Taleh simFoniyası

Üzeyir Hacıbəyov : Həyat, Yaradıcılıq,İrs

 

 

Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanım idi. Atası kənd mirzəsi olmuş, anası isə Əliverdibəyli nəslindən gəlirdi. Ailədə üç oğlan və iki qız övlad var idi. Üzeyirin doğulmasından qısa müddət sonra ailə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və o, burada böyüdü.Gələcək bəstəkarın atası uzun müddət şairə, ictimai xadim və Qarabağ xanının qızı olan Xurşidbanu Natəvanın şəxsi katibi olmuşdur. Bu yaxınlıq Üzeyirin şəxsiyyət və bəstəkar kimi formalaşmasına mühüm təsir göstərmişdir. Anası Şirinbəyim xanım da Natəvanın evində tərbiyə almışdır. Bütün bunlar dahi bəstəkarın yetişməsində ilkin və əsas amillər olmuşdur.Natəvan xanım sayəsində Üzeyir bəy Şuşanın ən yaxşı musiqi məclislərinə və ədəbi-musiqili toplantılarına qatılmaq imkanı qazanmışdır. Gənc yaşlarında muğam dərsləri almış və xalq çalğı alətlərində ifa etməyi öyrənmişdir. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun “Leylinin qəbrində Məcnun” adlı tamaşasında 13 yaşlı Üzeyir xorun tərkibində çıxış etmişdir.Mədrəsədə və iki illik rus-tatar məktəbində təhsil aldıqdan sonra, 1899–1904-cü illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdur. Burada skripka, violonçel və nəfəs alətlərində ifa etməyi öyrənmiş və eyni zamanda tanınmış bəstəkar Müslüm Maqomayevlə (eyni adlı müğənninin babası) tanış olmuşdur. Sonrakı dörd ildə Hadrut və Bakı məktəblərində müəllimlik etmişdir.1909-cu ildə Üzeyir bəy Hacıbəyov Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdur. Onların övladı olmasa da, Məleykə xanım təkcə həyat yoldaşı deyil, həm də onun elmi və yaradıcılıq fəaliyyətinə sadiq dəstəkçi olmuş, bəstəkarın vəfatından sonra onun əsərlərinin nəşrində fəal iştirak etmişdir.

Bəstəkarın ilk məqaləsi 1904-cü ildə “Kaspi” qəzetində dərc olunmuşdur. 1905-ci ildə əvvəlcə Bibiheybət məktəbində, daha sonra “Səadət” məktəbində dərs deməyə başlamış və burada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və rus dilini tədris etmişdir. 1914–1918-ci illərdə “Yeni İqbal” qəzetinin redaktoru və sahibi olmuş, sonra isə “Azərbaycan” qəzetinə rəhbərlik etmişdir. 1918-ci ilin iyun-sentyabr aylarında Azərbaycan opera sənətçilərinin İranın Ənzəli və Rəşt şəhərlərinə səfərinə rəhbərlik etmişdir.1931-ci ildə xalq çalğı alətləri orkestrini, 1936-cı ildə isə dövlət xorunu yaratmışdır. 1938-ci il mayın 7-də Üzeyir bəy partiyaya üzv olmaq üçün ərizə vermişdir. Onun xidmətləri və Azərbaycan KP MK-nın vəsatəti nəzərə alınaraq, Sov. İKP MK onu namizədlik müddəti olmadan partiyaya üzv qəbul etmişdir. Elə həmin il o, Lenin ordeni ilə təltif olunmuş və SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının rektoru təyin olunmuş və SSRİ Bəstəkarlar İttifaqının I qurultayının təşkilat komitəsinə üzv seçilmişdir. Ömrünün son 10 ilində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir. 1943-cü ildə tank kolonunun yaradılması üçün şəxsi vəsaitindən 25.000 rubl ianə etmişdir.1904–1920-ci illər arasında müxtəlif mövzularda 600-ə yaxın məqalə yazmışdır. Lakin sovet işğalından sonra, ömrünün sonuna qədər yalnız 30 məqalə yazmışdır ki, onların da əksəriyyəti musiqiyə həsr olunmuşdur.1947-ci ildə Üzeyir Hacıbəyov şəkərli diabetdən əziyyət çəkməyə başlamışdır. O, əvvəlcə Moskvadakı Kremlin xəstəxanasında müalicə almış, sonra isə Mərdəkandakı dövlət sanatoriyasına köçürülmüşdür. 1948-ci il noyabrın 23-də gecə saat 2 radələrində Bakı şəhərində, “Monolit” binasının dördüncü mərtəbəsində yerləşən mənzilində ürək çatışmazlığından vəfat etmişdir. O, Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

 

 

Üzeyir Hacıbəyov Qərb və Şərq musiqi ənənələrini birləşdirmiş, Azərbaycan xalq musiqisinin elementlərini klassik Qərb musiqi qaydalarına uyğunlaşdırmışdır. Bu metoddan istifadə edərək o, 1908-ci ildə Füzulinin eyniadlı poeması əsasında ilk Azərbaycan operası olan “Leyli və Məcnun”u yaratmışdır. Onun 1909-cu ildə yazdığı ikinci operası “Şeyx Sənan” müəllif musiqisinə əsaslandığına görə fərqli üslubda idi. 1910–1915-ci illər ərzində “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşud Banu” (1911), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) operalarını yazmışdır. Onun ən möhtəşəm əsəri sayılan “Koroğlu” operası 1936-cı ildə yazılmış və 1941-ci ildə Stalin mükafatına layiq görülmüşdür.Ümumilikdə, Üzeyir Hacıbəyov 7 opera və 3 operetta yazmışdır: “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910), “Arşın mal alan” (1913). “Koroğlu” istisna olmaqla, bütün operaların librettoları ona məxsusdur. “Firuzə” adlı tamamlanmamış operası isə sonradan İsmayıl Hacıbəyov tərəfindən tamamlanmışdır.Üzeyir bəy eyni zamanda “romans-qəzəl” adlanan kamera vokal janrını yaratmış, Nizaminin sözlərinə “Sənsiz” (1941) və “Sevgili canan” (1943) əsərlərini bəstələmişdir. O, həm də Azərbaycan opera məktəbinin banisi sayılır. Viktor Vinoqradov “Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi” kitabında yazır:
“…Onun xidmətləri həqiqətən də böyükdür. Təsadüfi deyil ki, Azərbaycanda opera kütləvi musiqi janrına çevrilmişdir…”

 

 

1918-ci ildə Hacıbəyov Azərbaycan Respublikasının Dövlət Himnini bəstələmişdir. 1920–1991-ci illərdə respublika SSRİ-nin tərkibində olduğundan himn səsləndirilməmişdir. Lakin 1930-cu ildə sovet hakimiyyətinin 10 illiyi münasibətilə Üzeyir bəy Azərbaycan SSR üçün yeni himnin musiqisini və sözlərini yazmışdır. Bu himn ilk dəfə 28 aprel 1930-cu ildə səsləndirilmişdir. Bəzən janr baxımından kantata ilə oxşar olduğuna görə “kantata” da adlandırılır. 1944-cü ildə isə o, Azərbaycan SSR üçün yeni bir himn bəstələmiş və bu himn SSRİ-dən ayrılana qədər istifadə olunmuşdur. 1991-ci ildə isə 1918-ci ilə aid əvvəlki himn yenidən dövlət statusu qazanmışdır.Üzeyir Hacıbəyov — Azərbaycan musiqisinin memarı, xalqı ilə notlar vasitəsilə danışan dahi sənətkardır. Onun irsi yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşının təcəssümüdür. Onun doğum günü — 18 sentyabr — hər il Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün təkcə bir şəxsin xatirəsi deyil, həm də milli musiqi sənətimizin zəfəri kimi qəbul olunur.Üzeyir bəyin adı bu gün Bakı Musiqi Akademiyasına (əvvəllər Azərbaycan Dövlət Konservatoriyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə və Bakının bir küçəsinə verilmişdir. Eyni zamanda, mədəniyyət sahəsində xidmətlərə görə verilən dövlət mükafatı da onun adını daşıyır.

 

 

Bəstəkarın xatirəsi heykəllər və muzeylər vasitəsilə də yaşadılır: 1956-cı ildə məzarı üzərində (müəllif: Ömər Eldarov), 1960-cı ildə isə Konservatoriyanın qarşısında (müəllif: T. Məmmədov) abidələr ucaldılmışdır. 1959-cu ildə Şuşada, 1975-ci ildə isə Bakıda onun ev-muzeyləri fəaliyyətə başlamışdır.

Onun həyatı və yaradıcılığı sənədli və bədii filmlərə mövzu olmuşdur: 1976-cı ildə (rejissor: Xəmis Muradov), 1986-cı ildə (rejissor: Zaur Məhərrəmov) sənədli filmlər, 1981-ci ildə isə yazıçı-dramaturq Anarın rejissorluğu ilə “Üzeyir ömrü” bədii filmi çəkilmişdir. Bəstəkarın rolunu Hüseynağa Atakişiyev ifa etmişdir.

Üzeyir bəyin yaradıcılığı beynəlxalq miqyasda da tanınmışdır: onun büstləri Vyanada (2006), Serbiyanın Novi Sad şəhərində (2011) və Şuşada (2021) ucaldılmışdır. 2008-ci ildə YUNESKO-nun himayəsi ilə “Leyli və Məcnun” operasının 100 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. 9 dekabr 2020-ci ildə Sankt-Peterburqdakı bir şəhər bağçasına onun adı verilmişdir.

Bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi mədəniyyət siyasətinin parlaq nümunəsidir. Onların mədəniyyətə və sənət adamlarına göstərdiyi diqqət milli musiqi irsimizin dünyada tanıdılmasına, klassik sənətin qorunub gələcək nəsillərə çatdırılmasına xidmət edir. Üzeyir Hacıbəyovun irsinə verilən yüksək dəyər keçmişə ehtiramla yanaşı, gələcəyə olan inamın da ifadəsidir.

 

Müəllif: Fortuna Jurnalının baş redaktoru Səidə Musayeva