Fayton

“Milan — Zamanın İçindən Keçən Şəhər” Cəmalə Naxçıvani

 

Milanı ilk dəfə görəndə təəccübümü gizlədə bilmədim. Bu şəhər sanki klassik keçmişlə müasir gələcəyin birləşdiyi canlı bir mozaikadır. İtaliyanın şimalında yerləşən bu moda və sənaye paytaxtı, əslində öz köklərini Roma İmperiyasına qədər aparıb çıxarır. Mənim üçün Milan yalnız dəbdəbəli vitrinlər, dünya markalarının vitrini deyildi – o, daşların, sütunların və səssiz meydanların içində gizlənmiş minillik
bir tarix idi.Gəzintimə şəhərin ürəyindən — Duomo di Milanodan başladım. Kilsəyə doğru yaxınlaşdıqca sanki zaman da mənimlə birgə addımlayırdı. Qotik üslubun ən parlaq nümunələrindən biri olan bu möhtəşəm tikili, 1386-cı ildə inşa olunmağa başlayıb və tamamlanması beş əsr çəkib.Kilsənin fasadındakı incə oymalar, heykəllər və şpililər (zirvə sütunları) qarşısında heyrətlənməmək mümkün deyil.
Mən damına qalxanda isə Milanın düzən şəhər planı, uzaqda Alplara qədər uzanan mənzərə gözlərimin önündə açıldı. Orada, şəhərin səssiz panoraması qarşısında dayanıb, keçmişlə bu gün arasında bir növ körpü qurduğumu hissetdim.

 

 

Sonra addımlarımı Galleria Vittorio Emanuele II-ə yönəltdim. Bu, təkcə alış-veriş məkanı deyil – memarlığın təntənəsi, dəmir və şüşənin harmoniyasının necə bir sənət əsərinə çevrilə biləcəyinin canlı sübutudur. 19-cu əsrin ortalarında inşa olunmuş bu qalereyada hər addımda incəsənət nəfəs alır. Mən burada yalnız vitrinlərə baxmaqla kifayətlənmədim – ayaqlarımı çevirdim, mərmər mozaikanın üzərindəki öküz fiqurunun üstünə sağ topuğumu qoyub döndüm. Deyilənə görə, bu ritualla gələcəkdə Milana qayıtmaq qismət olur.

 

 

Milanın əbədi simvollarından biri də Sforzesco Qəsridir.XV əsrdə Visconti ailəsinin hakimiyyəti dövründə inşa olunan bu qalada mən tarixin sükutla danışdığını hiss etdim. İçərisində yerləşən muzeylərdə isə Mikelancelonun tamamlanmamış “Rondanini Pietà” əsəri ilə qarşılaşmaq,
mənə sənətin nə qədər zamandan və ölümdən üstün olduğunu göstərdi.

 

 

 

 

 

 

Milan yalnız keçmişə deyil, həm də gələcəyə baxır. Bosco Verticale — “Şaquli Meşə” kimi tanınan müasir ekoloji binalar mənim üçün memarlığın necə yaşaya bilən, nəfəs alan bir sistemə çevrilə biləcəyinin nümunəsidir. Beton və şüşə içində ağacların, sarmaşıqların, yaşıl həyatın nəfəs alması məni düşündürdü – şəhərlər dəyişir, amma təbiətlə uyğunlaşaraq.

 

 

Əlbəttə, Leonardo da Vinçinin Milanla əlaqəsini qeyd etməmək mümkün deyil. Santa Maria delle Grazie monastırında yerləşən “Sonuncu Şam Yeməyi” freskini gördüyüm an təriflər, fotolar, kitablar mənasızlaşdı –sənətin canlı qarşısında dayanmaq, onun nəfəsini hiss
etmək tamam başqa bir duyğudur. Bu şah əsərin zamanın axışında necə yaşadığını görmək, məni insan əlinin yarada biləcəyi möcüzələrin həddinə inandırdı.

 

Milanın küçələri, kafeləri, operaları — xüsusilə də La Scala— hər biri öz dilində danışır.Dünya opera sənətinin ən möhtəşəm məbədi, əfsanəvi La Scala teatrı. Əsrlərlə nəfəs alan bu bina təkcə bir teatr deyil, sanki notların, səhnə işıqlarının və böyük sənətkarların ruhunun yaşadığı canlı bir tarixdir.Teatra ilk dəfə daxil olanda, özümü nəinki tamaşaçı, hətta bir sənət hadisəsinin iştirakçısı kimi hiss etdim. Zərif qızılı bəzəklər, məxmər oturacaqlar, salonun heyranedici akustikası — bütün bunlar sanki başqa bir dövrə, romantizmin və klassikanın yüksəldiyi o illərə aparırdı məni.

 

 

Bu məkan təkcə səhnədə deyil, salonun özündə də bir dram, bir musiqi daşıyırdı. Elə bil ki, burada zaman dayanır və sənət sonsuz bir axın kimi səni içində daşıyır.La Scala təkcə bir teatr deyil, o, İtaliyanın mədəni ruhudur. Burada hər nəfəs, hər sükut musiqidən danışır. Mən orada nəinki opera gördüm, mən orada sənətin sehrinə düşdüm. La Scala-nı görmək mənim üçün sadəcə bir səfər yox, mənəvi bir təcrübə idi. Hər bir musiqisevər ömründə bir dəfə bu möcüzəni yaşamalıdır.

 

 

Axşamlar Navigli kanalları boyunca gəzişərkən, suların üzərində əks olunan sarı işıqların altında özümü bir italyan romanının içində hiss
edirdim. Orada hər şey həm çox tanış, həm də sirli idi. Milan mənim üçün sadəcə bir şəhər olmadı. O, keçmişlə gələcəyin, incəsənətlə həyatın, insanla məkanın qovuşduğu bir məbəd idi. Oradan ayrıldığım gün başa düşdüm ki,Milanı bir dəfə görmək kifayət deyil – onu hiss etmək,
anlamaq üçün geri dönmək lazımdır. Və mən qayıdacağam…

 

 

 

 

 

Müəllif : Fortuna Jurnalının Baş Redakt müavini Cəmalə Naxçıvani