Taleh simFoniyası

Kosmos Fatehlərinin Sərkərdəsi: Kərim Kərimov

 

 

Tarix bəzən elə insanları yetişdirir ki, onlar nəinki dövrünün, həm də gələcək nəsillərin düşüncəsində əfsanəyə çevrilir. Bu şəxsiyyətlər sakit, səs-küysüz, lakin son dərəcə dərin izlər buraxaraq öz ömür yolunu tamamlayırlar. Sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri ,Sovet kosmik proqramının banilərindən biri General  Kərim Kərimov da belə insanlardandır – öz dövrünün ən parlaq elmi simalarından biri, texnoloji düşüncənin qabaqcılı və milli yaddaşımızda iz qoyan dəyərli şəxsiyyətdir.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda  anadan olmuşdur.Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova)  Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Kərim Kərimov 5 yaşıdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində Quranı-Kərimi öyrənirmiş. Kərim Kərimovun kiçik qardaşı Mustafa Kərimov tanınmış Sovet türkoloqlarından biri idi. Moskva şəhərində yaşayırdı.Generalın həyat yoldaşı  isə Zərifə xanım Məhəmməd-Hənifə qızı bütün ömrünü ona həsr etmiş, uğurlarına sevinmişdir. Bir neçə il bundan əvvəl dünyadan köçən qızı Sürəyya da elm sahəsində böyük uğurlar əldə etmişdi. O, texnika elmləri doktoru idi.

Kərim Kərimov, elmi maraqları, dəqiqliyi və yüksək intellekti ilə daha gənc yaşlarından fərqlənirdi. Texniki sahəyə olan marağı onu Bakıdan Moskvaya – aviasiya və kosmos sənayesinin beşiyinə apardı. Burada aldığı təhsil və sonrakı fəaliyyəti onu SSRİ-nin raket-kosmik proqramının aparıcı fiqurlarından birinə çevirdi.Onun çalışqanlığı, dəqiqliyi və prinsipiallığı elmi kollektivlərdə böyük rəğbət doğururdu. Kərim Kərimov heç zaman mövqeyini nümayiş etdirməyə ehtiyac duymayan bir şəxsiyyət idi. Onun sadəliyi, dürüstlüyü və məsuliyyət hissi onu həmkarları və tələbələri üçün nümunəyə çevirmişdi. İllər sonra onun haqqında danışan həmkarları onu “elmin əsgəri” adlandırırdılar – sanki o, ömrünü bir cəbhədə mübarizə apararaq keçirmişdi.

 

 

 

 

Həmkarlarının xatirələrində Kərim Kərimov həm də son dərəcə qayğıkeş bir insan kimi yadda qalıb. O, təkcə iş prosesində deyil, insan münasibətlərində də mükəmməllik axtarırdı. Gənc mütəxəssislərlə xüsusi maraqlanır, onlara yol göstərir, tənqidlərini təmkinlə və inandırıcı şəkildə bildirirdi. Onun otağından çıxan hər bir gənc mütəxəssis daha inamlı, daha məsuliyyətli və daha düşüncəli olardı.

General-leytenant Kərim  Kərimov  Sovet kosmik proqramının qurucularından biri idi. Onun haqqında məlumat uzun illər məxfi saxlanılmışdı.Açıq mətbuata adı yalnız 1987-ci ildə çıxsa da, o həqiqətən də 1957-ci ildə ilk peyk – Sputnik-1 – orbitə buraxan qrupun üzvü olmuş, 1961-ci ildə isə Yuri Qaqarinin ilk kosmik uçuşunu təmin edən Vostok proqramının Dövlət Komissiyasının tərkibində iştirak etmişdi. Kərimov həm I və II Dünya müharibəsi illərində raket texnologiyalarının hazırlanmasında çalışmış, sonrakı onilliklərdə isə Sovet kosmonavtikasının baş rolunu oynamışdı. Onun rəhbərliyi ilə 1967-ci ildə Kosmos-186 və Kosmos-188 gəmilərinin uğurlu orbitdə birləşməsi həyata keçirilmiş, 1970–80-ci illərdə isə ilk “Salyut” kosmik stansiyalarının layihələri onun nəzarətində reallaşdırılmışdı. Bundan əlavə, Mir orbital stansiyasının yaradılmasında məhz o məsləhətçi kimi iştirak etmişdi. 1966–1991-ci illərdə o, Sovet İttifaqının Dövlət pilotlu kosmik gəmi sınaqları komissiyasının sədri olmuş, 1990-cı ildə təqaüdə çıxsa da ömrünün sonuna qədər Uçuşların İdarəetmə Mərkəzində məsləhətçi qismində çalışmışdı.

 

 

 

 

Həmkarları Kərim Kərimovun intizamlı, təvazökar və enerjili şəxsiyyətini vurğulayırlar. O, bütün ömrünü kosmosa həsr etmiş və 50 il ərzində kosmik aparatların və raket texnikasının yaradılması ilə məşğul olmuşdu. Kərim Kərimov sadə təbiətli, zəhmətsevər və yüksək enerjili insan idi, qərarlarını ən az vaxtda qəbul etmək bacarığı ilə seçilirdi. Azərbaycanın sabiq səfiri Polad Bülbüloğlu xatirə mərasimində onun «Çox ciddi, təvazökar insan» olduğunu qeyd etmiş və demişdi : «Ona baxanda heç deməzdin ki, o, bu boyda mükafatların, rütbənin sahibidir». Yaxınları Kərim Kərimovun sadəliyi və əməllərinə sadiqliyi xüsusilə vurğulayırlar.

Kərim Kərimovun həmkarları onun həm komandir, həm insan kimi nüfuzunu yüksək qiymətləndiriblər. Sergey Korolyovun qızı Natalya Krivestsov-Korolyova xatirələrini danışarkən qeyd edirdi ki, Kərim Kərimov  Sergey Korolyovun doğum gününü ailələrinin evində qeyd edərmiş. Kərimovun ölümündə iştirak edənlər onun haqqında səmimi, alqışlı sözlər söyləmişdilər.Rusiyada yaşayan qardaşı qızı Məryəm Kərimova Sovet kosmonavtlarını uçuşa yola salan və “Mir” stansiyasını yaradan şəxsin məhz Kərim Kərimov olduğunu vurğulamışdı.

 

 

 

 

Sovet dövründə haqqında heç bir rəsmi məlumat verilməyən Kərimov müstəqil Azərbaycan mediasında geniş işıqlandırılıb.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kosmos sahəsində əldə olunan nailiyyətlərə, o cümlədən bu istiqamətdə fəaliyyət göstərən tanınmış alim və mütəxəssislərə hər zaman xüsusi diqqət göstərmişdir. Onun təşəbbüsü ilə 1973-cü ildə Bakıda müxtəlif ölkələrdən nüfuzlu alim və kosmonavtların iştirakı ilə beynəlxalq konfrans təşkil edilmişdi. Akademik Kərim Kərimov da bu diqqətin və dövlət qayğısının əsas ünvanlarından biri olmuşdur. O, tez-tez ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilir, fəaliyyətinə yüksək qiymət verilirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə Kərim Kərimov ali dövlət mükafatı – “Şərəf” ordeni ilə təltif olunmuşdur.Müstəqil Azərbaycanın Prezidenti Cənab İlham Əliyev də bu strateji xətti uğurla davam etdirir.2007-ci ilin noyabrında isə Prezident İlham Əliyev Kərim Kərimovun anadan olmasının 90 illiyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdır. Bu qərar, Azərbaycanın görkəmli alimlərinə və milli elmi irsinə verilən yüksək dəyərin bariz nümunəsi kimi tarixə düşmüşdür.

2007-ci ildə General Kərim Kərimovun yubileyinə həsr edilmiş Azərbaycan poçt markası nəşr olunmuş, Kərimovun pilotlu kosmik uçuşların Dövlət Komissiyasının sədri kimi rolu markada “Kosmos fatehlərinin sərkərdəsi” başlığı ilə əks olunmuş və  eyni adlı sənədli film çəkilmişdi. 2017-ci ildə AMEA-da onun anadan olmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçirilmiş, akademiklər onun kosmik raketlər və peyklərin yaradılmasındakı misilsiz xidmətlərini yüksək dəyərləndirmişdilər. Azərbaycanın media orqanlarında Kərim Kərimova həsr olunmuş müsahibə və xatirə yazıları mütəmadi olaraq dərc olunur.

 

 

 

General Kərim Kərimov Sovet kosmonavtikasının gizli qəhrəmanı kimi həmişə yadda qalacaq. O, intizamlı, işlək və təvazökar rəhbər kimi tanınmış, bütün ömrünü vətəninə xidmətə həsr etmişdi.Onun rəhbərlik etdiyi layihələr kosmik yarışda SSRİ-ni lider edən uğurlar bəxş etmiş, dost-tanışları onu hörmət və minnətdarlıqla xatırlayırlar. Azərbaycan və dünya mediası indi onun xatirəsini millət üçün qürur mənbəyi kimi yaşadır.

 

 

 

 

Müəllif: Fortuna Jurnalının baş redaktoru Səidə Musayeva