Mənim Azərbaycanım!

Unudulmayan Ağrı: Quba Soyqırımının Abidələşmiş Həqiqəti

 

2007-ci ildə Quba şəhərində tikinti işləri aparılarkən torpaq altında gizlənmiş dəhşətli bir sirr üzə çıxdı. Təsadüfi qazıntılar zamanı aşkarlanmış kütləvi məzarlıq XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş ən qanlı cinayətlərdən birinin – 1918-ci ilin may ayında erməni-bolşevik quldur dəstələrinin Qubada törətdiyi soyqırımın birmənalı sübutuna çevrildi. Həmin günlərdə, dinindən, yaşından, cinsindən asılı olmayaraq yüzlərlə dinc insan – qadınlar, uşaqlar, qocalar və gənclər amansızlıqla qətlə yetirilmişdi.

Bu dəhşətli həqiqətin üzə çıxması təkcə bir arxeoloji tapıntı deyildi – bu, Azərbaycanın milli yaddaşının açılan bir səhifəsi, uzun illər susdurulmağa çalışılan bir səs idi. Bu səssiz harayın dünyaya çatdırılması, gələcək nəsillərin bu faciədən xəbərdar olması və qurbanların əbədi yaddaşda yaşaması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar verdi.

Kompleks 2012–2013-cü illərdə, Qudyalçayın sol sahilində – keçmiş stadion ərazisində inşa edildi və 18 sentyabr 2013-cü ildə rəsmi olaraq istifadəyə verildi. Ümumi sahəsi 3,5 hektar olan kompleks beş əsas hissədən ibarətdir:

 

I.Xatirə Abidəsi

2007-ci il aprelin 1-də Quba şəhərində torpaq işləri zamanı təsadüfən üzə çıxan kütləvi məzarlıq, əslində, 1918-ci ildə erməni silahlı dəstələrinin törətdiyi dəhşətli soyqırımın  sübutu idi.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində məlum oldu ki, məzarlıqda basdırılanlar – qadınlar, uşaqlar, yaşlılar – dinc əhali olmuşdur. Elmi Şura məsələni daha əhatəli öyrənmək məqsədilə genişmiqyaslı tədqiqatların aparılmasına qərar verdi.Bura aşkarlanmış kütləvi məzarlıqdan çıxarılan insan sümüklərinin dəfn edildiyi yerdir. Bu torpaq indi şəhadət məkanına çevrilib – hər qarışı tarix danışır, susqunluğu ilə fəryad edir.

 

II.Simvolik Məzarlıq

Memorial Kompleksin bu hissəsi faciənin yalnız xatirəsini deyil, həm də həyatın davamlılığını simvolizə edir.Burada qədimdən bəri Qubanın rəmzi sayılan və məhsuldarlığın, həyatın, dirçəlişin simvoluna çevrilmiş alma ağacları əkilmişdir.Bu bağ– bir tərəfdən əbədi yuxuya dalanların ruhuna hörmətin ifadəsi, digər tərəfdən isə yaşamaq əzminin sükutla səsləndiyi bir məkandır.Alma bağında 1918-ci ilin may ayındakı qanlı faciənin qurbanlarına – qadınlara, uşaqlara, gənclərə və yaşlı insanlara ehtiram əlaməti olaraq üç yaş qrupunu təcəssüm etdirən – kiçik, orta və iri ölçüdə olmaqla 40 simvolik mərmər başdaşı yerləşdirilmişdir. Bu daşlar yalnız adları bilinməyən məzlumların deyil, bütöv bir xalqın yaddaşına qazınmış ağrının nişanələridir.

 

III. Soyqırımı Muzeyi

Üç hissədən ibarət muzeyin quruluşu simvolik məna daşıyır:

1.Sivriuclu bıçaqların yerə saplanması (giriş) – zorakılığın başlanğıcını, faciənin öncəsini ifadə edir.

2.Xatirə daşı (əsas zal)- qəhrəmanlıq və iztirabla dolu keçmişi özündə cəmləyən mərkəz.

3.Sivriuclu bıçaqların üzə çıxması (çıxış) – gizlədilən həqiqətlərin gün üzünə çıxması, tarixin inkaredilməz sədası.

Muzeyin memarı Vahid Kasımoğlu dekorasiya və bəzəkdən uzaq duraraq, burada matəm və kədərin özünü danışmağa imkan yaradıb. Yer altından çıxan strukturlar faciənin uzun müddət gizlədildiyini, lakin həqiqətin gec-tez üzə çıxdığını simvolizə edir. Sivriuclu bıçaqlar isə baş verən vəhşiliyin, insanlıqdan uzaq qəddarlığın vizual ifadəsidir.

Muzeyin girişində “Dinc Quba” adlı ekspozisiya təqdim olunur. XX əsrin əvvəllərində Quba qəzasında yaşayan insanlar – dövlət qulluqçuları, din xadimləri, müəllimlər, qadınlar, uşaqlar və digər sakinlər ailə, iş və istirahət həyatında əks olunub. Bu hissə Azərbaycan xalqının multikultural dəyərlərə sadiqliyini və müxtəlif dini-etnik qruplarla birlikdə yaşama ənənəsini göstərir. Giriş “Azərbaycan” qəzetinin 8 dekabr 1918-ci il tarixli epiqrafı ilə tamamlanır.

Muzeyin əsas zalında isə xüsusi bir simvol yerləşdirilib – kütləvi şəkildə yandırılmış, dənizə və quyulara atılmış, dəfn edilməmiş şəhidlərin xatirəsinə ucaldılmış qara mərmər daş. Bu daş, sanki, sükutla danışır – hər kəsə, hər zaman deyir: unutma!

 

IV.İnformasiya Mərkəzi

 

Burada tədqiqatçılar, turistlər və ziyarətçilər üçün materiallar təqdim olunur. Geniş informasiya bazası soyqırımı ilə bağlı sənədləri, arxiv materiallarını və digər dəlilləri əhatə edir. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə 16 adda buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.

 

V.Bayraq Meydanı

Quba Soyqırımı Memorial Kompleksi, yalnız bir abidə deyil, həm də Azərbaycan xalqının milli yaddaşının, mədəni kimliyinin və tarix şüurunun canlı təcəssümüdür. Bu kompleksdə dalğalanan üçrəngli bayraq sadəcə bir dövlət atributu deyil, həm də dərin mənəvi yük daşıyan, xalqın keçmişdə yaşadığı faciələri unutmamağa, gələcək nəsillərə isə azadlıq və müstəqillik uğrunda mübarizənin nə qədər böyük əzab və qurbanlarla qazanıldığını xatırladan müqəddəs bir simvoldur. Bayraq meydanı ziyarətçilərə qurbanların ruhuna dərin hörmət və ehtiramını ifadə etməklə yanaşı, onların fədakarlığını və vətən sevgisini yaşatmaq missiyasını da daşıyır. Burada hər bir addım, hər bir baxış və hər bir nəfəs azadlıq uğrunda canlarından keçənlərin xatirəsinə həsr olunmuşdur.Qurbanların ruhuna bir salam, gələcək nəsillərə bir mesajdır .

 

Müəllif:  Mehriban  Əliyeva
“Soyqırımı Memorial Kompleksi”nin direktor müavini