PR & LiFestyle

Uğurlu Kvizin Sirri

 

14 iyul — Dünyada İntellektual Oyunlar Günü kimi qeyd olunur. Bu kateqoriyaya müxtəlif viktorinalar və turnirlər daxildir. Son onilliklər ərzində ölkəmizdə intellektual oyunlar dedikdə daha çox televiziya verilişləri və real şəraitdə keçirilən bilicilər turnirləri nəzərdə tutulurdu. Lakin son illərdə bu sahədə liderliyi kvizlər ələ alıb.Kviz formatı ilk olaraq xaricdə yaranıb. Əvvəllər kvizlər sadə sual-cavab yarışları olub və əsasən pab, kafe və restoranlarda keçirilən axşam toplantılarının bir hissəsi kimi nəzərdə tutulurdu. Müasir kvizlər isə sürətlə təkmilləşir, müxtəlif auditoriyaların zövqünə uyğunlaşdırılır, daha rəngarəng və çətin olur. Bəzən hətta “Nə? Harada? Nə zaman?” səviyyəsinə yaxınlaşan kvizlərə rast gəlmək olur.Lakin kvizlərin əsas üstünlüyü bu deyil. Ən vacibi odur ki, bu format müasir insanı — daim smartfon və planşetlərə fokuslanmış, öz “qabığına” çəkilmiş insanı — bu vəziyyətdən çıxmağa, bir neçə saatı maraqlı oyun və canlı ünsiyyətdə keçirməyə sövq edir.Bəs kvizə necə auditoriya cəlb etmək olar? Kviz təşkilatçısına bu iş nə verir (gəlirdən savayı)? Bu və bir çox digər sualları cavablandırmaq üçün hazırda şəhərimizdə fəaliyyət göstərən dörd kviz təşkilatçısı ilə həmsöhbət olduq. Onlar öz layihələrinin yaranma tarixindən, formatlarından, auditoriyalarından danışdılar və hər birinin minnətdar iştirakçılardan aldığı ən dəyərli rəylərin nə olduğunu bizimlə bölüşdülər.

 

 

Onların cavabları kviz formatının niyə yalnız bizim şəhərdə deyil, bütün dünyada bu qədər sürətlə yayıldığını başa düşməyə imkan verir. Gəlin Azərbaycanda kvizlərin yayılmasının başlanğıcında durmuş şəxslərlə başlayaq. Bakının və ümumiyyətlə paytaxtın ən qədim kvizi olan və artıq 8 ildir uğurla fəaliyyət göstərən Fibonacci kvizinin yaranma tarixi və üstünlükləri haqqında onun həmtəşkilatçısı Sənan Mahmudov danışır:

— 2016-cı ildə biz Fibonacci adlı şirkəti təsis etdik. Əvvəlcə stolüstü oyun hazırlamağa başladıq, daha sonra mobil oyun da yaratdıq. 2017-ci ildə dostlarımın tövsiyəsi ilə Moskvaya getdim və orada sürətlə populyarlıq qazanan kviz hərəkatını yaxından izləmək və qiymətləndirmək imkanı əldə etdim. Bakıya qayıtdıqdan sonra köhnə dostumla birlikdə kviz yaratdıq. Bizdən əvvəl Bakıda rus dilində restoranlarda təxminən hər 1,5-2 aydan bir intellektual oyunlar təşkil olunurdu. Amma biz bu oyunları həftəlik və mütəmadi keçirməyə başlayan ilk insanlar olduq — həm azərbaycanca, həm də rusca. Öz formatımızı, standartlarımızı yaratdıq, və sonradan açılan digər kvizlər də bizim bu yanaşmanı mənimsədilər.Bu bir françayzinq deyil, tamamilə yerli, “Made in Azerbaijan” brendidir. Fibonacci kvizində suallar müxtəlif formatda və müxtəlif çətinlik səviyyəsində olur. Oyun adətən asan suallarla başlayır ki, oyunçular üçün “daxil olma həddi” aşağı olsun, işdən çıxıb gələn iştirakçılar rahat şəkildə uyğunlaşa bilsin. Sonra isə sualların səviyyəsi tədricən artır.Bu kvizin unikal “özəlliyi” isə aparıcısı — trilinqv (üçdilli) gözəl səsə malik İsmayıl Əliyevdir. Onun səsi, xarizması, intellekti, davranışları və yumor hissi Fibonacci oyunlarının iştirakçılarını hər zaman valeh edir.Əvvəllər bizə əsasən bir dəfə də olsa “Nə? Harada? Nə zaman?” oyununda iştirak etmiş və ya televiziya vasitəsilə intellektual oyunları izləyən insanlar gəlirdi. Daha sonra isə yeni başlayanlar da bizə qoşulmağa başladılar. İştirakçıların orta yaşı əvvəl 30–35 idi, indi də eynidir. Hətta aktiv oyunçular yaşlaşsalar da — indi artıq 40 yaşdan yuxarıdırlar — yenə də oynamağa davam edirlər. Gənclər və tələbələr isə daim qoşulur və çox aktivdirlər.Biz Elmin İnkişafı Fondu ilə əməkdaşlıq müqaviləsi bağladıq və dövlət qurumu üçün rekord sayılan 75% endirim təklif etdik. İndi isə TələbəPlus kartına sahib olan bütün tələbələr oyunlarda iştirak üçün 75% endirim əldə edirlər.

 

Bir sözlə, Fibonacci kvizində hər yaşdan insanlara rast gəlmək olar – intellektual istirahətə üstünlük verən insanlara. Xüsusilə xoşdur ki, məhz biz belə bir əyləncə formatını populyarlaşdırmağı bacardıq və bu format həm şirkətlər, həm də dövlət qurumları üçün maraqlı oldu. Ölkədə yeni bir intellektual-əyləncəli istirahət növü formalaşdı, bu isə paralel olaraq digər tim-bildinq istiqamətlərini də inkişaf etdirdi.Biz artıq bazara yalnız “sual-cavab” formatında deyil, həm də tapşırıq-həll, kvest, biznes-simulyasiya, korporativ olimpiadalar kimi formatlar təklif etməyə başladıq. Həftəlik oyunlarımızda klassik suallar olur, amma korporativ oyunlarda suallar bir qədər sadələşdirilir. Çünki həftəlik oyunlarda mükafatlar, mövsüm çempionluğu və 2025 manatlıq böyük uduş fondu uğrunda mübarizə aparılır, korporativ oyunların əsas məqsədi isə komanda formalaşdırmaq, əməkdaşların ünsiyyətini gücləndirmək, müzakirə və birlik vərdişlərini inkişaf etdirməkdir – bu vərdişlər isə sonradan əsasən korporativ mühitdə faydalı olur.Bir sözlə, biz qürur duyuruq ki, ölkədə elə bir bazar formalaşdıra bildik ki, hər həftə hansısa özəl və ya dövlət qurumu əməkdaşları üçün korporativ kviz sifariş verir. İkiqat sevindiricidir ki, dövlət satınalmalarında sifarişlərdə konkret olaraq belə yazılır: “Fibonacci formatında oyunlar”. Bu isə o deməkdir ki, Fibonacci kvizi ölkədə yalnız tarixcə ilk deyil, həm də ən populyar kvizdir. Hətta markamızın adı “cip”, “ksreoks” kimi epinimə, yəni bu xidmət növünün sinoniminə çevrilib.Hər həftə bizə həm həftəlik oyunlarda, həm də korporativ tədbirlərdə iştirak etmiş insanlardan səmimi təşəkkür və uğur arzuları ilə dolu məktublar gəlir. Amma bizim üçün ən dəyərli və emosional rəy – bir cütlüyün yaxınlaşıb belə deməsidir: “Təşəkkür edirik, biz məhz sizin sayənizdə tanış olduq və ailə qurduq.” Bildiyimiz qədərilə bu cür 10 ailə artıq yaranıb. Məncə, bu, insanın yaşaya biləcəyi ən yüksək emosional zirvədir – öz layihənin insanların həyatına sevinc, xoşbəxtlik və dəyişiklik gətirdiyini görmək.Axı bizim kviz sadəcə oyun deyil – bu, insanların tanış olduğu, dostlaşdığı, birlikdə layihələrə başladığı, bəzilərinin isə ailə qurduğu sosial platformadır.Əslində, biz “oyun” deyil, emosiya satırıq. Ona görə bizim üçün ən gözəl rəy belə səslənir:

“Fibonacci kvizi – bizim ən sevimli kvizimizdir.”
Çünki sevgi – satın alına bilməyən bir dəyərdir.

 

2018-ci ildə Bakıdakı intellektual oyun həvəskarlarının maraq dairəsində yeni bir kviz franşizası — Jack Quiz peyda oldu. Bu layihə qısa müddətdə öz yerini tutmağı bacardı, uğurlu oldu və bu gün də uğurla fəaliyyətini davam etdirir. Xüsusilə də vaxtilə “Zəka klublarıda iştirak etmiş insanlar arasında sevilir. Jack Quizin özünəməxsusluğundan Bakıda bu layihənin həmtəşkilatçısı Vüqar Zeynalov danışır:

— Jack Quiz layihəsi ilk dəfə 2015-ci ilin yanvarında Minskdə (Belarus Respublikası) fəaliyyətə başladı. Layihənin müəllifləri Belarus Televiziyasının “Nə? Harada? Nə zaman?” (NHNZ) klubunun redaktoru Vitaliy Zaxarik, eləcə də təcrübəli oyunçular və təşkilatçılar Sergey Buyan və Olqa Yaroşenko idilər. Hazırda franşizanı Sankt-Peterburqdan Aleksandra Çerkaşina və Dmitri Çernışov inkişaf etdirirlər və bu oyun hazırda Rusiya, Azərbaycan, Qazaxıstan və Belarus şəhərlərində keçirilir. Moskvada və Sankt-Peterburqda bu kvizi aparanlar arasında təcrübəli intellektual oyunçular var: Mixail Mun, Boris Belozyorov, Dmitri Avdeenko, Yuri Filippov, Vladimir Antoxin, Pavel Erşov.Bizim Bakıdakı Jack Quiz 2018-ci il 1 may tarixində fəaliyyətə başladı. O zamanlar Azərbaycanda bu hərəkətlilik hələ yenicə başlayırdı – şəhərdə bizdən başqa cəmi bir-iki kviz vardı. Və məhz bu cür oyun formatı çox az adama tanış olduğu üçün, başlanğıcda bizə uyğun məkan tapmaq çox çətin idi. Çünki kvizin keçiriləcəyi restoranı seçərkən bir çox meyar nəzərə alınmalıdır. Məsələn, zalın genişliyi (bu, iştirak edən komanda sayından asılı olaraq vacibdir), lazımi texniki avadanlıqların – ekran, proyektor və s. – olub-olmaması.Bundan əlavə, restoranla oyunun keçiriləcəyi dəqiq həftə gününü razılaşdırmaq lazımdır. Çünki kvizlər adətən axşam saatlarında və konkret günlərdə baş tutur (bizim Jack Quiz bazar ertəsi günləri keçirilir). Amma lazım olan gün restoran rəhbərliyini qane etməyə də bilər. Bu isə əlavə çətinliklər yaradır…İndi Bakıda həm əhali, həm də restoran menecerləri arasında kviz nədir sualına cavab verə bilən çox adam var. Amma buna baxmayaraq, belə tədbirlər üçün münasib məkan tapmaq hələ də asan deyil. Əvəzində isə uğurlu məkan seçimi kvizə yeni auditoriya cəlb edə bilər, bu da layihənin inkişafında mühüm rol oynayır.

 

Amma qayıdaq konkret olaraq Jack Quiz-ə. Bu kvizi mənim üçün maraqlı edən əsas səbəb ondan ibarət idi ki, sualların formatı və çətinlik səviyyəsi baxımından o, “Nə? Harada? Nə zaman?” oyununa (NHNZ) ən yaxın olanıdır. Axı mən özüm və ətrafımdakı insanların əksəriyyəti NHNZ oyunçularıdır. Məsələn, mən zəkalılar hərəkatına daha 1993-cü ildə qoşulmuşdum, sonralar isə uzun illər “Zəkalılar Klubu”na rəhbərlik etmişdim…Bu franşizanı almaq ideyası məndə o zaman yarandı ki, klubumuzun “Nə? Harada? Nə zaman?” oyunçularından biri — Ruslan Məmmədov, hansı ki o vaxtlar Polşada təhsil alır və işləyirdi, dedi ki, orada bir neçə kvizə gedir, amma ən maraqlısı məhz Jack Quizdir. Mən bu franşizanın sahiblərinin əlaqə vasitələrini tapdım (o zaman onlar hələ Minskdə idilər), onlarla əlaqə saxladım və biz demək olar ki, dərhal razılaşdıq — çünki artıq bir-birimizi tanıyırdıq, axı onlar da Belarus NHNZ oyunçuları idilər.

Fürsətdən istifadə edərək, həm Minskdəki, həm də Sankt-Peterburqdakı həmtəşkilatçılarımız haqqında xoş sözlər demək istəyirəm: onların işi çox peşəkar şəkildə qurulub, bütün müraciətlərə çox tez cavab verirlər, hər cür lazımi şəraiti təqdim edirlər — bu əməkdaşlıqdan çox razıyam.Bizdə suallar orta və orta-çətin səviyyədə olduğuna görə (bəlkə də Bakıda ən çətin kviz sualları bizdədir), Jack Quiz-də əsasən təcrübəli oyunçular toplaşır, iştirakçılar arasında orta və yaşlı nəsil üstünlük təşkil edir. Amma gənclər də var — onları cəlb etməyə çalışırıq, başqa cür də mümkün deyil. Ümumiyyətlə, biz oyun iştirakçılarının maksimal müxtəlifliyini dəstəkləyirik.Jack Quiz-in “fərqləndirici cəhəti” onun idman tipli NHNZ ilə əyləncəli kviz formatı arasında balanslı qarışıq olmasıdır. Xüsusilə final raundu — “Auksion” çox maraqlıdır. Bu mərhələ oyunun nəticəsini tam dəyişə bilər: sonuncu sırada olan komanda sonda ilk üçlüyə düşə bilər. Bu format ekskluzivdir — belə mexanizm heç bir başqa kvizdə istifadə edilmir.Franşizanı fərqləndirən başqa bir xüsusiyyət də budur ki, Jack Quiz-in bütün raundları tematik olur və bu mövzular tamamilə gözlənilməzdir. Bu isə beyin üçün əsl məşqdir. Belə sualların hansı prinsipə əsasən tərtib olunduğunu, yəqin ki, franşiza rəhbərləri daha yaxşı izah edə bilər. Mən onlara bu sualı verdim və belə cavab aldım:

“Bizim suallarımız elə qurulub ki, onların demək olar ki, hamısında məntiqi komponent olur, yəni cavaba düşüncə yolu ilə gəlmək mümkündür. Eyni zamanda müəyyən bilik bazası da tələb olunur — bax, bu da Jack Quiz-in əsas fərqləndirici cəhətidir.”

Mən dəfələrlə belə bir rəyi eşitmişəm: “Sizin kvizdə ən maraqlı suallar olur.” Bu çox xoşdur, çünki mənim fikrimcə, istənilən intellektual oyunun — o cümlədən kvizin — əsası məhz suallardır.

 

 

2024-cü ildə Bakıdakı kvizlər ailəsinə sürətlə populyarlıq qazanan yeni bir layihə qoşuldu — MeetUp-Kviz, hansı ki, daha böyük və çoxşaxəli MeetUp timbildinq layihəsinin tərkib hissəsidir. Bu unikal formatlı kvizin konsepsiyası barədə onun təşkilatçılarından biri — Viktoriya Sosnovskaya danışır:

— MeetUp-Kviz, bizim genişmiqyaslı MeetUp layihəmizin bir hissəsidir və artıq uğurla həyata keçirdiyimiz “Mafiya” oyunları və tematik gecələrin məntiqi davamı kimi yaranıb. İstədik ki, MeetUp təkcə emosiyaları deyil, həm də təfəkkürü inkişaf etdirən bir istiqamətə malik olsun. Kviz formatı isə bizim sevdiyimiz bütün elementləri bir araya gətirdi: yumor, komanda ruhu, oyunun həyəcanı, zalın enerjisi və maraqlı tanışlıqlar.Biz sadəcə oyun deyil, hər kəsin özünü cəmiyyətin bir parçası kimi hiss etdiyi bir atmosfer yaratmaq istəyirdik — istər introvert olasan, istər şəhərdə yenisən, istərsə də daimi iştirakçı. MeetUp-Kviz-in auditoriyası — müxtəlif və güclü insanlardan ibarət canlı bir qarışıqdır, bu da onu unikal edir. Biz elə bir format yaratmışıq ki, “Nə? Harada? Nə zaman?”, digər kvizlər və ya intellektual oyunları heç vaxt oynamamış insanlar da rahat şəkildə qoşula bilirlər. Amma eyni zamanda, çempionat səviyyəsində təcrübəsi olan oyunçular üçün də maraqlı olur.İştirakçıların yaşı əsasən 23–40 arasıdır. Bizə tələbələr, şirkət rəhbərləri, İT mütəxəssisləri, həkimlər, dizaynerlər və başqa peşə sahibləri gəlirlər. Oyunun fərqli insanları necə yaxınlaşdırdığını müşahidə edirik — və məhz bu bizi ən çox sevindirir. Burada təcrübədən çox, oyunun içində olmaq arzusu, dinləmək, təxmin etmək, müzakirə aparmaq, doğru cavaba sevinmək və komanda ilə ümumi dil tapmaq önəmlidir.MeetUp-Kviz sadəcə bir oyun deyil — bu etimad, dostluq və yumor haqqındadır. Və bir dəfə gələn insanlar çox vaxt davamlı iştirakçıya çevrilirlər. Biz franşiza ilə işləmirik. Bütün oyunlarımız orijinal və müəllif işidir, konkret axşam və zal üçün komanda daxilində hazırlanır. Bu da bizə auditoriyaya, məkanın tərzinə, tədbirin formatına və hətta istəsək, hava şəraitinə uyğunlaşmaq imkanı verir.Bizim üçün kviz — quru bilik yoxlaması deyil, emosiya və canlı xarakter daşıyan intellektual əyləncədir. Sualları elə hazırlayırıq ki, dəqiq cavabı bilməyənlər belə prosesin bir hissəsi olduqlarını hiss etsinlər.Bəs suallarımız necə olur? Əvvəla, fərqli çətinlik səviyyəsində — həm yeni başlayanlar üçün maraqlı olsun, həm də “zəkalılar” darıxmasın. Yumorla — orijinal və bəzən sarkastik tərtibatda, gözlənilməz dönüşlərlə, stereotiplərdən uzaq. Məntiqə, müşahidəyə və çevikliyə əsaslanan sualları sevirik — insanları təəccübləndirməyi bacarırıq. Mövzular — həyat və ətrafındakı hər şey: pop mədəniyyət, filmlər, musiqi, həyat hiylələri və gündəlik paradokslar. Əsas məqsəd sadəcə sual vermək deyil, oyuna cəlb etmək, təəccübləndirmək, güldürmək və komanda daxilində dialoq yaratmaqdır.Axı kviz imtahan deyil. Bu elə bir axşamdır ki, yadda qalmalı və “Vay, necə də gözəl keçdi!” hissi yaratmalıdır.Bizim kviz — unikal məhsuldur, gücümüz də məhz bundadır. Biz şablon yox, xarakteri olan oyun yaradırıq. Bu bizim fəlsəfəmizdir.

 

Biz təşkilatçı komanda olaraq üç nəfərik və hər birimizin özünəməxsus güclü tərəfi var. Biri vizual dizayn və marketinqə cavabdehdir, digəri oyunun mexanikasına, üçüncü isə atmosferə, kreativliyə və auditoriya ilə əlaqəyə məsuldur. Birlikdə biz bir-birimizi mükəmməl şəkildə tamamlayırıq. Bəli, bu təkcə komanda deyil – bu, sinergiyadır.

Əlbəttə ki, çətinliklər də oldu. Ən çətini loqistikanı qurmaq idi: güclü bir komanda toplamaq, formatı auditoriyaya uyğunlaşdırmaq, məkanlar və tərəfdaşlarla əməkdaşlığı tənzimləmək. Amma məhz bu çətinliklər sayəsində böyüdük: kviz müəllif layihəyə çevrildi – öz “fəndləri”, yaradıcı sualları və şou elementləri ilə. Bu gün MeetUp-Kviz sadəcə oyun deyil – Bakı mədəni və intellektual həyatının bir hissəsidir. Və biz hələ yolun əvvəlindəyik. Qarşıda bizi daha çox kvizlər, yeni mövzular, formatlar, tərəfdaşlıqlar və parlaq emosiyalar gözləyir.

MeetUp-Kviz-in əsas “fəndi” — onun şou-formatıdır, yəni intellektual oyun tamhüquqlu əyləncə və istirahət axşamına çevrilir. Biz klassik kviz çərçivəsindən kənara çıxırıq və parti atmosferi yaradırıq. Fasilələr zamanı canlı çıxışlar olur – səhnəyə müğənnilər, DJ-lər və musiqi qrupları çıxır. Biz oyun həyəcanını rəqs meydançasının enerjisi ilə birləşdiririk və iştirakçılara təkcə suallara cavab vermək deyil, həm də iş günündən sonra stress atmaq imkanı veririk.

İnsanlar bizə təkcə oynamaq üçün yox, yenidən enerji toplamaq, əylənmək və rəngarəng bir cəmiyyətin bir hissəsi olmaq üçün gəlirlər. Bu təkcə biliyə deyil, əhval-ruhiyyəyə də aiddir. Elə buna görə də MeetUp-Kviz — sadəcə oyun yox, hər kəsin səbirsizliklə gözlədiyi bir axşamdır.

İnsanlar yenidən və yenidən gəlir, dostlarını da özləri ilə gətirirlər — bu isə bizim üçün həqiqətən dəyərli bir şey yaratdığımızın ən yaxşı sübutudur. Bizə dediklərində ki, “Sizdə sadəcə kviz yox, əsl hadisə var, ora dostlarını dəvət etmək istəyirsən” — bu, bizim üçün ən böyük tərifdir.

 

 

Yaxın keçmişdə, elə bu yay Bakının əyləncə səhnəsinə sürətlə daxil olan daha bir məşhur françayzinq layihəsi — Mozgoquiz oldu. Onun Bakı üzrə həmtəşkilatçısı Orxan Abdullayev, intellektual oyun sevərləri bu kvizdə nə gözlədiyini və ümumiyyətlə, niyə kvizlərin ənənəvi bilicilər klublarını demək olar ki, sıradan çıxardığını izah edir:

— Mən Mozgoquiz françayzinqini almağa qərar verəndə artıq bu sahədə müəyyən təcrübəm var idi. Daha 2018-ci ildə “Kinoliqa” adlı ilk kvizimi başladım. O zamanlar bu sahə — yəni sırf kino temalı kvizlər — Bakıda boş idi, ona görə də bu mövzunu seçdim. Yeri gəlmişkən, “Kinoliqa” bu gün də yaşayır, ara-sıra oynayırıq. Amma indi artıq Mozgoquiz françayzinqinə sahibəm. Suallar françayzerlər tərəfindən göndərilir, mənim fikrimcə, çətinlik dərəcəsinə görə ideal nisbətdə bölünüb: 50% asan, 30–40% orta və 10–20% doğrudan da çətin suallardır.

Bu françayzinqi seçməyimin səbəbi — Mozgoquiz ilk oynadığım kviz idi. Bu, 2015-ci ildə Berlində olmuşdu. O vaxtdan kvizləri sevdim. Fürsət düşdü və françayzinqi aldım. Kvizin təşkili çox maraqlı bir işdir, amma çətinlikləri də var. Əslində, hər bir sahədə olduğu kimi. Məsələn, hələ “Kinoliqa” dövründə başa düşdüm ki, kvizin təşkilində əsas məsələ — uyğun məkan tapmaqdır. Hər restoran bütün zalını kvizə vermir, ona görə də ən optimal variant — ayrıca qanadı və ya mərtəbəsi olan məkanlardır ki, oyunun keçirildiyi vaxtda ora tam bağlansın. Təbii ki, restoranın kvizə münasibəti çox hallarda kviz iştirakçılarının burada buraxdıqları məbləğdən asılı olur. Amma ümumilikdə, belə tədbirlərin auditoriyası 30–50 yaş aralığında olur. Yəni, tələbələr deyil, maksimum ödəmə qabiliyyətinə malik olan insanlar, onlar aktiv şəkildə yemək və içki sifariş edirlər.

Burada bir məqama da toxunmaq istərdim: kvizlərin Bakıda meydana çıxmasından əvvəl nələr baş verirdi? Uzun illər — demək olar ki, ölkəmiz müstəqillik qazandığı gündən — Azərbaycan intellektual auditoriyası “Nə? Harada? Nə zaman?” (NHNZ) oyununu oynayırdı. Mən özüm də, hələ məktəbli ikən, bu hərəkata 2003-cü ildə qoşuldum — o zaman NHNZ öz populyarlığının zirvəsində idi.

Burada mən təkcə “Nə? Harada? Nə zaman?” oyununu nəzərdə tutmuram, həm də ənənəvi bilicilər oyunlarının hamısını — “Brain-Ring”, “Öz oyunun” və sair. Bu oyunlar üzrə rəsmi turnirlər, çempionatlar keçirilirdi. Yəni söhbət ümumilikdə intellektual oyun fəaliyyətindən gedir.

Beləliklə, bilicilər hərəkatı — Azərbaycanda 25 ildən çox fasiləsiz maraq doğurmuşdu. Rəsmi qeydiyyatdan keçmiş bir neçə intellektual oyun klubu ilə yanaşı, Bakıda bir çox həvəskar NHNZ klubları da fəaliyyət göstərirdi — həm ali təhsil müəssisələrində, hətta bəzi orta məktəblərdə də. Amma təxminən 10 il əvvəl — bəlkə bir qədər az — vəziyyət dəyişməyə başladı. Ənənəvi bilicilər klublarının populyarlığı tədricən azalmağa başladı. Məhz o zaman Bakıda ilk kvizlər yaranmağa başladı.

Maraqlıdır ki, əvvəllər bilicilər klublarında oynamış insanlar kvizlərdə iştirak etməyi prinsipial olaraq istəmirdilər — yəqin ki, buna səbəb bilicilərə xas olan snobluq və elitar düşüncə tərzi idi (demişkən, “həqiqəti gizlətmək olmaz”).

 

Amma illər keçdikcə Bakı kvizləri NHNZ klublarını sıxışdırmağa başladı. Maraqlısı odur ki, kvizlərin daimi iştirakçıları arasında intellektual oyunların rəsmi klublarının bir çox üzvü də var. Bəs bu necə baş verdi? Məncə, kvizlərin bu qədər populyarlaşmasında iki əsas amil mühüm rol oynayıb.

Birincisi, kvizlər daha geniş auditoriya üçün əlçatan əyləncə təklif etdilər, çünki buradakı suallar NHNZ klublarındakı mürəkkəb, çoxqatlı suallardan xeyli asandır. İkincisi isə, kvizlər insanlara “acqarına” yox, komfort şəraitdə oynamaq imkanı yaradır. NHNZ oyunları, məsələn, heç vaxt kafe və restoranlarda keçirilmir. Çünki orada, gəlin açıq danışaq, oturub pivə içmək olmur – axı yeməkdən və spirtli içkidən sonra koqnitiv qabiliyyətlər zəifləyir, komandada isə cəmi 6 nəfər olur və hər biri çox önəmlidir.

Kvizlərdə isə bu məhdudiyyət yoxdur, komandalarda iştirakçı sayı təxminən 10 nəfərə qədər artırılıb. Bu isə o deməkdir ki, insanlar həm oynaya, həm də ləzzətlə yeyib-içə bilirlər. Beləliklə, indiki kviz auditoriyası oyun təcrübəsi baxımından olduqca qarışıqdır: burada həm NHNZ klublarının keçmiş üzvləri, həm də heç bir intellektual oyun təcrübəsi olmayan sıravi iştirakçılar var.

Ən maraqlısı isə budur ki, “Nə? Harada? Nə zaman?” təcrübəsi kvizlərdə hər zaman üstünlük qazandırmır, çünki bu oyunların spesifikası tamamilə fərqlidir.

Mənim təşkil etdiyim kviz – hamı üçündür. İstənilən adam gələ, iştirak edə və müəyyən sayda sualı düzgün cavablandıra bilər. Və ən xoşu da odur ki, iştirakçılar deyirlər: “Bu kvizin ab-havası çox isti və doğmadır.”

Əgər kimsə mənə “sənin kvizinin özəlliyi nədədir?” sualını versə, mən belə cavab verərdim:
“Mənim kvizimin əsas fərqi – ora gələn insanlardadır.”

 

P.S.

Hər hansı hobbinin populyarlığını onun nə qədər gəncləri və uşaqları cəlb etməsi ilə də ölçmək olar. Kvizlərin böyük məşhurluğuna baxmayaraq, ənənəvi intellektual oyunlar hələ də Bakıda uğurla davam edir. Bunun parlaq nümunəsi — Caspian Plaza binasında yerləşən Art & Creativity Club-da keçirilən “Nə? Harada? Nə zaman?” kursudur. Bu, əslində ən gənc bilicilər üçün fəaliyyət göstərən bir klubdur.

Burada 9 yaşdan yuxarı uşaqlar və yeniyetmələr “Nə? Harada? Nə zaman?” kursunda iştirak edirlər. Oyunlar və mühazirələr bir neçə dildə, o cümlədən ingilis dilində aparılır. Bu, nəzəriyyə ilə praktikanın maraqlı birləşməsidir və şagirdlərin dünyagörüşünün genişlənməsinə, təfəkkürlərinin inkişafına kömək edir.

Gənc bilicilər burada məntiqi təfəkkürü və yaradıcılığı inkişaf etdirən tapmacalar, məntiqi məsələlər və bulmacalar həll edir, elm, incəsənət, idman və digər sahələrlə bağlı biliklər qazanır, eyni zamanda komanda şəklində işləməyi öyrənirlər. Onlara bu yolda “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun sahibləri olan peşəkar mütəxəssislər dəstək göstərirlər.

Art & Creativity Club üzvləri bu klubun öz turnirlərində iştirak etmək hüququna malikdirlər, həmçinin ölkə səviyyəsində keçirilən yarış və çempionatlara da qatılırlar.

Qeyd edək ki, 2024-cü ilin dekabrında klubun 6 və 7-ci sinif şagirdlərindən ibarət komandaları məktəblilər arasında keçirilən “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan çempionatında iştirak edərək seçmə mərhələlərdə və finalda 1-ci və 2-ci yerləri qazanıblar.

Yeni zirvələrə doğru irəliləyən Art & Creativity Club məktəbliləri vaxtlarını səmərəli keçirməyə, yeni bacarıqlar əldə etməyə və intellektual oyunlara marağı olan dostlarla tanış olmağa dəvət edir.


 

 

 

 

 

Müəllif: Nailə Bənnayeva