Fortunanın qonağı

Keti Topuriya: «Caz Deyəndə İlk Olaraq Bakı Yada Düşür!»

Bakıda Heydər Əliyev Sarayında təkcə Rusiyada deyil, həm də Azərbaycanlı musiqisevərlər arasında demək olar ki, iyirmi ildir populyarlığını itirməyən məşhur rusiyalı “A’Studio” qrupunun konserti baş tutdu.

 

-Sizcə, hər şeyi görmüş Bakı tamaşaçısını — Müslüm Maqomayevdən, Alla Puqaçovadan tutmuş Toto Kutunyoya və Elton Cona qədər — təəccübləndirə biləcəksiniz?

-Düşünürəm ki, Bakı tamaşaçısı bizim canlı ifamıza və həm köhnə “A-Studio” dövrünün, həm də qrupumuzun son dövrlərinin mahnılarına biganə qalmayacaq. Bir şeyi vəd edə bilərəm — proqram sizin üçün çox maraqlı olacaq!

-Bu inam haradan gəlir?

-Biz əminik ki, konsert çox maraqlı keçəcək, çünki ifa edəcəyimiz mahnılar xalq tərəfindən artıq çox sevilir. Ona görə repertuar baxımından bizdə uduşlu mövqe var. Beləliklə, musiqi ilə zəngin belə bir şəhərdə — Bakıda belə, iki saatlıq xoş musiqi proqramını zəmanət verirəm (gülür).

-Bakının belə musiqi ilə zəngin şəhər olması fikri hardan yaranıb?

-Caz musiqisini az-çox anlayan hər kəs yaxşı bilir ki, Bakı caz mədəniyyətinin dünya mərkəzlərindən biridir. Deyirlər ki, biz caz haqqında danışanda, ilk öncə Bakı yada düşür. Bizim qrupun oğlanları da mənə daim bunu deyirlər. Onlar burada caz festivallarında dəfələrlə iştirak ediblər.

-Onda yəqin bilirsiniz ki, sizin çıxış edəcəyiniz Heydər Əliyev Sarayında fonogramla ifa qadağandır…

-Mən yenə də canlı ifa edirəm və biz yalnız canlı musiqi ifa edirik. Fonogramla ifa edənlər isə bu xoşbəxtliyi hiss etmirlər. Fonogramla ifa yalnız texniki imkan olmadığı zaman, məsələn, televiziya çəkilişlərində mümkündür. Canlı konsertdən sonra və fonogramdan sonra olan hisslər isə tamam fərqlidir, sanki qara ilə ağ kimi.

-Bildiyimə görə əvvəllər solo ifaçı idiniz, sonra isə «A’Studio» qrupuna qoşuldunuz. Adətən ifaçılar tərsinə edirlər. Siz bu qərara nə təhrik etdi?

-Peşəkar musiqiçilər arasında işləmək təkbaşına olmaqdan qat-qat daha əladır! (gülür). Mən hətta qrupun musiqiçilərini də solo karyeradan qorumağa çalışıram, təkcə özümü yox…

-Musiqiçilər gəlir və gedir, amma «A’Studio» qrupu həmişə göz önündə qalır. Bunun səbəbi odur ki, siz dinləyiciləri qane edə bilirsiniz?

-Mən hesab edirəm ki, «A’Studio» peşəkarlıq, təcrübə və ambisiyaların gözəl vəhdətidir — bütün bunlar birlikdə belə nəticə verir. Və əlavə etmək istəyirəm ki, sevdiyin, ürəkdən etdiyin işi görmək lazımdır və hər zaman uğurun gələcəyinə inanmaq.

-“Fortuna”  sizə tez-tez gülümsəyir?

-Mən hələ ona hirslənməmişəm. Mənim çoxlu dostlarım var, məni əhatə edən gözəl insanlar, istedadlı musiqiçilər var. Tam xoşbəxtlik üçün başqa nə lazımdır? (gülür)

 

 

 

 

Müsahibəni Vüqar Vüqarlı aparıb.

Fortuna arxivi, 2011.