorların addımlarının izində gedirdim. Kolizey qarşısında dayandığımda isə daşların susaraq danışdığını hiss etdim. İllərlə kitablarda oxuduğum, sənədli filmlərdə izlədiyim tarixi canlı-canlı qarşımda görmək — bu, təkcə ziyarət deyil, daxili bir titrəyiş idi. Pantheonun günbəzinin altında dayandığımda, antik dünyanın texnoloji və estetik möcüzəsi ilə üz-üzəydim. 2000 il öncə tikilmiş bir məbəddə gün işığının necə ustalıqla daxilə yönləndirildiyini görmək — bu, insan zəkanın zamanla yarışa girməsi idi.

 

 

Florensiyada isə başqa bir İtaliya ilə tanış oldum — Renessans İtaliyası. Uffizi qalereyasındakı Botticelli-nin “Veneranın Doğulması”, Michelangelo-nun Davudu,Brunelleschi-nin günbəzi… Bütün bu sənət əsərləri sadəcə göz üçün yox, ruh üçün idi. Küçələrində gəzdikcə başadüşdüm: bu şəhər təkcə sənəti sərgiləmir, onu yaşayır. Hər bir kilsə, hər bir meydan, hər bir büst burada dəyər və dərinlik daşıyır.

Venesiya isə tam başqa bir nağıl idi. Su üzərində qurulmuş şəhərdə qayıqla küçələrdə dolaşmaq, Rialto körpüsünün altında dayanmaq, San Marco meydanında göyərçinlərə qarışmaq — hər biri sanki zamanla müqavilə bağlamış hisslər idi. Axşamüstü kanal boyunca qızılı işıqda parlayann sular, Vivaldi-nin doğulduğu şəhərin səsi kimi eşidilirdi.

 

 

Amma İtaliya yalnız böyük şəhərlərdən ibarət deyil. Mən Toskana təpəliklərini, Sienanın sakit küçələrini, Pizanın əyilmiş qülləsini də gördüm. Hər bölgənin öz nəfəsi, öz ritmi vardı. Cənubda isə Neapol və Pompey… Pompeyin küllər altından çıxarılmış sükutu — insanı sarsıdan bir səssizlik idi. Təbii fəlakətlərin zamana necə möhür vurduğunu orada açıq-aydın görmək mümkündür.

İtaliya memarlıqla danışır. Qotik, barokko, renessans, neoklassik — burada hər üslub bir-birinə keçərək şəhərləri nağıl kitabına çevirib. Kilsələr sadəcə ibadət məkanı deyil, zamanın sənətə çevrilmiş abidələridir. Mən hər gün bir kilsəyə girəndə başqa bir əsrə keçirdim.

 

 

Kulinariyası isə bu ölkənin daha bir dilidir. Roma pizzası, Neapol marqaritası, Florensiya steyki, Toskana şərabları…Hər biri bölgənin tarixini, iqlimini və insanını əks etdirir.Sadəcə yemək yox, bir ənənəni dadmaq idi bu.

İtaliya mənim üçün Avropanın ürəyi deyil, onun ruhudur. Hər daş, hər küçə, hər melodiyası ilə insanı həm düşündürən, həm hiss etdirən nadir torpaqlardan biridir.Oradan ayrıldığımda özümdən də bir parça qoyduğumu hiss etdim. Bəlkə də elə buna görə İtaliya insanı təkcə heyrətləndirmir — onu dəyişdirir.

Və mən bilirəm — yenidən qayıdacağam. Tarixlə, sənətlə, özümlə bir daha görüşmək üçün…

 

 

 

Müəllif : “Fortuna” jurnalının baş redaktor müavini Cəmalə Naxçıvani