
“Budapeşt: Dunay Sahilində Tarixin və Zərifliyin İzləri”

Bəzən bir binaya baxmaq kifayətdir ki, bir şəhərin ruhunu duyasan. Qarşımda ucalan bu möhtəşəm tikili, sanki daşdan toxunmuş bir şeir idi. Günəş şüaları yavaş-yavaş dam örtüyünə, incə oymalı sütunlara yayılırdı. Hava o qədər təmiz və parlaq idi ki, sanki göy üzü də bu mənzərəni heyranlıqla izləyirdi. Budapeşt öz zərifliyini təkcə memarlığında yox, həyat tərzində də göstərir. Küçələrdə dolaşarkən insan özünü heç bir plana sığmayan, sərbəst axan bir musiqinin içində hiss edir. Səhərlər kafelərdən yayılan təzə çörək və qəhvə qoxusu, axşama yaxın isə açıq havada çalınan skripka sədaları Budapeştin gündəlik melodiyasını yaradır.

Macarıstanın paytaxtı Budapeştdə yerləşən məşhur Parlament binası (Országház) Avropanın ən gözəl parlament binalarından biri hesab olunur və şəhərin əsas simvollarından biridir. İşıqlar altında parlayan bu möhtəşəm bina sanki dəniz kənarında ucalan bir saray təsiri bağışlayır.Dunayın səthində əks olunan bu siluet insanı xəyallara aparır, vaxtın durduğu bir an yaşadır.Budapeşt yalnız monumental abidələrlə deyil, gizli həyətləri, incə oymalı qapıları və yaşıl parkları ilə də heyrətləndirir. Gözlənilmədən qarşına çıxan köhnə kitab mağazaları, rəngarəng balkonlar, divarları yasəmənlə örtülmüş dar keçidlər — Budapeştin hər küncündə bir hekayə yatır.

Məşhur Margit adası isə şəhərin ən yaşıl nöqtəsidir.Çiçəklərlə dolu parkları, qaçış yolları və sakit küncləri ilə bura həm yerli sakinlər, həm də qonaqlar üçün yenilənmək ,istirahət üçün ideal bir yerdir. Burada velosiped sürərkən ya da sadəcə skamyada oturarkən,Budapeştin öz yavaş ritmini necə sevdiyini daha dərindən hiss edirsən.

Budapeştin mərkəzində yerləşən Müqəddəs İştvan Bazilikası isə şəhərin dini və memarlıq möcüzəsidir. Nəhəng qübbəsi, mozaikaları və zəngin detallar insanı valeh edir. Burada günəş şüaları içəri süzülərkən yaranan işıq oyunları Budapeştin ruhundakı dərinliyi əks etdirir. Budapeştin gecələri isə öz başına ayrıca bir səhnədir. Qozdu Passage adlı həyətlər kompleksi gecə həyatının mərkəzidir.

Rəngli işıqlar, canlı musiqi, küçə sənətçiləri və müxtəlif dadlar burada toqquşur. Budapeşt gecələrində vaxt sanki əriyir, insan özünü sadəcə axına buraxır.Zəncir körpüsü (Chain Bridge) isə şəhərin simvollarından biridir.Zincir Körpü Budapeştin simvoluna çevrilmiş tarixi möcüzədir. Bu körpü, 19-cu əsrdə Tuna çayı üzərində qurulan ilk daimi keçid olaraq, şəhərin iki hissəsini – Buda və Peşti birləşdirir. Həm mühəndislik bacarığı, həm də estetik gözəlliyi ilə dövrünün avanqard əsərlərindən biri sayılır. O, sadəcə körpü deyil – zamanın, birliyin və iradənin rəmzidir. Gecə işıqları altında bu körpüdən keçərkən, həm qədim qala divarlarını, həm də qarşı sahildəki sakit işıqları izləmək bəlkə də həyatın ən sadə, amma ən dəyərli anlarından biridir.


Buda Qalasının qarşısında dayananda ilk baxışdan onun möhtəşəmliyi adamı təsiri altına alır. Hər daşında keçmişin izi, hər divarında tarixin səsi duyulur. İçəri daxil olduqca Budapeştin neçə-neçə əsrlik yaddaşı ilə üz-üzə qalırsan. 13-cü əsrdə inşa olunan bu qala, bu gün də şəhərin mərkəzində tarixlə bu günün qovşağı kimi dayanır.

Matyaş Kilsəsi Budapeştin ən tanınmış dini və tarixi abidələrindən biridir. 13-cü əsrdə inşa olunmuş bu kilsə, illər ərzində müharibələr, dəyişikliklər və yenidənqurmalarla bir çox tarixi mərhələnin şahidi olub. Burada Macar krallarının tacqoyma mərasimləri keçirilib, bu isə onu ölkə tarixində xüsusi bir yerə çevirib. Neoqotik üslubda yenidən qurulan kilsənin rəngarəng dam örtüyü və incə vitrajları ilk baxışdan diqqət çəkir. İçəri daxil olanda tarixi dərinlik insana dərindən təsir edir. Matyaş Kilsəsi təkcə ibadət məkanı deyil, həm də Budapeştin keçmişi ilə bu günü arasında canlı bir körpüdür. Onu ziyarət etmək, sadəcə bir memarlıq əsərini görmək deyil, Macarıstan tarixinin içində addımlamaq kimidir.

Budapeşt mənə öyrətdi ki, gözəllik bəzən böyük abidələrdə yox, dar küçənin kölgəsində gizlənən bir rəsm əsərində, səhər oyananda pəncərədən gələn çiçək qoxusunda yaşayır.Budapeşt, öz poetik sükutu ilə insanın içinə toxunan, onu sakitləşdirən və düşündürən bir şəhərdir. Budapeştdən uzaqlaşanda anladım ki, buradakı hər an, hər nəfəs artıq yaddaşımın dərinliyində yaşayır. Ürəyimdə yüngül bir titrəmə, sanki şəhərin sakit səsi hələ də qulağımda çalınırdı. Burada qazandığım duyğular, baxdığım mənzərələr, eşitdiyim musiqilər indi məni daha zəngin və daha sakit bir insana çevirmişdi.

Müəllif : Fortuna jurnalının baş redaktor müavini Cəmalə Naxçıvani



