
Məmməd Rəşidov – İncəsənətin Şəffaf Səmimiyyəti.
Bir neçə il əvvəl Azərbaycan incəsənətinin üfüqündə gənc heykəltəraş Məmməd Rəşidovun ulduzu parladı. O, müxtəlif istiqamətlərdə fəaliyyət göstərsə də, daha çox qırıq şüşədən hazırlanmış unikal heykəltəraşlıq kompozisiyalarının müəllifi kimi tanınır. Hazırda onun əsərləri həm yerli, həm də xarici incəsənətsevərlər arasında böyük tələbat görür. Görünüşdə sadə bir ideya kimi görünür, amma bu materialın bədii imkanlarından istifadə etmək heç kimin ağlına gəlməmişdi!

Məmməd Rəşidov üçün qeyri-adi materiallarla işləmək yad deyildi. Bu, onun Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistraturasına qəbul olunduğu dövrdən başlamışdı. O, burada Tokay Məmmədovun emalatxanasında təhsil alırdı. Zərif pedaqoji yanaşması ilə tanınan Tokay müəllim tələbələrə sənətdə öz yollarını sərbəst seçmək imkanı verirdi. Bundan əvvəl Məmməd Rəşidov Tatyana Kesarın studiyasında təhsil almış, daha sonra Mədəniyyət və İncəsənət Universitetində incəsənət üzrə bakalavr dərəcəsi almışdı. Lakin məhz Akademiyada o, yaradıcılıqda öz yolunu tapdı. Elə bil taleyi ona daima yeni-yeni eksperimentlər üçün materiallar təqdim edirdi. İlk instalyasiyasını o, Akademiya binasının yenidən qurulması zamanı interyerlərin üzlənməsindən qalan mərmər plitələrin qırıntılarından yaratdı. Daha sonra onun işlərində gözlənilmədən tipə, mərmər və ağac bir araya gəldi. Ardınca isə şüşə ortaya çıxdı…
Məmməd Rəşidovun tam şəkildə şüşədən hazırladığı ilk işi “Balıqlar” adlı instalyasiya oldu. Burada şüşənin xüsusiyyətləri bəzi heyvanların (məcazi mənada isə insanların) mimikriya qabiliyyətini nümayiş etdirmək ideyasına xidmət edirdi. Onun yaradıcılığında növbəti mərhələ isə Milli Tarix Muzeyində aparılan əsaslı təmir və rekonstruksiya işlərində çalışan bərpaçılarla əməkdaşlıqdan ibarət oldu. Hazırda həmin muzeyin bir zalında at heykəli sərgilənir. Bu heykəl yalnız müstəqilliyin simvollarından biri kimi estetik əhəmiyyət daşımır, həm də funksional məqsəd daşıyır – orta əsrlərə aid bahalı yəhər dəstlərinin nümayişi üçün “maneken” rolunu oynayır. Bu, Məmməd Rəşidovun işidir və onun yaranma tarixi kifayət qədər maraqlıdır. Məlum olduğu kimi, Milli Tarix Muzeyi məşhur xeyriyyəçi Zeynalabdin Tağıyevin keçmiş malikanəsində yerləşir.

Zeynalabdin Tağıyev üçün İtaliyadan gətirilmiş zəngin venesiyalı şüşələrdən biri bərpa işləri zamanı bədbəxt təsadüf nəticəsində sınıb. Lakin Məmməd Rəşidov nadir materialın itirilməsinə imkan vermədi və onun qırıntılarından həmin məşhur at kompozisiyasını yaratdı (şüşədən əlavə, burada gips və metal da istifadə olunmuşdu).
Milli Tarix Muzeyində Məmməd Rəşidovun başqa bir işi də var — qırıq şüşədən hazırlanan ossetr balığını şəbəkədən keçməyə çalışan vəziyyətdə təsvir edən kompozisiya. Bu da ölkəmizin müstəqilliyinə və zəngin təbii sərvətlərinə həsr olunmuş əsərdir. Bu kompozisiyanın da öz maraqlı hekayəsi var. Muzey binasının bərpası zamanı, girişdə yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə araşdırıldıqdan sonra zədələnmiş BMW-nin ön şüşəsi muzeyin pilləkənlərinin yanında tullantı kimi qalmışdı. Yaradıcılıq dolu gənc heykəltəraş bu şüşəni yeni kompozisiyasının materialı kimi istifadə etdi.
Amma deyildiyi kimi, yalnız şüşə ilə kifayətlənmir… Gənc heykəltəraş həm ənənəvi, həm də qeyri-adi materiallarla uğurla işləyir. Məsələn, həmin Tarix Muzeyi üçün o, funksional “Azıx gözəli” heykəlini yaratmışdır. Bu, ümumiləşdirilmiş konturlara malik gipsdən qadın fiqurudur və muzeyin ən qiymətli eksponatlarından biri olan Azıxantropun məşhur çənəsini nümayiş etdirmək üçün istifadə olunur.
Diplom işi “Səbail axtarışında” adlı əsərini Məmməd Rəşidov əvvəlcə gil ilə hazırlayıb, sonra betona köçürüb. Bu kompozisiya təxminən 2 metr hündürlüyündədir. Mərmər ilə təcrübələri isə TÜRKSOY-un İstanbul və Diyarbəkirdə keçirilmiş iki simpoziumuna həsr olunmuş əsərlərdə — “Simurq” və “Adəm və Həvva”da uğurla əks olunub. Məmməd Rəşidovun poliester və sellofan materialları ilə yaratdığı əsərlər də böyük uğur qazanıb. Məsələn, onun “Xocalı” kompozisiyası məhz belə materiallardan hazırlanıb və digər əsərləri ilə birlikdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan İncəsənət Muzeyinə alınıb.

2010-cu ildə Məmməd Rəşidov Vyanaya sənət rezidensiyası layihəsi çərçivəsində dəvət olunmuşdur. Bu cür layihələrin mahiyyəti — bu günlərdə çox populyar olan xarici ölkələrin (adətən Avropa ölkələrinin) müxtəlif sənətçilərini, musiqiçilərini və digər incəsənət xadimlərini müəyyən müddət üçün ev və maddi dəstək verməklə həmin ölkəyə dəvət etməkdir. Müddət bitdikdən sonra dəvət olunan şəxs öz işlərinin nəticəsini təqdim edir, incəsənət tənqidçiləri, qalereya sahibləri və kolleksiyaçılarla əlaqələr qurur. Məmməd Rəşidov orada əsasən qeyri-adi materiallardan — avtomobil disklərindən istifadə edərək yeddi kompozisiya yaratmışdır. Məsələn, bu seriyadan olan “Həşəratın qayıdışı” adlı əsər tamamilə “Volkswagen” ehtiyat hissələrindən ibarət olub, texniki ideyaların ikinci dərəcəliliyinə işarə edir, insanın bütün bu ideyaları təbiət dünyasından götürdüyünü vurğulayır. “Çayka” adlı kompozisiya isə Xəzərə və onun ekoloji problemlərinə həsr olunub, və Meksika körfəzində baş vermiş neft faciəsinin təsiri altında yaradılmışdır.
Azərbaycanda Məmməd Rəşidovun əsərlərini İncəsənət Muzeyində, Tarix Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının salonunda, “Qız qalası” qalereyasında və Muzey Mərkəzində görmək mümkündür. Onun yaradıcılığı Azərbaycan incəsənətinin yeni dövrünün ən parlaq və xarakterik cizgilərindən biridir.
Müəllif: Nailə Bənnayeva
Fortuna Arxivi 2011.



