
“Roma — Tarixin Sükutla Danışdığı Şəhər” Cəmalə Naxçıvani

Roma — Tarixin Sükutla Danışdığı Şəhər
Roma… bu ad insanın zehnində sadəcə coğrafi bir məkan olaraq canlanmır. O, bir zaman anlayışıdır. O, bir duyğudur. Roma — sanki dünyanın ürəyində döyünən bir yaddaşdır, mədəniyyətin, sənətin, inancın və insan iradəsinin daşlara həkk olunduğu canlı abidədir. Bu şəhər sadəcə keçmişlə dolu deyil,keçmişin özüdür.Roma ilə ilk tanışlığım bir xəyalın gerçəyə çevrildiyi an idi. Təyyarədən enib bu qədim şəhərin küçələrinə qədəm qoyduğum anda anladım — burada nəfəs alan təkcə insanlar deyil, daşlar da, divarlar da, hətta sükut da tarixi danışır. Zaman burada düz irəliləmir, o bəzən dayanır, bəzən geri dönür, bəzən isə əbədiyyətə qarışır.
Səyahətimin ilk dayanacağı Forum Romanum oldu —Roma İmperiyasının ürəyi, qədim dövrün siyasi və ictimai mərkəzi. Burada addımladıqca qədim senatorların müzakirələrinin əks-sədasını, imperatorların təntənəli keçidlərini sanki hiss edirdim.Bütün bu məkan sanki görünməz bir teatr səhnəsi idi, və sən — yalnız tamaşaçı yox, həm də iştirakçısan.Kolizey qarşısında dayandığım anı heç vaxt unuda bilmərəm. O nəhəng amfiteatrın qarşısında susaraq dayandım. Sanki daşlar danışırdı — minlərlə döyüşçünün, tamaşaçının, qələbənin və məğlubiyyətin səsi idi bu səssizlik. Zamanla yarışan insan əlinin şah əsəri idi Kolizey. Və bir də anlayırsan ki, insan zəkası yalnız tikmir — o, iz qoyur.

Pantheonun günbəzinin altında dayandığımda isə qəribə bir dərinlik hiss etdim. Günəş şüası o nəhəng oculusdan içəri süzülərkən daxilimdə bir sükunət doğdu. 2000 il əvvəl bu nəhəng günbəzin tikilməsi sadəcə texniki nailiyyət deyil — bu, bir estetik manifestdir. Tanrıya inancın, insan zəkasının və yaradıcı enerjinin harmoniyasıdır Pantheon.Roma yalnız abidələrdən ibarət deyil. Onun canlı ruhunu hiss etmək üçün Trasteverenin dar və səliqəsiz küçələrinə baş vurmaq yetərlidir. Burada rəngli evlər, pəncərələrdən asılmış çiçəkli dibçəklər, pilləkənlərdə oturub mahnı oxuyan gənclər… Roma burada həyatla nəfəs alır. Bir tərəfdə tarix, digər tərəfdə isə gündəlik yaşam, və bu ikisinin harmoniyası Roma ruhunu formalaşdırır.

Əgər sənət və inanc bir nöqtədə birləşsəydi, o nöqtə San Pietro Bazilikası olardı. Vatikanın ürəyində yerləşən bu möhtəşəm tikiliyə daxil olan kimi başa düşürsən: burada Tanrı ilə insan arasında məsafə yoxdu. Bernininin yaratdığı memarlıq və Michelangelo-nun ruhunu qoyduğu Pieta heykəli…hamısı bir dərsin — səssizliyin, duanın, vəsilənin dərsidir.
Roma — təkcə keçmişin şəhəri deyil, o, yaddaşınncanlı formasına çevrilmiş halıdır. Burada hər daşın,hər küçənin, hər nəfəsin içində bir hekayə var. Bəlkə də ona görədir ki, Roma təkcə heyran etmir — o, insanı dəyişdirir, formalaşdırır, dərinləşdirir.Və mən bilirəm — bu şəhərlə görüşüm bir dəfəlik deyildi. Roma ilə vidalaşmaq olmur. O, bir dəfə girəndə qəlbinə, orada əbədi qalır.
Müəllif : Fortuna jurnalının baş redaktor müavini Cəmalə Naxçıvani



