
14 iyul — Dünyada İntellektual Oyunlar Günü kimi qeyd olunur. Bu kateqoriyaya müxtəlif viktorinalar və turnirlər daxildir. Son onilliklər ərzində ölkəmizdə intellektual oyunlar dedikdə daha çox televiziya verilişləri və real şəraitdə keçirilən bilicilər turnirləri nəzərdə tutulurdu. Lakin son illərdə bu sahədə liderliyi kvizlər ələ alıb.Kviz formatı ilk olaraq xaricdə yaranıb. Əvvəllər kvizlər sadə sual-cavab yarışları olub və əsasən pab, kafe və restoranlarda keçirilən axşam toplantılarının bir hissəsi kimi nəzərdə tutulurdu. Müasir kvizlər isə sürətlə təkmilləşir, müxtəlif auditoriyaların zövqünə uyğunlaşdırılır, daha rəngarəng və çətin olur. Bəzən hətta “Nə? Harada? Nə zaman?” səviyyəsinə yaxınlaşan kvizlərə rast gəlmək olur.Lakin kvizlərin əsas üstünlüyü bu deyil. Ən vacibi odur ki, bu format müasir insanı — daim smartfon və planşetlərə fokuslanmış, öz “qabığına” çəkilmiş insanı — bu vəziyyətdən çıxmağa, bir neçə saatı maraqlı oyun və canlı ünsiyyətdə keçirməyə sövq edir.Bəs kvizə necə auditoriya cəlb etmək olar? Kviz təşkilatçısına bu iş nə verir (gəlirdən savayı)? Bu və bir çox digər sualları cavablandırmaq üçün hazırda şəhərimizdə fəaliyyət göstərən dörd kviz təşkilatçısı ilə həmsöhbət olduq. Onlar öz layihələrinin yaranma tarixindən, formatlarından, auditoriyalarından danışdılar və hər birinin minnətdar iştirakçılardan aldığı ən dəyərli rəylərin nə olduğunu bizimlə bölüşdülər.



2018-ci ildə Bakıdakı intellektual oyun həvəskarlarının maraq dairəsində yeni bir kviz franşizası — Jack Quiz peyda oldu. Bu layihə qısa müddətdə öz yerini tutmağı bacardı, uğurlu oldu və bu gün də uğurla fəaliyyətini davam etdirir. Xüsusilə də vaxtilə “Zəka klubları”da iştirak etmiş insanlar arasında sevilir. Jack Quizin özünəməxsusluğundan Bakıda bu layihənin həmtəşkilatçısı Vüqar Zeynalov danışır:
— Jack Quiz layihəsi ilk dəfə 2015-ci ilin yanvarında Minskdə (Belarus Respublikası) fəaliyyətə başladı. Layihənin müəllifləri Belarus Televiziyasının “Nə? Harada? Nə zaman?” (NHNZ) klubunun redaktoru Vitaliy Zaxarik, eləcə də təcrübəli oyunçular və təşkilatçılar Sergey Buyan və Olqa Yaroşenko idilər. Hazırda franşizanı Sankt-Peterburqdan Aleksandra Çerkaşina və Dmitri Çernışov inkişaf etdirirlər və bu oyun hazırda Rusiya, Azərbaycan, Qazaxıstan və Belarus şəhərlərində keçirilir. Moskvada və Sankt-Peterburqda bu kvizi aparanlar arasında təcrübəli intellektual oyunçular var: Mixail Mun, Boris Belozyorov, Dmitri Avdeenko, Yuri Filippov, Vladimir Antoxin, Pavel Erşov.Bizim Bakıdakı Jack Quiz 2018-ci il 1 may tarixində fəaliyyətə başladı. O zamanlar Azərbaycanda bu hərəkətlilik hələ yenicə başlayırdı – şəhərdə bizdən başqa cəmi bir-iki kviz vardı. Və məhz bu cür oyun formatı çox az adama tanış olduğu üçün, başlanğıcda bizə uyğun məkan tapmaq çox çətin idi. Çünki kvizin keçiriləcəyi restoranı seçərkən bir çox meyar nəzərə alınmalıdır. Məsələn, zalın genişliyi (bu, iştirak edən komanda sayından asılı olaraq vacibdir), lazımi texniki avadanlıqların – ekran, proyektor və s. – olub-olmaması.Bundan əlavə, restoranla oyunun keçiriləcəyi dəqiq həftə gününü razılaşdırmaq lazımdır. Çünki kvizlər adətən axşam saatlarında və konkret günlərdə baş tutur (bizim Jack Quiz bazar ertəsi günləri keçirilir). Amma lazım olan gün restoran rəhbərliyini qane etməyə də bilər. Bu isə əlavə çətinliklər yaradır…İndi Bakıda həm əhali, həm də restoran menecerləri arasında kviz nədir sualına cavab verə bilən çox adam var. Amma buna baxmayaraq, belə tədbirlər üçün münasib məkan tapmaq hələ də asan deyil. Əvəzində isə uğurlu məkan seçimi kvizə yeni auditoriya cəlb edə bilər, bu da layihənin inkişafında mühüm rol oynayır.

Amma qayıdaq konkret olaraq Jack Quiz-ə. Bu kvizi mənim üçün maraqlı edən əsas səbəb ondan ibarət idi ki, sualların formatı və çətinlik səviyyəsi baxımından o, “Nə? Harada? Nə zaman?” oyununa (NHNZ) ən yaxın olanıdır. Axı mən özüm və ətrafımdakı insanların əksəriyyəti NHNZ oyunçularıdır. Məsələn, mən zəkalılar hərəkatına daha 1993-cü ildə qoşulmuşdum, sonralar isə uzun illər “Zəkalılar Klubu”na rəhbərlik etmişdim…Bu franşizanı almaq ideyası məndə o zaman yarandı ki, klubumuzun “Nə? Harada? Nə zaman?” oyunçularından biri — Ruslan Məmmədov, hansı ki o vaxtlar Polşada təhsil alır və işləyirdi, dedi ki, orada bir neçə kvizə gedir, amma ən maraqlısı məhz Jack Quizdir. Mən bu franşizanın sahiblərinin əlaqə vasitələrini tapdım (o zaman onlar hələ Minskdə idilər), onlarla əlaqə saxladım və biz demək olar ki, dərhal razılaşdıq — çünki artıq bir-birimizi tanıyırdıq, axı onlar da Belarus NHNZ oyunçuları idilər.
Fürsətdən istifadə edərək, həm Minskdəki, həm də Sankt-Peterburqdakı həmtəşkilatçılarımız haqqında xoş sözlər demək istəyirəm: onların işi çox peşəkar şəkildə qurulub, bütün müraciətlərə çox tez cavab verirlər, hər cür lazımi şəraiti təqdim edirlər — bu əməkdaşlıqdan çox razıyam.Bizdə suallar orta və orta-çətin səviyyədə olduğuna görə (bəlkə də Bakıda ən çətin kviz sualları bizdədir), Jack Quiz-də əsasən təcrübəli oyunçular toplaşır, iştirakçılar arasında orta və yaşlı nəsil üstünlük təşkil edir. Amma gənclər də var — onları cəlb etməyə çalışırıq, başqa cür də mümkün deyil. Ümumiyyətlə, biz oyun iştirakçılarının maksimal müxtəlifliyini dəstəkləyirik.Jack Quiz-in “fərqləndirici cəhəti” onun idman tipli NHNZ ilə əyləncəli kviz formatı arasında balanslı qarışıq olmasıdır. Xüsusilə final raundu — “Auksion” çox maraqlıdır. Bu mərhələ oyunun nəticəsini tam dəyişə bilər: sonuncu sırada olan komanda sonda ilk üçlüyə düşə bilər. Bu format ekskluzivdir — belə mexanizm heç bir başqa kvizdə istifadə edilmir.Franşizanı fərqləndirən başqa bir xüsusiyyət də budur ki, Jack Quiz-in bütün raundları tematik olur və bu mövzular tamamilə gözlənilməzdir. Bu isə beyin üçün əsl məşqdir. Belə sualların hansı prinsipə əsasən tərtib olunduğunu, yəqin ki, franşiza rəhbərləri daha yaxşı izah edə bilər. Mən onlara bu sualı verdim və belə cavab aldım:
“Bizim suallarımız elə qurulub ki, onların demək olar ki, hamısında məntiqi komponent olur, yəni cavaba düşüncə yolu ilə gəlmək mümkündür. Eyni zamanda müəyyən bilik bazası da tələb olunur — bax, bu da Jack Quiz-in əsas fərqləndirici cəhətidir.”
Mən dəfələrlə belə bir rəyi eşitmişəm: “Sizin kvizdə ən maraqlı suallar olur.” Bu çox xoşdur, çünki mənim fikrimcə, istənilən intellektual oyunun — o cümlədən kvizin — əsası məhz suallardır.






P.S.
Hər hansı hobbinin populyarlığını onun nə qədər gəncləri və uşaqları cəlb etməsi ilə də ölçmək olar. Kvizlərin böyük məşhurluğuna baxmayaraq, ənənəvi intellektual oyunlar hələ də Bakıda uğurla davam edir. Bunun parlaq nümunəsi — Caspian Plaza binasında yerləşən Art & Creativity Club-da keçirilən “Nə? Harada? Nə zaman?” kursudur. Bu, əslində ən gənc bilicilər üçün fəaliyyət göstərən bir klubdur.
Burada 9 yaşdan yuxarı uşaqlar və yeniyetmələr “Nə? Harada? Nə zaman?” kursunda iştirak edirlər. Oyunlar və mühazirələr bir neçə dildə, o cümlədən ingilis dilində aparılır. Bu, nəzəriyyə ilə praktikanın maraqlı birləşməsidir və şagirdlərin dünyagörüşünün genişlənməsinə, təfəkkürlərinin inkişafına kömək edir.
Gənc bilicilər burada məntiqi təfəkkürü və yaradıcılığı inkişaf etdirən tapmacalar, məntiqi məsələlər və bulmacalar həll edir, elm, incəsənət, idman və digər sahələrlə bağlı biliklər qazanır, eyni zamanda komanda şəklində işləməyi öyrənirlər. Onlara bu yolda “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan Kubokunun sahibləri olan peşəkar mütəxəssislər dəstək göstərirlər.
Art & Creativity Club üzvləri bu klubun öz turnirlərində iştirak etmək hüququna malikdirlər, həmçinin ölkə səviyyəsində keçirilən yarış və çempionatlara da qatılırlar.
Qeyd edək ki, 2024-cü ilin dekabrında klubun 6 və 7-ci sinif şagirdlərindən ibarət komandaları məktəblilər arasında keçirilən “Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan çempionatında iştirak edərək seçmə mərhələlərdə və finalda 1-ci və 2-ci yerləri qazanıblar.
Yeni zirvələrə doğru irəliləyən Art & Creativity Club məktəbliləri vaxtlarını səmərəli keçirməyə, yeni bacarıqlar əldə etməyə və intellektual oyunlara marağı olan dostlarla tanış olmağa dəvət edir.

Müəllif: Nailə Bənnayeva