Fayton

Səyyah Asif İlyasovun Qeydləri – “Monqolustan”

 

Əziz oxucularım, Sizə, tanınmış azərbaycanlı səyyah, ov üzrə mütəxəssis və dünyanın müxtəlif ölkələrində ov səfərləri təşkil edən Asif İlyasovun “Səyyahın qeydləri”ni təqdim edirik.

 

Monqol Uls-a səyahət!

 

İyulun isti yay günlərində mən nəhayət ki, Monqolustanı ziyarət etməyə nail oldum! Bu ölkə elit ovçuların siyahısında yalnız trofeylərin qiymətinə görə deyil, həm də onların nadirliyinə görə ön sıralarda yer alır. Məsələ ondadır ki, Altay, Qobi və Xanqay dağlarında yaşayan vəhşi dağ qoçlarını və keçibuynuzluları yalnız Monqolustanda ovlamaq mümkündür.

Monqolustan haqqında: “Monqol Uls” – ölkənin qədim monqol dilində adı belə səslənir. Bütün dünyaya Çingizxanın – böyük fateh və hökmdarın, pərakəndə yaşayan çöl tayfalarını birləşdirərək güclü dövlət quran şəxsiyyətin vətəni kimi tanınır.

Şərqi Asiyada yerləşən Monqolustan Rusiya və Çin ilə həmsərhəddir. Ölkənin iqlimi kəskin kontinentaldır – qışlar sərt və şaxtalı, yaylar isə quraq və çox istidir. Qışda temperatur -35°C-yə, yayda isə +35°C-yə qədər dəyişə bilər. Yağış və qar çox az yağır, əsasən də şimal-qərbdəki dağlıq ərazilərdə müşahidə olunur.

 

 

Əksər insanlar üçün Monqolustan sonsuz bir çöl kimi təsəvvür olunur, lakin bu yanlışdır – ölkənin əksər hissəsi dağlıqdır. Onun ən yüksək zirvəsi Saylügem, Monqol və Cənubi Alatau dağ silsilələrinin qovşağında yerləşən Kuytən Uul (Soyuq zirvə) adlanır. Kuytən Uul-un hündürlüyü 4374 metrdir. Monqolustan dağlarından bir çox çaylar başlanğıc götürür, o cümlədən Selenga, Kerulen, Onon və Xalxin-Qol. Monqolustanda göllər də çoxdur. Onlardan biri — Xubsuqol gölüdür, dərinliyi 238 metrdir və su tərkibinə görə Baykala bənzəyir. Buna görə də onu çox vaxt Baykalın “kiçik qardaşı” adlandırırlar.

Monqolustan və qonşu Çin ərazisindən dünyanın ən təhlükəli səhra zonalarından biri olan Qobi (Susuz yer) səhrası keçir. Qədim dövrlərdə bu ərazi Şamo səhrası kimi tanınırdı.

Monqol torpağı dağ, tayqa, çöl və səhra florası ilə faunasını birləşdirib. Burada qaraçaqla, Sibir şamı, ağcaqayın, itburnu, çaytikanı yetişir. Kollar və otlar arasında qara qarağat, qızılgül, yovşan, saxsavul kimi bitkilər var.

Heyvanlar aləmi vaşaq , marallar, canavarlar, tülkülər, vəhşi dəvələr, keçibuynuzlular, ayılar və antiloplarla təmsil olunub. Adi vəhşi qaz və ördəklərlə yanaşı, burada tez-tez gözəl turnalara da rast gəlmək olar.

Monqolustan çay və gölləri balıqla zəngindir: taymen, lenok, forel və xariusu burada yaşayıb.

Maraqlı fakt: Böyüklüyü 80 kiloqrama çatan yetkin taymeni ovlamaq üçün ABŞ, Yaponiya, Rusiya və Avstraliyadan balıqçılar Monqolustana axışır. Adətən, taymen tutan xoşbəxt balıqçı bir neçə şəkil çəkdirib ovunu yenidən suya buraxır.

 

 

Amma qayıdaq bizim səfərimizə! İstanbuldan uçuş tam 9 saat çəkdi! O zaman çox təəccübləndim — əvvəllər türklər və monqollar necə müharibə aparıblar axı? Onlar nə qədər məsafə qət etməli idilər!

Monqolların özləri məndə çox xoş təəssürat yaratdılar — mehriban, mədəni və dürüst insanlardır. Həmin an anladım ki, bunlar nə vaxtsa Avropaya qədər gedib çıxan və Roma Papasının belə qorxduğu o monqollar deyillər.

Kağan Papa IV İnnokentiyə monqollarla Kilsə arasındakı münasibətlər barədə məktub yazmışdı. Məktubda belə deyilirdi:
“Səmimi qəlbdən deməlisiniz: ”Biz sizin təbəələriniz olacağıq: gücümüzü sizə verəcəyik”. Siz padşahlarınızla birlikdə, istisnasız olaraq, şəxsən gələrək bizə xidmət göstərməli və ehtiram bildirməlisiniz.”

Ümumilikdə isə, şübhəsiz, mənim gördüyüm bu günkü monqollar olmaq daha yaxşıdır! Monqolustan özü də məni geniş əraziləri və ümumiyyətlə, pis olmayan yolları ilə təəccübləndirdi!

Dörd saatlıq avtomobil yolundan sonra biz Gobi bölgəsinə çatdıq — burada məşhur və sirli Qobi səhrası yerləşir. Bu səhrə Asiyanın ən böyük, dünyanın isə üçüncü ən böyük səhrasıdır – sahəsi 1 295 000 kvadrat kilometrdir. Onun yaşı təəccüblüdür – 65 milyon ildir ki, bu səhrada demək olar ki, heç nə dəyişməyib.

“Susuz yer” — Gobi sözünün monqolcadan tərcüməsi belədir. Biz ovumuza elə bu səhranın başlanğıcında başladıq, burada hələ ki təpələrə və bol otlaqlara rast gəlmək olurdu. Burada biz ceyran və həmçinin Qobi keçibuynuzlusu axtarırdıq!

 

 

Maraqlı fakt: Qobi səhrasında çoxlu sayda dinozavr qalıqları tapılmışdır – yırtıcı velosiraptorlartarbozavrlar, ot yeyən protoseratopslar. Ən məşhur paleontoloji tapıntı isə “Döyüşən dinozavrlar” adlanır – bu, torpaq sürüşməsi nəticəsində bir-birinə qısılmış vəziyyətdə tələf olmuş velosiraptor və protoseratopsun qalıqlarıdır.

 

 

Ovun birinci günü ABŞ-dan gələn ovçu dərhal arzuladığı trofeyini əldə etdi. Amma keçibuynuzlunu tapmaq üçün bizə bir neçə gün lazım oldu – hərçənd onları kifayət qədər görürdük, lakin biz məhz yaşlı erkək axtarırdıq.

Monqollar əla təşkilatçılardır – nəqliyyatdan tutmuş, yerləşdirmə, qidalanma və ov prosesinə qədər hər şeyi yüksək səviyyədə təşkil edirlər.

Bu, Monqolustandakı ilk ov macəramız idi, lakin əlbəttə ki, sonuncu olmadı!

 

 

 

Müəllif: Asif İlyasov
Foto: Asif İlyasov