
“Uğurun Əsas Açarı – Dürüstlük, Fərqlilik və Daxili Güvəndir.”- Dr.Nurlana Miabi

Gözəllik dünyasında hər inqilab yeni bir səhifə açır. Bu səhifəni yazan isə ənənəvi metodları yanaşı, eyni zamanda innovativ, elmi əsaslarla qurulmuş yanaşmaları həyata keçirən qabaqcıl mütəxəssislərdir. Dr. Nurlana Miabi – məhz belə inqilabçı qadınlardan biridir.O, estetik kosmetologiyanın sərhədlərini genişləndirərək, dərinin təbii strukturlarını qoruyub saxlayan və bərpa edən unikal bir konsepsiya irəli sürüb: “Babyface” metodu. Bu metodun əsas prinsipi sadədir, amma təkrarsızdır – yəni, iynəsiz, botoksuz, dərini zərərsizləşdirilmədən yeniləmək.Dr. Nurlana xanım illər boyu həm tibbi, həm də estetik biliklərini birləşdirərək, dərinin yenilənməsində qeyri-invaziv, amma effektiv üsullar yaratdı.Bu metodlarla Nurlana xanım, qadınların, təbii gözəlliklərini qoruyub saxlamaq, onları daha sağlam və parlaq üz ifadəsi ilə təmin etmək məqsədilə dünya estetikası sahəsində yeni standart yaratdı.
-Nurlana xanım, Siz həm zərif, həm də güclü bir xanım kimi tanınırsınız. Gözəlliyə olan həssas münasibətiniz də bunu əks etdirir. Bəs Sizin üçün “gözəllik” nə ifadə edir?
– Mənim üçün gözəllik ilk növbədə qadının üzündəki səadətin görünməsidir. Amma bu səadət təkcə dərinin təravəti və ya üzdəki hansısa dəyişikliklə ifadə olunmur. Əsl gözəllik – qadının gözlərindəki parıltı, baxışlarındakı işıq və daxili enerjisidir. Bu, həm xarici görünüşün, həm də daxili harmoniyanın göstəricisidir. Mən gözəlliyi hər zaman təbiilikdə axtarıram. Yəni xanımın üz cizgilərini, fərdi zərafətini dəyişmədən, onun özünəməxsus şarmını və ifadəliliyini qorumaq – mənim üçün ən ali gözəllik anlayışıdır.
– Estetik kosmetologiya sahəsinə marağınız necə başladı və “Babyface” kimi innovativ bir metodu yaratmaq ideyası haradan yarandı? Bu prosedurun arxasında hansı təcrübə və mesaj dayanır?
– Uzun illər üz-çənə və göz cərrahiyyəsi sahəsində fəaliyyət göstərmişəm və bu sahələrdə qazandığım biliklər mənə insan üzünün anatomiyasını dərindən öyrənmək imkanı verdi. Bu təməllə silahlanaraq kosmetologiyaya keçidim təsadüfi olmadı – əksinə, elmi yanaşma və qadınlara yenilik təqdim etmək arzusu məni bu sahəyə yönləndirdi. Beləliklə, on iki il əvvəl “Babyface” metodikasının əsasını qoydum. Bu yanaşma sadəcə dəriyə qulluq deyil, bir fəlsəfədir – qadına öz təbii gözəlliyini qoruyaraq makiyajsız belə özünə inam hissi qazandırmaq məqsədi daşıyır.
Təsadüfi uğurlara inanmıram. “Babyface” — uzun illərin təcrübəsi, elmi araşdırmalar və xarici mütəxəssislərlə iş birliyinin nəticəsidir. İranın nüfuzlu klinikalarında 9 il ərzində çalışarkən Kanadadan gələn dermatoloqlarla bilik mübadiləsi aparmaq şansım oldu. Kremlərin tərkibi, aktiv maddələrin sinergiyası, farmasevtika üzrə dərin biliklər bu metodikanın əsasını formalaşdırdı. “Babyface” sırf mənə məxsus bir “know-how” olaraq, inyeksiyasız, iynəsiz, cihazsız və əks-göstərişsiz həyata keçirilən unikal prosedurdur. ƏMTƏ nişanı da mənə məxsusdur və bu prosedur 14 yaşdan 65 yaşa qədər fərqli dəri tipləri və ehtiyacları üçün fərdi proqramlarla tətbiq olunur.
Kremlər tamamilə orqanik tərkiblidir və nəticə çox zaman ilk seansdan etibarən aydın görünür. Xanımlar güzgüyə baxıb “bu, möcüzədir” deyəndə, bu sözlər on iki illik zəhmətimizin ən gözəl bəhrəsidir. Mənim üçün bu, sadəcə estetik uğur deyil — qadınların özlərini yenidən kəşf etməsinə və inamla baxmalarına töhfə verməkdir.

– Öz brendinizi yaratmaq böyük cəsarət və vizyon tələb edir. Bu markanı formalaşdırarkən əsas hədəfləriniz və dəyərləriniz nələr oldu?– Mənim üçün bir markanı formalaşdırarkən ilk və dəyişməz prinsip dürüstlükdür. Xüsusilə də pasientlə münasibətdə dürüst olmaq hər şeydən önəmlidir. Bu, yalnız prosedur zamanı göstərilən münasibət deyil, həm də qiymətlərin şəffaflığı, xidmətin standartlaşdırılmış müddəti və prosedurların keyfiyyətinə olan sabit yanaşmanı da əhatə edir. Hər bir prosedurumun vaxtı, keyfiyyəti və qiyməti dəyişməzdir – bu sabitlik etimadın təməlidir.
Bu sahədə illərlə çalışaraq başa düşdüm ki, bizim xanımlar kifayət qədər savadlı, zövqlü və tələbkardır. Onlar qarşılarında əsl mütəxəssis olub-olmadığını anında hiss edirlər. Mənə inanan minlərlə qadının rəğbətini və etibarını qazanmışam. Həmişə deyirəm: “Pul itirmək olar, amma etibarı itirmək olmaz.” Çünki etibar – geri qaytarılması ən çətin dəyərdir.
Brendimin təməlində bu yanaşma dayanır: etibar, şəffaflıq və keyfiyyətli nəticə. Bu prinsiplərə sadiq qalaraq artıq on iki ildir ki, “Baby Face” metodikası geniş maraq və rəğbətlə qarşılanır. İki il əvvəl isə markamızın ilk məhsulları İtaliyada istehsal olunmağa başladı. Söhbət “Baby Face” mono-molekullarından gedir – bu, dərinin dərin qatlarına təsir edən xüsusi molekulyar struktura malik, innovativ məhsullardır. YouTube platformasında “mono-molekula” haqqında kifayət qədər ətraflı elmi məlumat mövcuddur və maraqlanan xanımlar bu barədə daha çox öyrənə bilərlər.
Hal-hazırda isə məhsullarımızı digər ölkələrdə də istehsal etdirmək üçün sifarişlər vermişik. İnşallah bu sentyabrdan etibarən “Baby Face” beynəlxalq səviyyədə daha geniş auditoriyaya çatacaq. Məqsədim – qadınların gözəlliyinə və sağlamlığına dəstək verən, tamamilə şəffaf və etibarlı bir marka ilə dünya səviyyəsində etimad qazanmaqdır.

– Qadınlar Sizə ən çox hansı problemlərlə müraciət edirlər və ümumiyyətlə, onların gözəllik axtarışına çıxmasının arxasında hansı motivlər, psixoloji və ya sosial səbəblər dayanır?
– Ən çox rast gəlinən problemlər piqmentasiya (melazma, günəş ləkələri, doğuş sonrası izlər) və genişlənmiş məsamələrdir. Piqmentasiya ilə bağlı “Whitening Lux”, məsamələr üçün isə xüsusi olaraq hazırladığım və analoqu olmayan “Balancing Formula” proqramları çox effektlidir. Dəri tipinə görə “Üzüm Cənnəti”, “Golden Touch”, quru və həssas dəri proqramları da təqdim edirik. Ən güclü metodikam isə “Baby Face” və “Baby Face Needling” prosedurlarıdır – biri orqanik krem əsaslı qulluqdur, digəri isə iynə ilə akupunktur lifting texnikasıdır.
Bütün bu prosedurlar təkcə vizual dəyişiklik üçün deyil, qadının psixoloji gücünü bərpa etməsi üçündür. Bugünkü qadınlar yalnız gözəl görünmək istəmir, həm də güclü, inamlı və rahat hiss etmək istəyir. Gözəllik bəzən bir baxışda, bir duruşda gizlidir. Mənim işim isə o daxili gözəlliyi,parıltını üzə çıxarmaq və hər bir qadına təkcə gözəl görünmək yox, özünü gözəl hiss etmək imkanı yaratmaq və hər bir xanıma özünü daha dəyərli hiss etdirməkdir.

– Bu gün estetik mərkəzlərin sayı artıb və həm qadınlar, həm də gənc kosmetoloqlar bu sahəyə daha çox maraq göstərir. Siz bu sahədə seçim edən xanımlara və yeni mütəxəssislərə hansı əsas tövsiyələri verərdiniz?
– Qadınlara ilk məsləhətim odur ki, etibar etdikləri həkimi tez-tez dəyişməsinlər. Çünki hər bir həkimin yanaşması fərqlidir və əldən-ələ keçən dəri gec-tez fəsad verir. Getdikləri estetik mərkəzdə şəffaflıq, dürüstlük, sabit qiymət siyasəti, steril şərait və yüksək xidmət olmalıdır. İstifadə olunan məhsullar onların gözü önündə açılmalı, prosedurların mahiyyəti izah olunmalıdır. Təəssüf ki, bəzən xanımlar yalnız reklam və ya təzə gəlmiş aparatların cazibəsinə aldanaraq düşünmədən seçim edirlər. Amma bu sahədə seçim çox həssasdır – dəbə yox, keyfiyyətə və etibara əsaslanmaq vacibdir.
Gənc kosmetoloqlara isə tövsiyəm budur: eyni prosedurları təkrarlamaqla yox, fərqli və təsdiqlənmiş yanaşmalarla fərqlənməyə çalışsınlar. Öz metodlarını araşdırsınlar, dərin biliklərlə işləsinlər. Pasiyentin üzünə toxunmazdan əvvəl o anatomiyanı, riskləri tam anlamalıdırlar. Ən kiçik müdaxilə belə düzgün aparılmadıqda ömürlük iz qoya bilər. Təcrübə qazanmaq üçün ilk mərhələdə yaxın ətraflarında ödənişsiz işləsinlər, nəticəni müşahidə etsinlər və yalnız o zaman ictimai tətbiqə keçsinlər. Bu sahə ciddi məsuliyyət tələb edir və uğur – yalnız savad, dürüstlük və fərqliliklə qazanılır.
– Sizinlə ilk dəfə görüşən müştərilər çox tez bir zamanda Sizə güclü etibar göstərirlər. Bu etibarın sirri nədir və estetik sahədə uğur qazanmaq üçün hansı şəxsi və peşəkar keyfiyyətlər vacibdir?
– Bu etibarın sirri ilk növbədə qarşımdakı insanı diqqətlə dinləmək və dürüst münasibət qurmaqdır. İlk görüşdə belə xanımlar hiss edir ki, mən onlara yalnız lazım olanı təklif edirəm, etməyəcəyim proseduru açıq deyirəm. Onların narahatlıqlarını dinləyir, həll yolu tapmağa çalışıram. Etibar bir gündə qazanılmır – bu, illərin dürüst münasibəti və nəticələri ilə formalaşır.
Peşəkar bacarıq isə təkbaşına kifayət etmir. Ən vacibi insanın özünə inamı, özünü düzgün təqdim etməyi, qarşı tərəfə güvən aşılamasıdır. Bu sahədə söz sahibi olmaq üçün həm bilik, həm də xarizma lazımdır. Əgər insan öz işinə inanırsa və bunu səmimi şəkildə təqdim edirsə, müştəri onu tez hiss edir və ona yönəlir. Məncə, estetik sahədə uğurun əsas açarı – dürüstlük, fərqlilik və daxili güvəndir.
– Sizin üçün “uğur” nə deməkdir və bu günkü uğurunuzun formulu nəyə əsaslanır?

– Mənim üçün “Fortuna” sadəcə ani bir bəxt deyil, həyatım boyu mənə müşayiət edən bir yoldaşdır. Bəli, həyatımda çətinliklər az olmayıb, lakin onları aşmaq üçün içimdə hər zaman bir güc tapmışam. Ən böyük uğurum övladlarımın dünyaya gəlməsidir – mənə analıq hissini bəxş edən bu hadisə, həyatımda dönüm nöqtəsi oldu. Peşəkar sahədə isə, xaricdən qayıtdıqdan sonra Bakıda prestijli bir klinikada dərhal işə başlamam, heç bir tanışlıq və ya vasitə olmadan sadəcə bilik və təcrübəmə əsaslanaraq orada qəbul edilməyim mənim üçün gerçək “Fortuna”nın təcəssümü oldu. Orada qazandığım etibar və geniş pasient bazası mənə öz mərkəzimi qurmaq gücünü verdi.– Bu günkü təcrübəniz və baxışınızla özünüzə hansı arzunu edərdiniz?
– Mən bu günə qədər qazandıqlarıma minnətdaram, amma heç vaxt dayanmaq fikrim olmayıb. Özümə arzum budur ki, irəlilədiyim bu yolda sabit addımlarla davam edim. Hələ yolun yarısında belə deyiləm. Arzum, “Baby Face” markasını daha da inkişaf etdirərək onu beynəlxalq səviyyəyə çıxarmaq və Azərbaycan brendi kimi dünyaya tanıtmaqdır. Bu yalnız şəxsi uğur deyil, ölkəmiz üçün də bir qürur mənbəyi olar. Bilirəm ki, zamanla enerji və dinamika azalır, amma mən çalışıram ki, bu gün sahib olduğum gücü, savadı və təcrübəni gələcəyə ötürüm və illər keçdikcə, əllərimin əməyi danışsın.
FORTUNA Рекомендует
“Əl İşindən Brendə Uzanan Yol: Bir Qadının Şirin Hekayəsi”-Nailə Rüstəmova
19.06.2025
Cartier Art Dialogues: Qaçırılmaması Gərəkən Bir Hadisə
16.02.2021
