Fortunanın qonağı

Maria Suvorovskaya – “Yeni Zirvələrə Doğru İrəliləmək!”

Bu gün Fortuna jurnalının qonağı – uğurlu, cazibədar, güclü və heyranlıq doğuran bir xanım, yazıçı, ictimai xadim, “Business-Dialog Media”nın baş direktoru, “Russian Business Guide” və “World Business Guide Azerbaijan” jurnallarının baş redaktoru, Moskva ətrafı Jurnalistlər İttifaqı İdarə Heyətinin üzvü, Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının Korporativ Media üzrə Altkomitəsinin sədri, biznes-ledi və üç gözəl övladın anası – Mariya Suvorovskayadır.

Biznes dünyasında çevikliyi, qətiyyəti və uzaqgörənliyi ilə böyük uğurlara imza atmış Mariya Suvorovskaya bizimlə öz enerjisinin sirrlərini və uğurun formulunu bölüşür.

– Siz “Biznes-Dialog Media”nın baş direktoru, Russian Business Guide jurnalının baş redaktoru, Moskvaətrafı Jurnalistlər İttifaqı İdarə Heyətinin üzvü, sahibkar, ictimai xadim, yazıçı və business lady kimi enerjinizi haradan alırsınız? Bu enerjinin sirri nədir?

– Enerjimin sirri optimizmdədir. Hər zaman ən yaxşıya inanmaq lazımdır. Həyat enerjiniz az olsa belə, mütləq müsbət enerji mənbələri tapmağa çalışmalısınız – kitablar, musiqi, uşaqların gülüşü, dostlarla görüşlər, yaradıcılıq, sevdiyiniz şəhərlər… Məsələn, yorulub Bakıya getmək. Abşerona baxmaq və yeni nailiyyətlər üçün enerji toplamaq. Mən Bakını çox sevirəm, bu şəhərdə mənə müsbət enerji bəxş edən saysız-hesabsız məkanlar var. Xüsusilə Dağüstü parkdan Xəzərə baxışı çox sevirəm və çalışıram ki, otel seçimində səhərlər qəhvə içərkən bu möhtəşəm mənzərədən zövq ala bilim. Mən İçərişəhəri, özünəməxsus ab-havası olan mərkəzi küçələrini, Dənizkənarı bulvarı çox sevirəm. Bakıda hər şey mənə xoş gəlir: hər bir rayonun öz cazibəsi, öz gözəlliyi var. Bakıda özümü rahat, xoşbəxt və komfortlu hiss edirəm. Mənim üçün bu şəhər yad deyil. O qədər çox dəfə Bakıya gəlmişəm ki, təyyarədən enəndə elə bilirəm ki, evimə qayıtmışam.

– Uğurlu bir qadın olaraq, qadın sahibkarın portretini təsvir edə bilərsinizmi?

– Sahibkarlığı genderə görə bölməyi sevmirəm. Əgər sən sahibkarsansa, artıq fərq etmir – qadınsan, yoxsa kişi. Sən qərar qəbul etməli və onun məsuliyyətini daşımalısan. Yeganə fərq ondadır ki, qadın həmişə ev ocağı üçün daha çox məsuliyyət daşıyır. Xanımlar həm iş prosesinə səmərəli rəhbərlik etməli, həm də ailədə istiliyi və harmoniyanı qorumalı olurlar.

– Sizin üçün “uğur” nə deməkdir?

– Uğur – bu, insanın öz nailiyyətlərindən razı qalmasıdır. İlk növbədə, özünün. Bu, nüfuzlu şəxslər və peşəkar ictimaiyyət tərəfindən tanınmaqdır. Bu, gördüyün işin və yaratdıqlarının əbəs olmadığını hiss etməkdir.

– Hər bir işdə dönüş nöqtələri olur. Sizin həyatınızda hansı belə məqamlar olub?

– Həyatımda kəskin və çətin bir qərar verməli olduğum bir an oldu. Hər şeyi olduğu kimi saxlamaq, yoxsa yeni zirvələrə doğru getmək? Bu həm karyera, həm də şəxsi seçim idi. Biznesə başlamaq, yeni ünsiyyət dairəsi, yeni çağırışlar… Hamımız müəyyən yetkinlik mərhələlərindən keçirik. Əsas odur ki, çətin dövrlərdə xatırlamaq lazımdır: qara zolaq da bəzən uçuş zolağı ola bilər və günəş hər gün doğur.

– Sizi ən çox nə ruhlandırır?

– Məni ən çox uşaqlarım – qızım və iki oğlum ruhlandırır. Onlar üçün çalışmağa, yaratmağa və özümə yeni iddialı hədəflər qoymağa dəyər.

– Sizin uğur formulunuz nədir?

– Uğur formulu… Yəqin ki, bu, sevgidir. Ailənizi, işinizi sevmək lazımdır. Mən bu fikri Cek Ma-dan götürmək istəyirəm. Nyu-York forumunda çıxış edərkən o, uğurunun sirrini bölüşdü. O qeyd etdi ki, IQ (intellekt əmsalı) və EQ-nun (emosional intellekt) əhəmiyyətinə baxmayaraq, məqsədlərə çatmaqda başqa bir əmsal da böyük rol oynayır – bu da LQ-dur. “Əgər insanların sizə hörmət etməsini istəyirsinizsə, LQ-nuzu artırın,” – deyə Cek Ma söyləyib. “LQ – bu, sevgi əmsalıdır. Bu, maşınların heç vaxt sahib ola bilməyəcəyi bir şeydir.”

Yüksək texnologiyalar dövründə kompüter həmişə yüksək IQ-yə malik bir insandan belə daha sürətli və dəqiq olacaq. Başqalarının emosiyalarını anlama bacarığı da təkbaşına uğur üçün yetərli deyil. Sevgi – insanları maşınlardan fərqləndirən əsas şeydir. Maşının nə qəlbi, nə ruhu, nə də baxış bucağı var. Amma insanın ruhu, öz fikirləri və dəyərləri var. Biz hissləri bölüşməyi, yerində və düzgün sözlər seçməyi və vəziyyətə uyğun reaksiya verməyi bacarırıq. Biz yaradıcı düşünürük və buna görə də maşınları idarə edə bilirik.

– Qərarlarınızda intuisiyanıza əsaslanırsınızmı?

– Emosional biri olsam da, qərarlarımı adətən düşünülmüş, ölçülüb-biçilmiş və vəziyyətin analizinə əsaslanaraq qəbul edirəm. Amma intuisiyamı da heç vaxt nəzərdən qaçırmıram.

– Uşaqlıq arzularınızdan hansını həyata keçirə bilmisiniz?

– Mən kitab yazmağı arzulayırdım. İlk kitabımı altı yaşımda yazmışdım. Bu arzum Allahın köməyi ilə gerçəkləşdi. Qalan arzularımı isə, bəlkə də, ürəyimdə qoruyub saxlayıram.

– Oxucularımız Sizdən nə öyrənə bilərlər?

– Çətin sualdır. Mən daim öyrənən biriyəm. Öz üzərimdə işləyirəm və bu proses heç vaxt dayanmayıb. Ola bilsin, bu özü bir nümunədir – əldə etdiyinlə kifayətlənməmək.

– Sizi ən xarakterizə edən cəhətiniz hansıdır?

– Məqsədyönlülük. Emosionallıq.

– Mümkün uğursuzluqlardan doğan qorxunu necə dəf edirsiniz?

– İdman və dua. Üçüncüsü yoxdur.

Sahib olmaq istədiyiniz bir qabiliyyət varmı?

– Yəqin ki, zamanda səyahət etmək imkanım olsaydı, imtina etməzdim.

– Həyatda hansı çətinliklərlə qarşılaşırsınız və bu çətinlikləri necə dəf edirsiniz?

– Çətinliklər müxtəlif olur. Əsas odur ki, hər xoşagəlməz anın və ya vəziyyətin kökünə enə biləsən. Vəziyyətə ayıq başla baxmaq və problemi mərhələli şəkildə həll etmək lazımdır.

– Tanınmış və istedadlı bir şəxs kimi, öz imkanlarına inanmaqda tərəddüd edən oxucularımıza nə məsləhət verərdiniz?

– Uğura gedən yol – bu, fasiləsiz öz üzərində işləməkdir. Burada nə istirahət, nə də məzuniyyət var. Bu, daimi rəqabət və axtarış yoludur. Bu yolda davam edə bilmək üçün insanda bir yolgöstərən ulduz, böyük bir arzu olmalıdır.

 

 

 

Müsahibəni Fortuna jurnalının baş redaktoru Saidə Musayeva aparmışdır.