Fortunanın qonağı

Eldar Qasımov və Nigar Camal: “Eurovision 2011” Musiqi Müsabiqəsinin Qalibləri

– İlk dəfə Fortuna bizə “Eurovision”un milli seçim turu zamanı gülümsədi. Bu tur ötən ilin sonu və cari ilin əvvəlində Bakıda keçirilirdi. Gərgin mübarizə gedirdi – çox sayda gənc və istedadlı ifaçı iştirak edirdi. Maraqlısı budur ki, o zaman biz bir-birimizin rəqibi idik. Rəqabət kifayət qədər güclü idi. Hər birimiz müsabiqənin finalına düşməyi çox istəyirdik və bu məqsədə çatmaq üçün əlimizdən gələni, bəlkə də gəlməyəni belə edirdik.

Mən sentyabrın 7-də anadan olmuşam. Elə alındı ki, yarımfinal mərhələsində çıxışım seçim turunun məhz yeddinci həftəsinə təsadüf etdi. Yeddi rəqəmi isə həmişə mənə uğur gətirir. Ümumiyyətlə, biz hər ikimizə çox bəxt gətirdi. Çünki milli seçim mərhələsinin finalına birlikdə çıxdıq.

– Final mərhələsində biz Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ayrı-ayrılıqda çıxış etdik və o zaman hələ heç düşünmürdük ki, Tale bizi birləşdirəcək. Münsiflər heyətinin səsverməsinin nəticələri elan olunanda əvvəlcə qulaqlarımıza inanmadıq. Bizi duet şəklində birləşdirmək qərarına gəldilər və Düsseldorf səhnəsində birlikdə çıxış etmək imkanı verdilər!

İkinci dəfə Fortuna bizə Almaniyada gülümsədi. Əlbəttə, biz uğura inanırdıq və var gücümüzlə çalışırdıq. Gecə-gündüz məşq edirdik. Yuxuya çox az vaxt qalırdı. Çıxışımızdan sonra “yaşıl otaqda” oturub səsvermənin nəticələrini gözləyirdik. İnanılmaz dərəcədə həyəcan keçirirdik!

Azərbaycanın ilk üçlükdə olduğunu anlayanda nəfəsimizi tutub qalibiyyət üçün dua etməyə başladıq. Və o anda müsabiqənin aparıcıları bizim adlarımızı səsləndirdilər… Biz “Esprit Arena” stadionunun səhnəsinə qaçdıq və yalnız o zaman başa düşdük ki, biz qalib gəlmişik. Bu, bəlkə də, həyatımızın ən xoşbəxt anı idi! Fortuna bizə bir daha gülümsədi və ümid edirik ki, bu, sonuncu dəfə deyil…

Biz – birinciyik! Növbəti, 57-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Bakıda keçiriləcək! SMS səsverməsinin nəticələrinə və münsiflər heyətinin qərarına əsasən, Eldar Qasımov və Nigar Camal 221 xal topladılar! Ən yüksək xalları (12 bal) Rusiya, Türkiyə və Maltadan aldıq. Birincilik uğrunda mübarizə Azərbaycan, İtaliya və İsveç arasında gedirdi. Qeyd edək ki, builki müsabiqə “Feel your heart beat!” (“Qəlbinin döyüntüsünü hiss et!”) şüarı altında keçirilirdi.

Azərbaycanlı iştirakçılar Eldar Qasımov və Nigar Camal (Ell və Nikki) “Running Scared” (“Geri baxmadan qaç”) adlı ballada ilə çıxış etdilər. Mahnının müəllifləri isveçli bəstəkarlar Stefan Orn, Sandra Byurman və Yan Farquhsondur. Cütlüyümüz “Esprit Arena” adlı nəhəng stadionun səhnəsinə ağ geyimlərdə çıxdılar – bu geyimlərin rəngi və dizaynı da isveçli modelyerlər tərəfindən seçilmişdi.

Azərbaycanlı cütlüyün sevgi hekayəsinə bütün Avropa inandı və bu inam onları qələbəyə apardı.

Qeyd edək ki, Azərbaycan “Avroviziya” müsabiqəsində 2008-ci ildən iştirak edir. 2009-cu ildə Moskvada keçirilən müsabiqədə Aysel Teymurzadə və Araş duetinin çıxışı sayəsində Azərbaycan 3-cü yeri tutdu, ötən il isə nümayəndəmiz Səfurə Əlizadə Osloda keçirilən müsabiqədə 5-ci yerdə qərarlaşdı.