
Nərgiz Cəlilova: «Əgər sizə hədiyyə təqdim olunursa, deməli, siz bunu artıq haqq etmisiniz!»
Nərgiz Cəlilovanın ilk dəfə ekranlarda görünməsi həmin dövrün televiziya aparıcısı stereotipini tamamilə dəyişdi. Emosional, gülərüz aparıcı dərhal tamaşaçıların rəğbətini qazandı və bu gün də onun xoş tembrli səsi və təbəssümü Azərbaycanın ən ucqar bölgələrində belə tanınır.

Bu barədə vaxtilə Azərbaycan jurnalistikasının məğrur simalarından biri, ustad Rafiq Hüseynov demişdi ki, “o, ekranlara sadəlik və təbiilik kimi çox güclü bir silah gətirdi”. Onun hesabında çoxsaylı maraqlı verilişlər var.Nərgiz Cəlilovanın son və hazırkı layihəsi – “Pəncərə” adlanır. Bu verilişin məqsədi – ölkənin tanınmış simalarının daşıyıcısı olduğu mənəvi dəyərləri tamaşaçıya çatdırmaqdır. Teleaparıcının sözlərinə görə, o, bu insanlarla söhbət edərkən sadəcə onların əhval-ruhiyyəsini və ətraf aləmə baxışlarını ötürməyə çalışmır. O, bu söhbətlər vasitəsilə hər birimizin içində əks-səda tapa biləcək fikirləri tamaşaçılara çatdırmaq istəyir.
– Mən taleyə, qismətə, bəxtə inanıram. Bu həyatda başımıza gələn hər bir şey yuxarıdan müəyyən olunub. Nə etsən də, vəziyyəti necə dəyişməyə çalışsan da – hər şey necə olmalıdısa, elə də olacaq. Mənimlə də belə oldu…

Hələ uşaqlıqdan ədəbiyyata, musiqiyə və ümumilikdə incəsənətə böyük maraq hiss edirdim. Mən Badamdarda yerləşən 239 saylı tam orta məktəbdə oxumuşam. Ədəbiyyat müəllimim çox güclü bir pedaqoq idi və o, məndə incəsənətə olan sevgini duymuşdu. Elə bilirəm ki, gələcək peşəmə dair ilk vərdişləri də o müəllim, fərqində olmadan, həmin illərdə mənə aşılayıb.
Məktəbdə çox fəal şagird idim: bütün tədbirlərdə iştirak edirdim, şeirlər deyirdim, oxuyurdum. Bir sözlə, geniş auditoriya qarşısında çıxış etməyə alışmışdım. Məktəbi bitirdikdən sonra konservatoriyaya daxil olmağa hazırlaşırdım. Musiqi məktəbini bitirməyə hələ bir il qalmışdı və bu ili itirməmək üçün atamın istəyilə sənədlərimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) verdim və ora daxil oldum. Yəqin ki, bu da tale imiş. Həmin universitetdə mən həyat məktəbi keçdim. ADNSU-dan diplom aldıqdan sonra təyinatla elmi-tədqiqat institutuna göndərildim.
Elə həmin vaxt atam televiziyada aparıcılar üçün müsabiqə elanının verildiyini eşitdi və mənə şansımı sınamağı təklif etdi. Lazımi sənədləri topladım və AzTV-yə yollandım. Maraqlıdır ki, əvvəlcə sənədlərimi qəbul etmək istəmədilər – “bu iş geoloq üçün deyil” dedilər. Amma mən fikrimdən keçmədim, ertəsi gün yenidən sənədlərimi təqdim etməyə cəhd etdim. Nəticədə, üç turdan ibarət seçim mərhələsinin hamısından yüksək ballarla keçdim. Aparıcı olmaq istəyən çoxlu sayda namizəd arasından cəmi iki nəfəri seçdilər – məni və Nailə Uluxanovanı. Beləcə, mən bütün həyatımı həsr etdiyim peşə ilə tanış oldum.
İkinci uğurum isə qızımla bağlıdır. Nərmin heç vaxt televiziya aparıcısı olmaq istəməyib. Deyildiyi kimi, o, “efir insanı” deyil. Məktəbi bitirdikdən sonra Tibb Universitetinin “müalicə işi” fakültəsinə daxil oldu. Qəbul imtahanlarından 610 bal topladı! Mən özüm ona tibb sahəsini seçməyi məsləhət gördüm. Amma qeyd etdim ki, əgər hansısa vaxtda başqa sahə ilə məşğul olmaq istəsə və peşəsini dəyişmək qərarına gəlsə – problem yoxdur! O, öz seçimində sərbəstdir. Nərmin dərslərinə çox ciddi yanaşırdı. Dərsdən sonra kitablarla, konspektlərlə məşğul olurdu. Hazırda qızım Fransada təhsil alır. Hələlik fransız dilini öyrənir, sonra isə həmin ölkədə tibb təhsilinə davam edəcək.

Ümumiyyətlə, özümü həyatda bəxti gətirən insan hesab edirəm. Yolumda yalnız ağıllı, istedadlı və mərd insanlarla qarşılaşıram. Qardaşım və bacımın daim yanımda olmaları və məni hər zaman dəstəkləmələri məni inanılmaz dərəcədə xoşbəxt edir. Axı bu da böyük bəxtdir – qohumlarınla isti münasibətlərə sahib olmaq.
İşə gəldikdə isə, burada mən tam “bəxtəvər”əm. Sevdiyim işlə məşğulam və bu işdən hələ də böyük zövq alıram. Bütün televiziya layihələrim populyarlaşır, çünki hər zaman yanımda peşəkar bir komanda çalışır.
Mən ürəkdən inanıram ki, taleyin hər birimizə həyatda bir neçə dəfə gülümsəməsi mümkündür. Əsas məsələ – həmin gülümsəməni görmək və bəxtini sınamaqdır. Taleyin sizə verdiyi hədiyyələri qəbul edin, imkanlardan istifadə edin, həyatdan daha çoxunu gözləyin və heç vaxt özünüzə “mən buna layiqəmmi?” sualını verməyin. Sadəcə bilin ki, sizin sahib olduğunuzdan daha artığına layiqsiniz. Əgər sizə inanılmaz bir imkan təqdim olunursa, sizə nəsə təklif edilirsə, sizə hədiyyə verilirsə – deməli, siz bunu artıq haqq etmisiniz.
Müəllif: Nərminə Vəliyeva
Arxiv: Fortuna 2012



