Redaktorun məktubu

“Fortuna” Jurnalı – Sizin Uğur Məkanınız

 

Zaman keçdikcə tələblər, prioritetlər və insanın özünü dərk etmə yolları da dəyişir. Müasir dövr bizdən yalnız texnoloji bilikləri deyil, həm də emosional zəkanı, çevik uyğunlaşma qabiliyyətini və psixoloji dayanıqlılığı tələb edir.

2009-cu ildən etibarən fəaliyyətdə olan jurnalımız daha çox uğurlu insanları tanıtmağa, onların nailiyyətlərini önə çıxarmağa çalışırdısa, bu gün diqqətimizi həmin uğurların arxasındakı psixoloji amillərə, inkişaf prosesindəki daxili dönüş nöqtələrinə və həyat strategiyalarına yönəltmişik.
Ötən illərdə uğura çatmaq üçün sadəcə məqsəd və motivasiya yetərli sayılırdısa, bu gün bu anlayış daha da dərinləşib. Artıq uğurun əsasını psixoloji resurslar, inkişaf etdirici amillər, sağlam düşüncə tərzi, sosial və emosional mühit, təhsil, mənəvi dayaqlar və sözsüz ki, məqsədin özü təşkil edir. Elə buna görə də, bu cür mövzulara yönəlmək bizim üçün zərurətə çevrilib.

Məhz bu səbəbdən jurnalımızın mövzusunu dövrün çağırışlarına uyğun olaraq yenilədik.
Qeyd etmək lazımdır ki, 2009-cu illərdə psixoloji mövzular cəmiyyət üçün nisbətən yeni və öyrənilməkdə olan bir sahə idi. Lakin bu gün həm jurnalımızı, həm də saytımızı daha da məqsədyönlü şəkildə uğur, inkişaf və insan psixologiyasının öyrənilməsi və işıqlandırılması istiqamətində qurmuşuq. Artıq diqqət yalnız nəticələrə deyil, uğura aparan yollara, məqsədlərə, psixoloji təkanlara və bu proseslərin insana təsirinə yönəlir.

Yeni mövzumuz – “Uğur, İnsan və İnkişaf Psixologiyası” – yalnız nailiyyət anlayışını deyil, həm də insanın daxili potensialının kəşfini, fərdi inkişaf yolundakı psixoloji dönüşləri və həyatın müxtəlif mərhələlərində formalaşan uğur anlayışını əhatə edir.

Bu sayımızda təqdim olunan məqalələr sizə göstərəcək ki, uğur yalnız nəticə deyil, bir prosesdir. Biz bu prosesin psixoloji qatlarına enəcək, inkişafla uğur arasındakı incə bağları birlikdə kəşf edəcək və fərdi, eləcə də ictimai tərəqqinin psixoloji əsaslarını araşdıracağıq.

İnanırıq ki, bu mövzu hər bir oxucunun öz daxilində bir dönüş nöqtəsi yaratmaq üçün stimul olacaq. Çünki insan dəyişdikcə dünya dəyişir. Daxili inkişaf isə hər cəmiyyətin sağlam təməlidir.

Sizi bu intellektual və psixoloji səyahətə qoşulmağa dəvət edirik.

 

Hörmətlə,

Səidə Musayeva,

“Fortuna” jurnalının baş redaktoru və təsisçisi