Fortunanın qonağı

Kelli Roulend: “Mənim rəfiqəm – Bakı”

Heydər Əliyev Sarayında Amerikanın ən məşhur müğənnilərindən biri olan Kelli Roulendin böyük uğur qazanan konserti baş tutdu.
“Fortuna” oxucularına Bakı tamaşaçısını valeh edən istedadlı amerikalı müğənni və aktrisa ilə qısa eksklüziv müsahibəni təqdim edir.

– Kelli, Azərbaycana dair neft ölkəsi olması xaricində nə bilirdiniz?

– Məsələ ondadır ki, mənim yaxın rəfiqəmin adı Bakıdır və məhz adı ilə əlaqədar olaraq o, hər zaman sizin ölkənizə və şəhərinizə maraq göstərib, bu marağını mənə də ötürüb (gülür). Elə indi də, buraya gələn kimi həm o, həm də hətta anası mənə dayanmadan zəng edib soruşurlar: “Necədir oralar? Bakıda nə maraqlı şeylər var?” Bu arada, bilirəm ki, Azərbaycanda çoxlu qara kürü olur – mən onu sadəcə sevirəm! Ümid edirəm ki, hədiyyəlik, o cümlədən rəfiqəm üçün də bir neçə banka ala biləcəyəm.

– Ölkəmizi və Bakını xəritədə tapdınız? Çox axtardınız?

– Əlbəttə, Azərbaycanın harada yerləşdiyini bilirdim, ona görə də xəritədə tapmaqda çətinliyim olmadı. Bir daha deyim ki, bu da həmin rəfiqəm sayəsindədir.

Photo by Timur Emek

– Bakıya gələndən dərhal sonra Qız qalasını görüb onu yaxından seyr etmək və ora qalxmaq istədiniz. Bəs Azərbaycan musiqisi ilə yaxından tanış ola bildinizmi?

– Mən başqa ölkənin mədəniyyəti və musiqisi haqqında ABŞ-da oturaraq məlumat almağı sevmirəm. Hər şeyi öz gözlərimlə görməyi, qulağımla eşitməyi üstün tuturam. Ümid edirəm ki, Azərbaycan musiqisi və bəzi ifaçılarla tanış olmağa hələ vaxtım olacaq. Azərbaycana dair daha çox şeyi canlı söhbətlər vasitəsilə, eləcə də yerli televiziya və radio vasitəsilə öyrənmək istəyirəm.

– Kelli, sizə yönəlmiş baxışlardan – gözəl qadın kimi, yoxsa məşhur müğənni kimi olanları ayırd edə bilirsinizmi? Hansı baxışlar daha çox olur?

– Əlbəttə, ayırd edə bilirəm – hələ “Destiny’s Child” qrupundakı çıxışlarımdan bəri (gülür). O zaman biz, qrupun solistləri, həm qadın, həm də müğənni kimi diqqət mərkəzində olmağa öyrəşmişdik. Və istərdim ki, mənə müğənni kimi yönələn baxışlar daha çox olsun. Həm də sadəcə müğənni kimi yox. İstəyirəm ki, insanlar məni ilk növbədə güclü qadın və istedadlı insan kimi görsünlər, məndə yalnız gözəlliyi yox, həm də istedadı sezsinlər.

Söhbəti aparan: Vüqar Vüqarlı.

Fortuna arxivi, 2009.