PR & LiFestyle

Şəxsiyyətin Himnini Tapdı: Amina Muaddi-nin Uğur Hekayəsi

Uğurun formulu, xoşbəxt təsadüf, şəxsiyyətin gücü – bu mövzular bizim Fortuna jurnalımız üçün əsasdır və redaksiyamız hər fürsətdə oxucularımıza ilham və motivasiya vermək istəyir. Bu dəfə bu fürsət Amina Muaddinin uğur hekayəsi oldu.

 

 

Amina 34 yaşındadır və bu gün moda dünyasında onun adı ən çox səslənənlərdən biridir. Onun kolleksiyalarından olan ayaqqabılar Rihanna, Kendall Jenner, Rosie  Huntington-Whiteley və daha bir çox məşhur və moda influencer-lərinin tərzlərinə özünəməxsus bir ədviyya qatır. İordaniyalı olan Amina çox erkən yaşlarından etibarən – hər nə qədər bu hisslər sakit səslə gəlsə də – güclü intuisiya və gözəllik yaratmağa qarşı dayanmayan həvəsi aydın şəkildə eşidə bilmişdi.

 

Amina Muaddi-nin ayaqqabılarında model Kendall Jenner

 

Hələ doqquz yaşında olarkən, anasının ayaqqabılarını geyinib güclü ambisiyalara və qətiyyətli xarakterə sahib bir uşaq olan Amina tez-tez təkrarlayardı:

«Mən moda sahəsində çalışacağam».

Bu həvəs onu 16 yaşında İtaliyaya – Avropa Dizayn İnstitutuna gətirəcək. Orada o, üç il ərzində moda sahəsində kommunikasiya fakültəsində oxuyacaq və yaradıcılıq arzusu heç vaxt sönməyəcək.

Şəkil: Alex Rosu

 

Amina dəfələrlə etiraf edir ki, məhz onun kökləri və o vaxtlar yeniyetmə üçün çox böyük olan anasının həminayaqqabıları onun moda sənayesindəki karyerası üçün təkcə ilk siqnallar deyil, həm də bu günədək tükənməz ilham mənbəyi olub.

Lakin məlumdur ki, uğura aparan yol çətinliksiz olmur və bu yoldan keçmək asan deyil. Amina üçün əsas çətinlik onun özünəməxsus üslubunu – başqa sözlə desək, “imzasını” tapmaq idi. Bildiyimiz kimi, bu günün dünyasında uğurlu bir startapın (ing. startup company, yəni “başlayan şirkət”) əsas tərkib hissəsi məhz fərdi yanaşma və yeni baxış bucağıdır – çünki hər şey çoxdan icad olunub və yenidən kəşf edilib. Fərqli təqdimat və fərdi baxış istisna olmaqla.

 

 

Beləliklə, 2013-cü ildə, 26 yaşında Amina ilk ayaqqabı brendi olan Oscar Tiye-ni təsis etdi. Lakin hündür dabanlı ayaqqabılara maraqlı dizayn yanaşmasına və münasib qiymətlərə baxmayaraq, bu startap moda bazarında xüsusi populyarlıq qazanmadı.

Zaman keçdikcə, sənətini təkmilləşdirdikcə və bu sahədə təcrübə qazandıqca, uşaqlıqdan bəri içində səssizcə səslənən o istedad notları ahəngdar bir melodiyaya çevrildi, fərdiyyətlə zənginləşdi və şəxsiyyətin bir növ himninə döndü. Çox zaman, xüsusilə də moda sənətində, şirkətin arxasında duran şəxsiyyət texnikadan daha vacib olur. Amma sənətdə və biznesdə şəxsiyyətdən əlavə, qərarlılıq, risk etmə cəsarəti və təkrar cəhd etmək bacarığı – məhz budur uğur formulu.

 

 

Amina Muaddi özünün əsas və adaşı olan startapını 2018-ci ildə yaratdı. Bu addım onun üçün möhtəşəm uğura və ümumi tanınmaya aparan ilk pillə oldu. Amina Muaddi brendi 2019-cu ildə bütün moda redaksiyaları və tənqidçiləri tərəfindən ilin ən aparıcı ayaqqabı markası elan edildi. Bu cür böyük ajiotaj Aminanı onun üçün əhəmiyyətli olan əməkdaşlıqlara gətirib çıxardı — Rihanna, Alexandre Vauthier və hətta A$AP Rocky ilə birgə layihələrə imza atdı.

 

 

Amina Muaddi və A$AP Rocky

 

Özgün tərz, “kleş” formalı daban, parlaq neon rənglər və minimalist, bədən rənginə yaxın nude muller – bu qədər fərqli elementlərə baxmayaraq, bu üslubun kimə məxsus olduğu ilk baxışdan belə heç bir şübhə doğurmur: “Bu Amina Muaddi-dir”.

 

 

Məhz beləliklə, ürəyinin səsinə qulaq asan Ammandan olan kiçik bir qız milyonların qəlbini fəth etdi – saysız-hesabsız çətinliklərə baxmayaraq, yolundan dönmədən yaratdığı əsəri ilə. Axı uğurun formulu elə bu deyilmi? Saf istedad, onu zamanında tanıya bilmək və sonsuz xarakter gücü.

 

 

Müəllif: Nuray Orucova