
Azərbaycanın Alban Kilsələri: Əsrlərin Dualarını Özünə Hopdurmuş Divarlar
Azərbaycan rəssamlıq məktəbinin naxışları ilə bəzədilmiş və mərmər günbəzlərlə örtülmüş, Bakı şəhərinin Mirzə Fətəli Axundzadə küçəsində yerləşən Təzəpir məscidi bir çoxlarına yaxşı tanışdır. Xəzər dənizinə açılan mənzərəli görüntüsü ilə şəhərin mərkəzində Məryəm Ananın heykəli ucalır, o, başını Katoliklərin Müqəddəs Məryəm Ana Kilsəsinin girişində ehtiramla əyib. Paytaxtın Nəsimi rayonunda isə eyni dərəcədə əzəmətli şəkildə Bakı Dağ Yəhudiləri Sinaqoqu inşa edilib.
Çoxsaylı islam məscidləri, yəhudi sinaqoqları və xristian kilsələri – uzun illər əvvəl inşa olunmuş və bir neçə dəfə bərpa edilmiş bu tikililər təkcə dünyəvi respublikanın sosial statusunu deyil, eyni zamanda tolerant şəkildə qəbul edən və ehtiramla qoruyan bir mədəniyyəti əks etdirir. Azərbaycanın kilsələri arasında alimlərin, tarixçilərin və turistlərin daim diqqətini cəlb edən qədim ibadətgahlar da var: Alban kilsələri.

Alban məbədləri ölkə ərazisində bir neçədir – Kəlbəcər rayonundakı Gəncəsər və Xudavəng monastırları, Şəki şəhərinin Kiş kəndindəki kilsə, Qəbələdəki Cotari məbədi, Qazaxda yerləşən Avey məbədi, həmçinin Qax şəhərindəki Ləkit, Qum və Gürmük monastırları. Bu məbədlərin maraq və heyranlıqla əhatə olunması heç də təsadüfi deyil: məhz bu ibadətgahlar xristianlığı qəbul etmiş qədim dövlət olan Qafqaz Albaniyasının memarlıq abidələridir. Onları ucaldan Azərbaycan şəhərləri və rayonları isə bu torpaqların əsrlər boyu daşıdığı zəngin tarixin qoruyucularıdır.

Din və ədəbiyyat – bunun nümunələri olan dini memarlıq abidələri, Qafqazda xristianlığın ilk təbliğatçısı sayılan tarixi şəxsiyyət Müqəddəs Yelisey və qədim alban dilində aparılmış yazılı mənbələr (hansıların ki, əksəriyyəti sonralar təəssüf ki, XIX əsrdə I Nikolayın fərmanı ilə Alban kilsələrinin erməni qriqoryan kilsəsinin tabeliyinə verilməsi nəticəsində “erməniləşdirmə” prosesi zamanı məhv edilmişdir) bu zənginliyə dəlalət edir.

Məsələn, Şəki şəhərinin Kiş kəndində yerləşən kilsə alimlər tərəfindən XII əsrə aid edilir və bu günə qədər dini baxışlarından və etiqadlarından asılı olmayaraq, həm Azərbaycanda yaşayan, həm də ölkə xaricindən gələn turistlərin maraq mərkəzindədir.

Şəkinin Kiş kəndində yerləşən kilsə yonulmuş kvadrat daşlardan tikilmiş və altı dar pəncərə ilə əhatələnmiş dairəvi apsida ilə tamamlanmışdır. Bu məbəd Azərbaycan dövləti tərəfindən diqqətlə qorunur və formasının saxlanması üçün zəruri hallarda bərpa olunur.

Şəki rayonunda yerləşən Orta Zəyzid kəndindəki Alban məbədi ümumiyyətlə altıncı–yeddinci əsrlərə aid edilir və bir o qədər diqqətlə hökumət tərəfindən qorunur. Region sakinləri bu monastırlara xüsusi ehtiramla yanaşırlar, çünki bu məbədlər sadəcə inancın simvolu deyil. Bu məbədlərdə keçmiş əsrlərin və sivilizasiyaların səsləri eşidilir, bu daşlar – tarixə, köklərə, başlanğıca toxunuşdur.
Erməni işğalından yeni azad olunmuş Dağlıq Qarabağın Kəlbəcər rayonunda yerləşən Gəncəsər və Xudavəng monastırları Azərbaycanın ən mühüm xəzinələrindəndir və sıx Kəlbəcər meşələri ilə əhatə olunub.

Təbiətlə vəhdətdə olmaqla yanaşı, bu monastırlar ölçüləri ilə də insanı heyran edir: kilsələrin hündür qala divarları yeməkxanalar, kitabxanalar, zəng qüllələri və hətta kilsə bağları ilə yanaşı yerləşir. Kilsələrin günbəzləri oyma naxışlarla bəzədilib, xarici divarları isə Müqəddəs Kitabdan səhnələrin təsvir olunduğu barelyeflərlə zinətlənib.



Bu məbədlərin hər birinə edilən ziyarət – bir yüksəlişdir, sadəcə bir keçid deyil. Dağ təpələri ilə ucaldılmış bu qədim memarlıq komplekslərinin divarları əsrlərin dualarını və ilahi ruhu özündə cəmləmişdir.
Azərbaycanda bu qədər ehtiramla qorunan və sevilən Albaniya kilsələrinin ziyarəti təkcə turistik əyləncə və ya tarixi bir səyahət deyil. Bu, köklərə qayıdış, ucalığa yaxınlaşma və onun bir parçası olma deməkdir. Belə bir xəzinəni isə redaksiyamız sizinlə bölüşməyə bilməzdi.
Müəllif: Nuray Orucova



