Archive

Azərbaycanlı İlk Qadın Həkim- Sona Vəlixanlı..

Onlar birincilər 

Daim dəyişən həyat yalnız ilk baxışda eyni və darıxdırıcı görünə bilər. Ətrafımıza diqqətlə baxsaq, onun zaman-zaman necə sürprizlər etdiyini və taleləri, “olar” və “olmaz”, “yaxşı” və “pis” haqqında təsəvvürlərimizi necə kəskin şəkildə dəyişdirdiyini açıq-aydın görə bilərik. Hər şeyin bir başlanğıcı olub. Nə vaxtsa qəribə və inanılmaz sayılan, hamının narazılığı ilə qarşılanan şeylər də sonradan həyatın bir hissəsinə çevrilib. Bunu bizim jurnalistik oçerklərimizin qəhrəmanlarının timsalında aydın görmək mümkündür.

Sona Vəlixanlı

Sona İbrahim qızı Vəlixanlı təxminən yüz il ömür sürüb. O, 1883-cü ildə anadan olub. Həmin dövrdə Azərbaycanda yalnız qadınlar yox, kişilər də ali məktəblərdə nadir hallarda təhsil alırdılar və ixtisaslı kadrlar barmaqla sayılacaq qədər az idi. Bu vəziyyət, yeri gəlmişkən, hökumət nümayəndələrini də laqeyd buraxmırdı. Sonradan çarizmin subyektiv məqsədləri barədə nə qədər danışılırsa-danılsın, milli ixtisaslı kadrların hazırlanması zərurəti artıq o zaman həm dövlətin, həm də xeyriyyəçilərin diqqət mərkəzində idi. Azərbaycan da tədricən mədəniyyətin inkişafına və əhalinin ehtiyaclarına qayğı göstərilməsinə töhfə verən mütəxəssislər yetişdirməyə başlamışdı.

Sona xanımın atası İbrahim Rəhim oğlu Rəhimov o xoşbəxt insanlardan biri idi ki, Rusiyanın paytaxtında təhsil almağa göndərilmişdi. O, Yelizavetpol qəzasının Qazax sahəsinə daxil olan Dağkəsəmən kəndində, azərbaycan dili müəlliminin ailəsində doğulmuşdu. Tiflisdəki gimnaziyanı bitirdikdən sonra 1867-ci ildə “Qafqaz tərbiyə alanları” sırasına daxil edilərək dövlət hesabına Moskva Universitetinə göndərilmişdi. Lakin tələbə iğtişaşlarında iştirakına və inqilabi dairələrə yaxınlığına görə İ. Rəhimov bir ildən çox müddətdə Peterburq qalasında saxlanılmış, oraya Moskvadan digər həbs olunanlarla birgə göndərilmişdi. Azad edildikdən sonra isə Rusiyanı tərk etməyə məcbur olmuşdu. Tibb təhsilini Vyanada tamamlamış, daha sonra Xarkova köçmüşdü. Sona da məhz burada dünyaya gəlmişdi.

Sona xanımın bəxti onda gətirmişdi ki, ailəsi onun savadlı bir insan olması üçün əllərindən gələni etmişdi. O, təhsilini İsveçrədə almış, 1908-ci ildə isə Peterburq Qadınlar Tibb Universitetini fərqlənmə ilə bitirərək “həkim” adını qazanmış və Azərbaycanın ilk qadın həkimi olmuşdu.

Vəlixan-Rəhimova ailəsinin yadigarlarını – Sona xanımın qızı Zara və nəvəsi, özü də oftalmoloq olan Eldarın qoruyub saxladıqlarını həyəcanla əlimə alıram. Budur, Sona xanımın pasiyentləri müayinə və əməliyyat etdiyi qədim alətlər, qeyri-adi qədim qutularda qorunub saxlanılıb. Saysız-hesabsız fotoşəkilləri, sinif yoldaşları, həmkarları, tələbələri əks etdirən vinjetləri nəzərdən keçirirəm. Xüsusi ehtiramla onun qədim üslubda cildlənmiş dəftərlərinə – şəxsi qeydlərinə, dünyanın müxtəlif ölkələrində nəşr olunmuş dərsliklərdən hazırladığı konspektlərinə baxıram. Onların bir hissəsi Sona xanımın 1928-ci ildə müdafiə etdiyi dissertasiyanın materialları olmuşdu. Həmin gündən etibarən o, Azərbaycanın ilk qadın elmlər doktoru adına layiq görülmüşdü.

Budur, Sona xanımın tələbələrinə oxuduğu mühazirə qeydləri – o, əvvəlcə Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında professor, daha sonra Həkimləri Təkmilləşdirmə İnstitutunda, daha sonra isə Azərbaycan Oftalmologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdı. Həmişə həmkarları ilə birgə respublika üçün yeni mütəxəssislər hazırlamış, bir çoxlarını elmi araşdırmalara ruhlandırmışdı.

Sona Vəlixanlı haqqında çox yazılıb, onun Azərbaycanın səhiyyə və tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. Onun zəhmətsevərliyi, işləmək bacarığı, həmkarları və xəstələrlə canlı təması, yaradıcılıq enerjisinin tam şəkildə istifadə olunması ona ruh verirdi və onun elmi yaradıcılığının əsasını təşkil edirdi.

Respublikada traxoma xəstəliyi yayılmışdı və Sona xanım həmişə həmkarları ilə birlikdə ən çox ehtiyac olan yerlərdə olurdu. Bu zərif və ziyalı qadın həmişə borcunu, ona ehtiyac duyan xəstələri düşünür, heç vaxt rahatlıq və komfort barədə düşünmürdü. Hətta cüzamlı xəstələrin göz xəstəliklərini müalicə etməkdən çəkinmir, leprozorilərə qədər gedib onların dərdinə əlac etməyə çalışırdı.

Onun əsas xüsusiyyətlərindən biri biliklərini bölüşmək istəyi idi. Tələbələr onu mühazirələrdən sonra uzun müddət buraxmırdılar. O, daim gənc həkimlərə təcrübəsini səbrlə ötürür, xarici ölkələrdən ixtisaslaşmış ədəbiyyatlar gətirərək, dünya elminin yeniliklərini öyrənir və onları həmkarlarına çatdırır, həm də əhalini maarifləndirməyə çalışırdı.

Budur, müharibə illərində boz kağızda çap olunan professor-oftalmoloqun “Şagirdə yaddaş”, “Gözlərini traxoma, konyunktivit və digər xəstəliklərdən necə qorumalı” adlı maarifləndirici broşürləri – insanlara böyük köməklik edən yazılar. Və nə qədər hörmət doğurur Almaniyada 1931-ci ildən etibarən “Oftalmoloji Arxiv” seriyasında alman dilində nəşr olunan Sona Vəlixanlının sanballı elmi əsərləri və digər materiallar. Onları nə şöhrət, nə maddi maraq üçün yazmamışdı – yalnız insanlara faydalı olmaq, xalqına xidmət etmək arzusu ilə.

Yeri gəlmişkən, 77 yaşına qədər qızı ilə birlikdə kitablarla dolu kiçik bir kommunal mənzildə yaşamışdı – halbuki elmi müəssisənin rəhbər heyətində idi. Lakin heç vaxt zahiri uğurların dalınca qaçmamışdı. Çünki belə tərbiyə almışdı və ömrünü də belə yaşamışdı.

Müəllif: Qalina Mikeladze