
Multanı Karvansarası Haqqında Tarixi Arayış — Vəfa Quliyeva və Hökümə Ağayeva

Multanı Karvansarası haqqında tarixi arayış
Şərqi Qərblə birləşdirən qədim beynəlxalq ticarət yolları Abşeron yarımadasından da keçirdi. Cindən və Hindistandan olan karvan-ticarət yolları, Orta Asiyadan keçərək Xəzər dənizindəki Bakı, Dərbənd limanlarına çıxır və oradan Xəzər şahlığından şimala tərəf uzanırdı. Buradan mallar Kür və Rioni çayları vasitəsi ilə Qara dəniz sahillərinə çatdırılır və oradan da Bizansa aparılırdı. Bakı və Abşeron əsas ticarət yolları ilə Bakıdan dəniz sahili ilə Kür çayının aşağı axarına qədər uzanan yerli karvan yolları vasitəsi ilə birləşirdi. İkinci yol Bakıdan şimal-qərb istiqamətində yarımadanın ortasına qədər, sonra qərbə dönərək Qobustandan Şamaxıya, nəhayət, üçüncü yol ikincisindən şimal-qərbə ayrılan yarımadanın şimal hissəsindən keçib Dərbəndə gedən əsas ticarət magistralı ilə birləşirdi. Bu qədim yollar orta əsrlərdə də fəaliyyət göstərirdi.X əsrin sonuna Bakı artıq Xəzər dənizində əhəmiyyətli bir liman kimi,həm dəniz və həm də karvan yolları vasitəsi ilə beynəlxalq tranzit ticarətdə iştirak edirdi. Xəzər ölkəsinin, Rusiyanın, İranın, Pakistanın, Orta Asiyanın, Hindistanın, Suriyanın tacirləri Bakıya gəlir və gətirdikləri malların əvəzinə karvanlarla neft, duz, balıq, zəfəran və digər mallar aparırdılar. Bunlarla yanaşı sənətkarlıq məmulatları, ilk növbədə ipək və yun parçalar, xalçalar və xalça məmulatları ixrac olunurdu.XIII əsrin sonu – XIV əsrin əvvəllərində Xəzər hövzəsində beynəlxalq ticarət genişlənir və dəniz ticarəti inkişaf edir. Bu zamandan Qara dənizdə gəmiləri üzən Qenuya və Venesiya tacirləri Xəzər sahillərində faktoriyalar yaradıb özlərinin ticarət gəmilərində Xəzərdə üzürlər. Beynəlxalq ticarətin əsas obyekti bu dövrdə Qilan və Şamaxı ipəyi olur. Bununla əlaqədar Xəzər dənizində ən rahat liman kimi Bakının əhəmiyyəti daha da artır.Bu 1375-ci ildə tərtib edilmiş Katalon atlasında xüsusi qeyd olunmuşdur. XIV əsrin sonuna kimi Xəzəryanı ölkələrin malları, əsasən ipək, ipək parçalar, xalçalar və digər mallar Bakı və Dərbənd vasitəsi ilə Həştərxana, Qızıl Ordaya, Rusiyaya, Avropaya, əsasən İtaliyaya və Fransaya ixrac olunurdu.Bakı limanından mallar Həştərxana aparılır, sonra Volqa, Don çayları ilə, oradan isə Venesiya tacirləri qaleralarla Azov dənizi vasitəsi ilə Avropaya aparırdılar.Bakının əsas gəlir mənbəyindən biri ticarət idi. Ona görə ticarətin inkişafına Şirvanşahlar, şəhər hakimləri, tacirlər özləri nəzarət edirdilər. Şəhərə gələn əcnəbi tacirlər üçün bütün şərait yaradılır və onların təhlükəsizliyi təmin edilirdi. Bu məqsədlə karvansaralar tikilirdi.

Karvansaralar iki cür olurdu: şəhər karvansaraları və karvan-ticarət yollarının üzərində yerləşən karvansaralar. Hər ikisi pəncərəsiz, bir giriş qapısı olan, mazğallı, möhkəm hasarlarla əhatə edilmiş qala tipli tikililərdir. Karvan-ticarət yollarının üzərində yerləşən karvansaralar kompleks abidələrdən ibarət idi. Kompleksə ayrıca qonaq otaqları, anbarlar, ovdanlar, məscidlər, tövlələr daxil idi. Multanı karvansarası İçərişəhərdə Buxara karvansarası ilə üz-bə-üz yerləşir. XIV əsrdə Hindistanın Multan şəhərindən (hal – hazırda Pakistanda yerləşir) gələn atəşpərəst tacirlər üçün tikilmişdi. Kаrvаnsаrаnın mеmаrlıq plаnlаşdırmа quruluşu pеrimеtr üzrə həyəti əhаtə еdən еyvаnlаrdаn, оnlаrın аrхаsındа yеrləşən fərdi yаşаyış üçün nəzərdə tutulmuş аyrıcа оtаqlаrdаn ibаrətdir.
Karvansaraya giriş dərin tağçalı, çatma tağla tamamlanan baştağ şəklindədir. Bütöv taxta darvazaların arxasından həyətə çatma tağtavanla örtülmüş keçid başlanır. Keçidin sonu, hündürlüyü, yaşayış otaqları, eyvanlarının bərabər olan çatma tağla qurtarır. Beləliklə səkkizbucaqlı həyətin sıratağını əmələ gətirən tağlar eyni hündürlükdə olmuşdur. Keçidlə yanaşı olan otaqlardan biri zirzəmiyə aparan pilləkənin qəfəsəsinə çevrilmişdir.Multanı karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmiş, ticarət küçəsi tərəfdən birmərtəbəli 35m.x35m. ölçülü sadə fasadı və qapalı səkkizbucaqlı həyətə çıxan bir-birindən təcrid olunmuş, yaşayış otaqları olan binadır. Çatma tağtavanla örtülmüş, cənub-qərb tini əmələ gətirən altı yaşayış otağı ilkin vəziyyətini qoruyaraq dövrümüzə çatmışdır. Bu altı otaqdan üçü ümumi bir altıbucaqlı çatmatağlı və çox maraqlı tağtavanlı örtü ilə örtülmüş eyvan vasitəsiylə həyətə çıxır, o biri üç otağın isə hərəsinin eyni hündürlükdə, ancaq başqa endə olan öz eyvanı var.
Karvansaranın şimal-qərb tinindəki otaqlar salamat qalmamışdır, onların yerində bağça yaradılmışdır.Multanı karvansarasının zirzəmisi bu abidənin ən maraqlı hissələrindən biridir. İndi karvansaranın şərq yarısının ərazisini tutan XX əsr yaşayış evi tərəfdən bu zirzəmi deyil, birinci mərtəbədir və onun döşəməsi asfaltdan 60 sm. aşağıdadır. Hazırda karvansara ikinci mərtəbə səviyyəsindədir. Dolayısıyla indi yerüstü görünən hissə karvansaranın ikinci mərtəbəsidir.Birinci mərtəbə və zirzəmi isə yerin altında qalmışdır. Mütəxəssislər qeyd edirlər ki, bu tikinti nə üslub, nə də məkan cəhətdən karvansara ilə əlaqədar deyil. O, silindrik tağtavanla örtülmüş dörd uzun otaqdan ibarətdir. Aşağıdakı bina (yeraltı hissə) şərq istiqamətində davam etmişdir. XX əsrin əvvəlində yaşayış evinin inşası zamanı abidənin bu hissəsi də dağıdılmışdır.Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulundan olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür.

Tikilinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan tacirlərin satacaqları malları və heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərdilər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada “Sim-sim” adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır.
1982-ci ildə karvansaranın daxili ərazisində geniş miqyaslı arxeoloji qazıntılar aparılmış və xeyli miqdarda qədim və orta əsrlərə aid artefaktlar aşkarlanmışdır.Alimlərin burada apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki,bina qədim tikilinin qalıqları üzərində inşa olunmuşdu. İçərişəhərdə hal-hazırda mövcud olan memarlıq abidələrinin əksəriyyəti qədim tikililərin qalıqları üzərində ucaldılmışdır.Karvansara XVII əsrdə Bakıda Səfəvilər hakimiyyəti dövründə bərpa edilmiş, və binanın bir hissəsi zorxana kimi fəaliyyət göstərmişdir. Son dəfə abidə 1973-74 və 1976-cü illərdə bərpa olunmuşdu. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır.
Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdı.İçərişəhərin XVIII – XIX əsrə aid baş planlarında abidənin tam konturu aydın görünməkdədir. Bu məlumatlar, eləcə də abidənin özünün diqqətlə tədqiqi karvansara haqqında kifayət qədər təsəvvür yaratmağa və bərpa işlərini əsaslandırmağa imkan vermişdir.Karvansara səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini cəlb edib. Multanı karvansarasında Evliyya Çələbi, E.Kempfer, Mendeleyev, Vereşşaqin, Düma ata və bir çox səyyahlar olub.Multanı karvansarası 1970-ci illərdən Buxara karvansarası ilə birlikdə “Restoran-karvansara kompleksi” adı altında fəaliyyət göstərir. Hazırda dövlət tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Müəlliflər:
Vəfa Quliyeva, tarix elmləri doktoru
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.
Hökümə Ağayeva, elmi işçi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.



