
Time-out Deputat Ülvü Quliyevlə
Yeganə dünya çempionu olan millət vəkili, zövqlü bir kişi, nümunəvi ailə başçısı – bütün bu keyfiyyətlər bir şəxsdə cəmlənib. Fortunanın qonağı – Milli Məclisin deputatı və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevdir.

-Harada dincəlməyi sevirsiniz?
-Azərbaycanda Qəbələ, Oğuz, İsmayıllı kimi istirahət zonalarını sevirəm. Bu yerlərin valehedici təbiəti istirahət üçün çox əlverişlidir.
-Siz daim formada olursunuz, desək, yanılmarıq. Bildiyimə görə, məşqləri də unutmursunuz.
-Bəli, demək olar ki, günüm məşqsiz keçmir. Hərçənd artıq uzun illərdir peşəkar idmandan uzağam, amma orqanizm məşqə öyrəşib, onu tərk etmək istəmir (gülür).
-Yeri gəlmişkən, sizinlə görüşmək üçün zəng etdiyim zaman dediniz ki, ingilis dili ilə məşğulsunuz. Bu o deməkdir ki, boş vaxtınız yaranıb, yoxsa ingilis dili öyrənmək sizin üçün bir zərurətdir?
-Daha çox zərurətdir. Xaricə səfər edərkən dil bilməmək diskomfort yaradır. Həm həyat yoldaşım, həm oğlum (o, Londonda təhsil alıb), həm də Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi olan qızım ingilis dilini mükəmməl bilirlər.
-Bildiyimə görə, oğlunuz da karate ilə məşğul olub və pis nəticə göstərməyib. Bəs niyə idmanı tərk etdi? Sizmi istədiniz?
-Xeyr, bu onun seçimi idi. Mən həmişə övladlarımın həyat yolunu özlərinin seçməsinin tərəfdarı olmuşam.
-Onun üçün kimdənsə nəsə xahiş etdiyiniz olubmu? Məsələn, karate ilə məşğul olduğu vaxtlarda, turnirlərdə iştirak edərkən, sizin himayəniz altında keçirilən yarışlarda?
-(Fikrə gedir.) Bilirsiniz, xeyr. Əksinə, mən məşqçilərdən xahiş edirdim ki, ona qarşı daha tələbkar olsunlar.
-Siz, işinizin xarakteri ilə əlaqədar olaraq, çox vaxt yollarda olursunuz. Maşında hansı musiqiləri dinləyirsiniz?
-Xüsusi bir musiqi seçimim yoxdur, amma Röya, Samirə, Aygün Bəylər, Aygün Kazımova və Ədalət Şükürovun musiqiləri xoşuma gəlir.
-Oğlunuzun toyunda bu ifaçılardan hansını dəvət edəcəksiniz?
-Mən çoxdan qərara gəlmişəm ki, oğlumun toyu sadə olacaq və biz təmtəraqsız keçirəcəyik — nə super ulduzlar, nə də süfrələrin bolluğu olacaq.
-Son vaxtlar respublikada güləş kimi bir idman növü sürətlə inkişaf edir. İdman aləmində bir çoxlarına paxıllıq hissi xasdır. “Ölkənin baş karateçisi” kimi sizdə güləşçilərə qarşı belə bir hiss varmı?
-Xeyr, qətiyyən. Əksinə, onlarla qürur duyuram. Üstəlik, bizim karateçilərimizin də az nailiyyəti yoxdur. Məsələn, son Avropa çempionatında WKF-in ən nüfuzlu versiyası üzrə iki qızıl medal qazandıq. Karateçimiz Rafael Ağayev isə reytinqdə dünyanın birincisidir.
-İndi isə, necə deyərlər, “tutarlı” bir sual. Xalqın nümayəndəsi və ölkənin ali qanunverici orqanında təmsilçisi kimi deyin, bizim ən, yumşaq desək, pis mental xüsusiyyətimiz hansıdır?
-Yəqin ki, odur ki, biz pislərin arasında ən yaxşı olmağa çalışırıq, çətinliyi seçib yaxşıların arasında ən yaxşı olmağa deyil. Bu xüsusilə idmanda, o cümlədən bəzi karate növlərində daha çox nəzərə çarpır.
-Sizdə elə bil hər şey var — insanın arzulaya biləcəyi hər şey. Bəs tam xoşbəxtlik üçün nə çatışmır?
-Zaman. Dəhşətli dərəcədə zaman çatışmazlığı var. Hələ həyata keçirmədiyim çox şeyi reallaşdırmağa vaxtımın qalmamasından qorxuram…
Müəllif: Vüqar Vüqarlı.
Fortuna arxivi, 2011



