
Gözəl Yeməyə Qadağa Yoxdur: Restoranlarda İnteryer Necə Yaradılır və ən Qeyri-adi Məkanların Seçimi!
Ən saf və sadə sevgi – yeməyə olan sevgidir. Gəlin açıq deyək, hər birimiz dadlı yeməyi sevirik. Əgər bu dadlı proses ətrafda gözəl bir atmosferlə müşayiət olunursa, o zaman həm də estetik zövq alırıq. Bu günlərdə restoranlar, kafelər, barlar və həmçinin kofeyehanələr həyatımızın sıx qrafiki və işlər siyahısında mühüm rol oynayır. İş günündən sonra gözəl bir kafedə olmaq və ya sadəcə dostlarla vaxt keçirmək həmişə xoşdur. Bu günlərdə dizaynerlər daha çox cəsarətli qərarlara gedir və müştəri cəlb etmək üçün maraqlı və təsirli interyerlər yaradırlar.

Restoranlarda interyer necə yaradılır və o, bizim ruh halımıza necə təsir edir?
~
1. Sketch (London, Böyük Britaniya)

London, Avropanın ən fotogenik restoranlarından biridir. Sketch – bir neçə məkandan ibarət bir kompleksdir, hər bir zalı özünəməxsus üslubda, “eklektika” stilində hazırlanıb. Çox məşhur olan zal, hər zaman göz önündə olan və diqqət çəkən “The Gallery” məkanıdır. Arxitektor və dizayner India Mahdavi, ən parlaq və kontrastlı rəngləri mükəmməl birləşdirir – buna görə də onu “Rənglərin Kraliçası” adlandırırlar. Beləliklə, dizayner bizə nağıldan bir hiss yaşamağı və müsbət enerji əldə etməyi təklif edir.



~
2. Beef Bar (Paris, Fransa)

Bu interyerin dizaynerləri Emil Yumber və Kristof Poye onu “ağıllılıq və ekzentriklik arasındakı oyun” kimi təsvir edirlər. Belə zəngin, lüks və eyni zamanda müasir bir interyer yaratmaq üçün dizaynerlər bölməli tağlardan, mayolikadan, frizlərdən və mərmərdən istifadə ediblər. Burada işləyən ən yaxşı rəssamlar və vitraj ustaları Art Nouveau stilinin ruhunu qoruyaraq, onu divar və tavanda göstəriblər. Bu məkanı çox gözəlləşdirən və ona kontrast yaradan şeylər isə qırmızı dəri kreslolar və budaqlar motivli monoxrom xalçadır. Bu da Art Nouveau stilinin xüsusiyyətlərindən biridir.


~
3. The Latitude and Longitude Bar (Bakı, Аzərbaycan)

Yeni “Lalo Bar” lounge-barının interyeri, şəhərin mərkəzində, Merchant Baku otelində yerləşir və bizə isti və qeyri-rəsmi bir atmosfer təklif edir, burada hər kəs özünü evdəki kimi hiss edə bilər. “Lounge” dizaynı bizə tarixi və müasir bir məkan təqdim edir. Qeyd etmək lazımdır ki, planlaşdırma və mebelin yerləşdirilməsi çox düzgün həyata keçirilib. Otaq isti rənglərlə doldurulub və müasir şəkillər, lampalar, ağır pərdələr, bitkilər və şərq xalçaları kimi dekorativ elementlərlə bəzədilib. Tarixi divarlar və arxalar isə bu yerə xüsusi bir cazibə qatır.

~
4. Bistro L.E.S.S. – Brügge, Belçika

L.E.S.S. interyerinin ideyası sadə və dolğun olmayan bir atmosfer yaratmaqdır, burada insanlar yeməklərindən daha çox zövq alacaq və daha az diqqətini yayındıracaq. Məkanın dizaynında tünd beton, dəri örtüklü oturacaqlar və ağac kimi sərt materiallar istifadə edilib. Lakin, təbii işıqlandırma sayəsində interyerin bütün gözəlliyini və təmiz, düz xətləri görmək mümkündür. Zərif sadəlik və minimalizmi sevənlər bu məkanın təmkinliyini və sərtliyini qiymətləndirəcəklər.

~
5. Kink (Berlin, Almaniya)

Kink – qeyri-adi dizayn yanaşması ilə seçilən unikal bir məkandır. Məkanın tam mərkəzində əsas işıqlandırma rolunu oynayan neon instalyasiya quraşdırılıb. Müasir minimalizm və loft üslubunda olan yarı qaranlıq interyer sizə rahatlamaq və atmosferdən zövq almaq imkanı yaradır. Parlaq rəngli divanlar kərpic divar fonuna gözəl şəkildə uyğunlaşdırılıb. Fərqli konsepsiyaya malik Kink bar, restoran və kulinariya laboratoriyasını bir araya gətirərək tarixi binanı müasir incəsənət və dizaynla mükəmməl şəkildə birləşdirir.

Müəllif: Məryəm Qədi



