Fortunanın qonağı

Ayke Bekker: «Arzum – Dünyanı Bəzəməkdir»

Almaniya Həftəsi çərçivəsində Azərbaycanda, Landmark Biznes Mərkəzinin binasında almaniyalı uğurlu memar Ayke Bekkerin sərgisi keçirildi. Onun futuristik layihələri dizayn baxımından müxtəlifliyi ilə seçilirdi – şüşəyə bürünmüş hamar fasad xətləri ilə sərt, kvadrat pəncərəli geometrik formalar arasında geniş spektri əhatə edirdi. Sərgiyə dəvət olunmuş qonaqlardan birinin ifadə etdiyi kimi, bu layihələr estetik müstəqillik, ekoloji öncəgörmə, yaradıcı təxəyyül və ilk baxışda görünməyən memarlıq detalları daşıyır. Nəticə etibarilə, Ayke Bekkerin bir çox layihələri müxtəlif mükafat və təltiflərə layiq görülüb.

Alman memar Bakıya səfərini öz innovativ layihələrini paytaxtımızda reallaşdırmaq arzusu ilə izah edir. “Arzum – dünyanı memarlıq baxımından gözəl binalarla bəzəmək, qədim ənənələrlə yeni tendensiyalar arasında harmoniya yaratmaqdır,” – deyə Ayke Bekker bildir.

Müsahibəsində memar jurnalımıza “İçərişəhərə vurğun olduğunu” etiraf edib:

– Bakının mərkəzindəki köhnə küçələrə heyranam və bu nağıllar şəhərinə yenidən və yenidən qayıtmaq ümidi ilə yaşayıram. Digər tərəfdən, Bakı inkişaf edən bir metropol kimi dünyanın dörd bir yanından həyat keyfiyyətinə önəm verən, çoxəsrlik mədəniyyətə sahib şəhərləri sevən insanları cəlb edir. Buna görə də təəccüblü deyil ki, burada “lüks” mənzillərə tələbatın artması ilə şəhərin mərkəzində prestijli mənzillərin tikintisinə sərmayə yatırmaq tendensiyası sürətlə inkişaf edir.

– Bu peşəni seçməyinizin səbəbi nədir?

– Düzünü desəm, məktəbi bitirəndə hələ nə olacağımı bilmirdim. Amma buraxılış imtahanlarından sonra Cenevrəyə əmimin yanına getdim və şəhərdə gəzərkən Lekor Bezyenin binasını gördüm – elə həmin anda taleyim həll olundu. Onun dəlisov memarlığına valeh olmuşdum! O an düşündüm ki, mən də belə bir şey yaratmaq istəyirəm.

– Taleyinizdə başqa hansı epizodları uğur anları saymaq olar?

– Uşaqlarımın dünyaya gəlməsi. Oğlum artıq 12 yaşındadır, qızım isə 5. Amma mən hələ də yeni həyatın doğulması möcüzəsini inanılmaz hesab edirəm.

– Yeni layihələriniz reallaşanda da oxşar bir heyranlıq hissi keçirirsiniz?

– Bəli, hər ikisi oxşardır. Evlər – onlar insan kimidirlər, hər biri öz xarakteri və duruşu ilə. İnsan cəlbedici, zərif görkəmli, müstəqil və intellektual olduqda, biz onu karizmatik şəxsiyyət adlandırırıq. Eləcə də keyfiyyətli memarlıq müəyyən bir karizmaya malikdir, bu da ətrafla harmoniyadan yaranır. Ona görə də evləri arxası ətrafına deyil, ətrafla “qonşu simpatiyasına” hesablanaraq tikmək lazımdır…

Ayke Bekkerin bəzi memarlıq layihələri

– Ayke Bekkerin uğur formulu!

– Birlikdə biz güclüyük! (gülümsəyir).

Söhbəti apardı: Nailə Əsgərova
Fortuna Arxivi, 2011