PR & LiFestyle

Gələcəyimiz Üçün Sağlam Nəsillər: Qan Qohumu Evliliklərinin Fəsadları və Maarifləndirmə Tədbirləri

 

Bir uşağın dünyaya gələndə, onun gözlərində saysız xəyal, könlündə səssizcə böyüyən ümid çiçəkləri olur.
Qohum evlilikləri genetik xəstəliklərin toxumu deyil, hər iki tərəfin seçimini, gələcək yolunu əlindən alan görünməz divardır.
Bu divarların arxasında həm qəlblər sönür, həm gələcəkləri zədələnir, içlərindəki işıq tədricən sönür.
2 iyul 2025-ci il tarixində baş tutan görüş isə, sadəcə bir sənədin imzalanması deyildi — bu, insan həyatına dəyər verməyin, gələcək nəsillərə sevgi və məsuliyyətlə yanaşmağın səmimi bir ifadəsi idi. “Qan Donorları Assosiasiyası” ,“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi, və Adalia Beynəlxalq Qadın Platformasının bir araya gəlməsi, həmrəyliyin, gücün və böyük məqsədlərə inamın təntənəsi kimi yadda qaldı. Burada əsas məqsəd həm qan qohumları arasında nikahların mənfi fəsadlarının qarşısının alınmasına, həm də ailələrin daha sağlam gələcək qurmasına, oğlan və qız uşaqlarının öz xəyallarına çatmasına, onların həyat yolunda daha möhkəm addımlarla irəliləməsinə açılan bir ümid qapısı idi.
Bu tədbir qan qohumları arasında bağlanan nikahların yaratdığı genetik təhlükələri aradan qaldırmağa xidmət etməklə, maarifləndirci tədbirlər həyata keçirməklə gələcək nəsillər üçün daha sağlam, daha parlaq bir sabah vəd edir.

 

 

Tədbirdə çıxış edən “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov ,“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri Səidə Musayeva, Adalia Beynəlxalq Qadın Platformasının rəhbəri Dilşad Əhədova vurğuladılar ki, gənclərin cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, onların hüquqlarının qorunması və sağlam nəsil ,sağlam gələcək həyat şəraitinin təmin edilməsi bu günümüzün ən vacib və həssas məsələlərindəndir.

Tədbir Azərbaycan Milli QHT Forumunun zalında baş tutdu. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.

 

Qohum nikahları isə təkcə genetik xəstəliklərin yayılmasına səbəb olmur, gənclərin iradəsinə zərbə vurur, onları məcburiyyətlər içində yaşamağa məhkum edir. Bu cür nikahlar gənclərin sosial həyatını məhdudlaşdırır, ailədaxili zorakılığı dərinləşdirir və ailə institutunun təməlini sarsıdır.
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov qeyd edir ki, qan qohumu evlilikləri genofondun daralmasına gətirib çıxarır və bu, irsi xəstəliklərin meydana çıxma ehtimalını xeyli artırır. Belə evliliklər zamanı genetik mutasiyalar təkrarlanır, bu da uşaqlarda ağır sağlamlıq problemlərinin, həmçinin müxtəlif genetik deformasiya və xəstəliklərin ortaya çıxmasına səbəb olur. Nəticədə, genofondun zəifləməsi cəmiyyətin ümumi sağlamlığına mənfi təsir göstərir. Ona görə də sağlam nəsillərin davamı və gələcək nəsillərin xəstəliklərdən qorunması üçün qan qohumu evliliklərindən uzaq durmaq vacibdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə edilən son dəyişikliklər bu baxımdan bir zərurət idi — bir ümid idi. 1 iyun 2025-ci ildən qüvvəyə minən bu dəyişikliklər, qan qohumları arasında nikahları qadağan etməklə hüquqi mexanizmləri daha da möhkəmləndirdi.

Biz “Fortuna” jurnalı olaraq inanırıq ki, bu addımlar cəmiyyətin ruhuna işıq saçacaq, sosial dəyərlərini və düşüncə tərzini daha da dərinləşdirəcək və gələcək nəsillər üçün möhkəm, ümid dolu bir körpü quracaq.

 

 

 

Müəllif: “Fortuna” jurnalının baş redaktor müavini Cəmalə Naxçıvani