
Valeriya: «…Daxili Harmoniya Haqqında Düşünmək Lazımdır…»
Yəqin ki, təsadüfi deyil ki, bir çox xalqların mifologiyasında Fortuna məhz qadın obrazında təsvir olunub. Bu baxımdan “Xanım Uğur”un zərif cinsin nümayəndələrinə gülümsəməsi xüsusilə xoş hisslər doğurur. Əgər bu təbəssüm insanın həyatının bütün sahələrini işıqlandırırsa, qadın taleyi tam xoşbəxtliyə çevrilir.
Belə möhtəşəm qadınlardan biri – rusiyalı müğənni Valeriyadır. “Fortuna” jurnalı oxucularına onunla müsahibəni təqdim edir və ölkəmizdə onun yaradıcılığını sevən hər kəsin alqışlarını və təbəssümünü ona çatdırır. Müsahibəmiz beş hissədən ibarətdir və bu hissələrdə qəhrəmanımız müxtəlif rollarda çıxış edir: insan, gözəl qadın, müğənni, ana və həyat yoldaşı kimi.

İnsan
– Valeriya, siz gözəl, uğurlu, sevilən və sevən bir qadın, həmçinin mükəmməl bir anasınız. Bəs uğura aparan özəl bir açarınız varmı?
– Əslində mənim uğurlarıma əsas töhfəni xəyalıma aludəçiliyim və zəhmətkeşliyim verib. Bu həm uşaqlara, həm sevgiyə, həm də işə aiddir. İnsan nəyisə səmimi şəkildə arzulayırsa və həmin arzunu, məqsədi həyata keçirmək üçün lazımi səyləri göstərirsə, mütləq uğur qazanacaq.
– Hər bir insanın həyatında olduğu kimi, sizin də həyatınızda kəskin yüksəlişlər və enişlər olub. Bu yüksəlişlər və onlarla bağlı eyforiya xarakterinizdə və taleyinizdə nələri dəyişib?
– Həqiqətən də mənim həyatımda həm yüksəlişlər, həm də enişlər olub. Lakin zamanla bütün xarici amillərə kifayət qədər sakit yanaşmağı öyrəndim. Elə dövrlər olub ki, bütün ailə üçün çox çətin idi, amma heç vaxt ümidsizliyə qapılmamışam. Birincisi, bu günahdır, ikincisi isə mən təbiətən optimist insanam. Məncə dünyada yaxşı insanlar, yaxşılıq mənfilikdən daha çoxdur. Baxmayaraq ki, deyirlər hər şey balansdadır və məhz bu səbəbdən pisliyi məğlub etmək mümkün deyil. Təəssüf ki, dünyamız heç vaxt ideal olmayacaq. Həmişə yaxşılıq və pislik olub və buna görə də onların mübarizəsi daim davam edəcək. Pisliyə qarşı əsas silahımız – bizim mərhəmətimiz və sevgimizdir.Şəxsən mən bu gün daha çox daxili mübarizəyə fokuslanmışam, xarici mübarizəyə yox. Mənim artıq şəraitlə mübarizə aparmağa, kiməsə nəsə sübut etməyə ehtiyacım yoxdur – özümü döyüş vəziyyətində hiss etmirəm. Mən heç vaxt problemlərdən qaçmamışam, onları həll etməyə çalışmışam. Amma hazırda həyatımda məni savaşmağa vadar edəcək və döyüşkən xarakterimi ortaya çıxaracaq bir şey yoxdur.
– Valeriya, həyat bizə müxtəlif dərslər və hədiyyələr verir. Qismət tellərinin bu dolaşıqlığında siz necə insanlıq keyfiyyətlərinizi qoruyub saxlayırsınız? Axı bəzən hansısa vəziyyətdə ucalığı və müdrikliyi qorumaq mümkün olmur.
– Mən özümü iradəli bir insan hesab edirəm. Əgər insanın daxilində bir dayağı, öz “nüvəsi” varsa, o, istənilən vəziyyətdə öz prinsiplərinə uyğun davranır. O, ilk növbədə özünə qarşı sadiq qalır. Məni hansı vəziyyətə salmağınızdan asılı olmayaraq, mən yenə də olduğum kimi qalacağam. Məsələn, əgər mənə hansısa məqsədə çatmaq üçün prinsiplərimdən imtina etməyimi təklif etsəydilər, bunu heç vaxt etməzdim. Və heç vaxt da etməmişəm, baxmayaraq ki, belə hallar olub. Demək istəyirəm ki, insan özünü itirmədən də hər şeyə nail ola bilər.
– Sizcə insanın hansı keyfiyyətləri ən mənfi xüsusiyyətlərdir?
– Bilirsiniz, məsələn, mən yalanı – hətta xırda məsələlərdə belə – dözə bilmərəm. Elə insanlar var ki, adi söhbətlərdə belə hər şeyi şişirtməyə, bəzəməyə çalışırlar. Mən həmişə necə olubsa, elə də danışıram və hətta cüzi qeyri-dəqiqliklərə belə əsəbiləşirəm.Baxmayaraq ki, əlbəttə, yalanın da müxtəlif növləri olduğunu inkar etmirəm.Məsələn, xəstələnəndə bunu anamdan gizlədə bilərəm. İki tərəfli sətəlcəm keçirmişdim, amma anamla danışanda ona heç nə demədim. Axı niyə ananı əlavə narahat edim? Bəli, yalan danışdım ki, hər şey qaydasındadır, yaxşıyam. Bu cür yalan, məncə, yaşamaq haqqına malikdir.Əgər kişilərin xüsusiyyətlərindən danışsaq, mən qadına hörmətsizliyi qəbul etmirəm. Hesab edirəm ki, əgər kişi qadına bir dəfə əl qaldırıbsa, onunla dərhal vidalaşmaq lazımdır.Bir dəfə olubsa, deməli ikinci dəfə də olacaq. O artıq sərhədi keçib və geri qayıtmayacaq.Sadəcə təəssüf ki, bunu mən öz həyat təcrübəmdə dərk etməli oldum.

– Sizcə, biz “Necə salam versən, elə cavab alarsan” prinsipi ilə hərəkət etməliyik, yoxsa şərq atalar sözündə deyildiyi kimi “Sən mənə daşla, mən sənə aşla” yanaşması doğrudur?
– Məncə, ikinci yanaşma mənə daha yaxındır. Hər bir vəziyyətdə insan insan olaraq qalmalıdır. Qəzəblə və ya aqressiya ilə, hətta cavab olaraq belə, həyatda yaxşı heç nəyə nail olmaq mümkün deyil.
– Valeriya, siz çox gözəl, zərif və cazibədar bir qadınsınız. Bütün bu keyfiyyətləri necə özünüzdə cəmləşdirə bilmisiniz?
– Məsələ ondadır ki, mən çalışıram mümkün qədər sağlam həyat tərzi sürüm. Alkoqol, siqaret və hər cür dopinqi qəbul etmirəm. Qidalanmama çox diqqət yetirirəm – zərərli məhsullardan istifadə etmirəm, fastfood yemirəm. Bundan əlavə, idmansız yaşaya bilmirəm. Uzun illərdir mütəmadi olaraq fitnesslə məşğul oluram. Fiziki hərəkətsiz özümü narahat hiss edirəm. Əlbəttə, daimi səfərlər və uçuşlar öz təsirini göstərir, amma bu gərginliyi sağlam yuxu və kitablar sayəsində aradan qaldırıram. Həmçinin yoqa ilə məşğul oluram. Adətən gündüz və ya axşam vaxtı məşqlər edirəm, çalışıram gündəlik azı iki saat yoqaya vaxt ayırım. Qastrollara gedəndə yoqa xalçamı da özümlə aparıram.
Qeyd edim ki, uşaqlıqda heç də idmançı uşaq olmamışam. Nə qədər bəhanə tapsam da, bədən tərbiyəsi dərslərindən yayınmağa çalışırdım. Demək olar ki, bütün yarışlarda zəif nəticələr göstərdiyim üçün kompleksim vardı. Amma yuxarı siniflərdə mənə ciddi xəbərdarlıq etdilər ki, əgər bədən tərbiyəsindən “üç” alsam, qızıl medal ala bilməyəcəyəm. Elə o vaxt içimdəki “gizli ehtiyatları” kəşf etdim! Məktəbdə keçirilən bütün yarışlarda iştirak etməyə başladım, bütün idman dərnəklərinə yazıldım, bədən tərbiyəsi müəllimimlə dostlaşdım! Və heyrətlə kəşf etdim ki, əslində idmanda heç də ümidsiz deyiləm! O vaxtdan anladım ki, nəyisə çox istəmək, qələbəyə ruhən köklənmək və ardınca fəal şəkildə hərəkətə keçmək kifayətdir. İndi hər gün idmanla məşğul oluram, müxtəlif idman növlərini növbələşdirməyə çalışıram. Tennis oynamağı sevirəm, məmnuniyyətlə üzürəm, hətta dağ xizək sürməsini də öyrənmişəm. Amma ən çox xoşuma gələn idman gəzintiləridir – həm parkda, həm də yeni şəhərlərdə, harada ki, hər an mənzərə dəyişir. Bu məni inanılmaz dərəcədə enerji ilə doldurur!
– Sizcə bu Tanrı vergisidir, yoxsa qadınlar bu üzərində işləməlidir?
– Məncə əsas məsələ – qadınlığını itirməməkdir. Mən, məsələn, yaxşı görünməyi sevirəm. Bu mənim üçün bir stimuldur. Fikrimcə, bəzi qadınlar sadəcə tənbəllik edirlər və özlərini sevmirlər, ona görə də kökəlməyə yol verirlər. Arzulayıram ki, qadınlar özlərinin zərif cins nümayəndəsi olduqlarını unutmasınlar, mütləq özlərinə vaxt ayırsınlar. Mənim üç övladım olanda və ümumiyyətlə pulum olmadıqda belə, yenə də özümlə məşğul olurdum. Bu, insanın özünə qiymətini çox yüksəldir! Və nə gözəldir ki, uşaqlarımız “Vay, ana! Sənə bax e!” – deyə heyranlıqla səslənə bilirlər!
– Qadının ruhu hər şeyə reaksiya verir, onun əhval dəyişiklikləri isə dərhal zahirində əks olunur. Gözlərdəki o parlayan sevinc işığını necə qorumaq olar?
– Çoxları düşünür ki, gözəllik insanı xoşbəxt edə bilər, amma əslində hər şey tam əksinədir: yalnız xoşbəxt olduqda insan həqiqətən gözəl ola bilər. Buna görə də ilk növbədə daxili harmoniya haqqında düşünmək, özünü olduğu kimi sevmək lazımdır. Ancaq daxili dünyandan ilhamlandıqdan sonra zahiri görünüşə keçmək olar. Yalnız o zaman sizdə gözəlliyin əsas sirri olan o parıltı yaranacaq!
Müğənni
– Siz Rusiya qadınlarının simvolları sırasında ilk onluqdadasınız. Bu cür titullara sahib olmaq böyük zəhmət tələb edir. Sizin gününüz nədən başlayır?
– Mən az yatır və düzgün istirahət etməyi bacarmıram. Hər dəqiqəm planlıdır, həyatı boş yerə keçirmirəm və bunun necə olduğunu belə təsəvvür etmirəm. Əgər tənbəlləşsəm, bu hal mənim üçün dağıdıcı olar. Mənə rahatdır ki, hər saat nəsə baş verir. Həyatda çox talelər görmüşəm, necə ki, istedad tənbəllik içində itib… Amma zəhmət təkcə istedadı inkişaf etdirmir, o, gizli qabiliyyətləri də üzə çıxara bilər. Mənim peşəmdə ən çətin olan odur ki, sən artıq özünə aid olmursan. Qaçırsan, amma həyat yanından ötüb keçir…
– Yaradıcı fəaliyyətinizi necə qiymətləndirirsiniz? Yaradıcı planlarınız nədən ibarətdir?
– Hesab edirəm ki, mükəmməlliyin həddi yoxdur. Yaradıcı fəaliyyətim boyunca özümü həyata keçirmək və peşəkar sahədə təkmilləşmək arzusu heç vaxt məndə tükənməyib. Hər şeyi öyrənmək istəyirəm. Rahatlaşıb demək ki, artıq hər şeyim var, hər şeyi bacarıram və sadəcə bu uğurların bəhrəsini yemək – bu, eniş deməkdir. Məndə daim hərəkət ehtiyacı var. Düzdür, konkret məqsədlərim yoxdur, məsələn, müəyyən mükafat almaq kimi. Mən sadəcə inkişaf etmək və irəli getmək istəyirəm. Bundan əlavə, səhnədə öz yerini daima qorumaq lazımdır. Bir dəfə bir opera müğənnisi mənə dedi: “İndi əvvəlkindən daha çox həyəcanlanıram, baxmayaraq ki, illər əvvəl karyerama yeni başlamışdım”. Mən soruşanda ki, niyə, cavab verdi: “Axı indi məsuliyyət çox böyükdür!” Mən onunla tam razıyam. Konsertlərdə qarşında səni tanıyan və sevən insanlar əyləşir. Nə qədər çox səhnədə olursansa, bu cür insanlar da bir o qədər çox olur. Və sənin əsas vəzifən – onları məyus etməməkdir.
– Siz yaradıcı insansınız. Özünüzü “business lady” kimi sınamısınızmı? Gələcəkdə klub, restoran və ya başqa bir biznes açmaq fikriniz varmı?
– Vaxtilə “de Leri” adlı ətir və zinət əşyaları xəttim var idi. Amma bu iş tədricən dayandı. Məsələ ondadır ki, biznes aparmaq da hər hansı digər iş kimi müəyyən vaxt və enerji tələb edir. Mən isə hər şeydən əvvəl müğənniyəm və əsas vaxtımı məhz yaradıcılığa sərf edirəm. Ola bilsin ki, gələcəkdə yenidən hansısa biznes qurmaq istəyi yaransın – kim bilir? Amma hazırda mən daha çox ailəmə və yaradıcılığa fokuslanmaq istəyirəm.
Möhtəşəm Ana
– Necə bacarırsınız ki, həm işinizdə uğurlu olursunuz, həm də qayğıkeş ana qalırsınız?
– Ailə mənim üçün hər zaman birinci yerdə olub. Bu məsələdə mən tam bir qadınam. Heç kim günahkar deyil ki, mənim peşəm ailə qurmazdan əvvəl yaranıb və bu peşə belə bir sahədir. Hətta ən uzaq qastrollarda belə daim uşaqlarıma zəng edirəm, onların qayğılarından və problemlərindən xəbərim olur, bilirəm dərsləri hazırlanıbmı, ev tapşırıqları yerinə yetirilibmi. Hər bir işləyən ana bu cür problemlərlə qarşılaşır. Deyəsən, hələlik mənə həm işimi, həm də uşaqların tərbiyəsini bir arada aparmaq uğurla alınır. Üç uşaq dünyaya gətirdiyimə görə bir an belə peşman olmamışam – bu, qadın üçün heç nə ilə müqayisə olunmayan bir hissdir.

– Uşaqlara qulluqla bağlı hansı vəzifələri, gündəlik məşğulluğunuzu nəzərə alaraq, öz üzərinizdə saxlamısınız? Uşaqlara nə qədər vaxt ayırırsınız?
– Ailəni və işi bir arada aparmaq bəzən çətin olur.
Ev işlərində mənə çox kömək edən bir dayə var – artıq 15 ildən çoxdur bizim ailədə çalışır və artıq ailəmizin tamhüquqlu üzvünə çevrilib. Məsələn, məktəb iclaslarına məhz o gedir. Çünki bu cür tədbirlərdə əsasən təşkilati məsələlər müzakirə olunur: ekskursiyalar, səfərlər, müxtəlif maliyyə yığımları və s. Uşaqların dərs nailiyyətlərinə gəlincə isə, bu sahəni şəxsən özüm nəzarətdə saxlayıram, daim müəllimlər və sinif rəhbərləri ilə əlaqədə oluram. Bütün əlaqə vasitələri məndə var və hətta qastrol səfərində olsam belə, uşaqların necə oxuduğunu, özlərini necə apardıqlarını, tapşırıqları yerinə yetirib-yetirmədiklərini öyrənə bilirəm. Asudə vaxta gəldikdə isə, biz hamımız birgə istirahəti və səyahətləri çox sevirik. Ən çox Fransaya və İtaliyaya getməyi sevirik – bizim ən sevimli istirahət məkanlarımızdır. İstirahətə yalnız birlikdə çıxırıq. Ailəsiz istirahət mənim üçün istirahət sayılmır.
– Uşaqlarınızda xüsusilə hansı keyfiyyətləri inkişaf etdirməyə çalışırsınız?
– Yeniyetməlik dövrü hər zaman çətin olur və düşünürəm ki, belə vaxtlarda əsas məsələ işləri axarına buraxmamaqdır. Hər uşağa fərdi yanaşma tapmaq, onun həyatında fəal iştirak etmək, yeni, “böyüklərə xas” məsələlərin həllində ona yardımçı olmaq lazımdır.
Mənə gəlincə, uşaqlarıma qarşı olduqca tələbkaram, lakin ədalətliyəm: həm tərifləyə, həm də danlaya bilirəm. Kaprizlərinə göz yummuram, cib xərcliyinə məsuliyyətli yanaşmağı öyrədirəm. Onlar təbii ki, başa düşürlər ki, həm özlərinə, həm də analarına cəmiyyətdə xüsusi diqqətlə yanaşılır, amma mən çalışıram ki, bu hiss onlarda özündən razılığa çevrilməsin. Mən, əlbəttə ki, hər zaman onların yanında olmuşam və olacağam, amma istəyirəm ki, həyatda əsas uğurları özləri əldə etsinlər.
İstəyirəm ki, uşaqlarım nizam-intizamlı və çalışqan olsunlar, daim hərəkətdə olmağın vacibliyini başa düşsünlər. Düşünürəm ki, uşaq nə qədər məşğuldursa, bir o qədər çox işə çatdırır və öz həyatını planlaşdırmağı öyrənir. Tərbiyədə həmişə sağlam düşüncə ilə hərəkət etməyə çalışıram. Bəzən sərt olmaq da lazım gəlir. Əlbəttə, mən spartalı üsulunda tərbiyənin tərəfdarı deyiləm, amma uşaqları intizam və qaydaya alışdırıram, bütün nazlarına göz yummuram. İş günlərində kompüteri yığışdırıram, amma həftə sonlarında icazə verirəm. İstisnalar da olur: əgər həftə ərzində hər şey yerindədirsə, yarım saatlıq “VKontakte”yə də icazə çıxır.
Elə dövrlər olub ki, aşağı qiymətlərə və pis sözlərə görə müəyyən sayda səhifə kitab oxumaqla cəzalandırmışam. Axı, indiki uşaqlar çox az oxuyurlar, ona görə də kitablara xüsusi diqqət yetirirəm. Məsələn, yay ədəbiyyat proqramını uşaqlar mütləq oxuyurlar. Əvvəlcədən tapşırığın həcmini qiymətləndiririk və gündə neçə səhifə oxunmalı olduğunu hesablayırıq. Əgər oxumasalar, şirniyyat almırlar. Bu – ən effektiv üsuldur! (Gülür.) Bizim evdə “sakit saat” qaydası var – həmin vaxt onlar istirahət edir və kitab oxuyurlar. İndi biz hamımız elektron kitablar almışıq ki, səfərlərdə artıq kitab dolu çamadanlar daşımayaq. Ona görə də, uşaqlarım savadlı və kitabsevərdirlər.
Sevimli həyat yoldaşı
– Sizcə, kişiləri qadınlarda ən çox cəlb edən nədir və qadın onların gözündə daim maraqlı və cazibədar olmaq üçün nə etməlidir? Sizcə, qadının özünü tamamilə həyat yoldaşının maraqlarına həsr etməsi yolverilməzdirmi?
– Təbiət qadını ocağın qoruyucusu kimi yaradıb. Amma bu instinkt hər qadında müxtəlif səviyyədə inkişaf edib. Kimisi rahat bir ev, bir dəstə balaca uşaq, həyat yoldaşını yola salmaq və qarşılamanı arzulayır. Kimisi isə ev həyatını iş, dostlarla görüşlər və digər fəaliyyətlərlə birləşdirməyi üstün tutur… Mən hesab edirəm ki, ailədə rəhbər kişi olmalıdır – bu o deməkdir ki, ona güvənmək olar, o, ailənin məsuliyyətini daşıyır. İosiflə birlikdə olanda mən özüm və yaxınlarım üçün tam rahatam.
Mən çox inanan bir insanam və ailə mənim üçün müqəddəsdir! Əvvəldən niyyət belə olmalıdır: ailə uzunömürlü olacaq. Əgər bu məqsədi qarşına qoyursansa, deməli, haradasa güzəştə getməli, qarşı tərəfi anlamağa çalışmalısan. Heç vaxt hər şey hamar olmur. Amma hər qaydanın istisnaları olur – əgər görürsünüzsə ki, bu evlilik gec-tez dağılmağa məhkumdur, onda daha yaxşıdır ki, ayrılıb bir-birinizi incitməyəsiniz, xüsusən də, əgər artıq uşaqlarınız varsa, onların bu vəziyyətdən əziyyət çəkməsinə imkan verməyəsiniz.

İkinci oğlum Senka bir dəfə dayəyə yaxınlaşdı və soruşdu:
— Bilirsən, bizim ailədə kim əsasdır?
Dayə: — Yoşa?
O: — Xeyr.
Dayə: — Ana?
O: — Yox.
Dayə: — Bəs kimdir?
O: — Bizim ailədə ən əsas sevgi!
-Ev həyatının rutini bəzən ailədəki sevgini “yeyir”… Münasibətlərdə o xüsusi nüansı necə qorumaq olar?
-Məncə, ən əsası qarşılıqlı anlaşmanı itirməməkdir. Mənə elə gəlir ki, ideal ailə olmur. Bizim sağlam ailəmiz var. Normaldır. Bizim münasibətlərimiz “şuşu-puşu” deyil. Xeyr! Biz emosional insanlarıq – bəzən səs-küy salırıq, amma əl qaldırmırıq, əşyalar sındırmırıq. Əlbəttə, mübahisələrimiz olur. Amma bu mübahisələr, baxmayaraq ki, səs-küylüdür, heç bir zərər vermir. Biz çox tez barışırıq, öz fikrimizi söyləyirik və bitir. Mən heç vaxt xatırlamıram ki, uzun müddət danışmamışıq, soyuq olmuşuq. Mən ümumiyyətlə müharibə vəziyyətini sevmirəm. Bəziləri var ki, qalmaqal çıxarmağı sevir və bu onlara rahatdır. Mən isə tezliklə hər şeyi aydınlaşdırmaq, hər şeyi öz yerinə qoymaq istəyirəm ki, mən rahat olum. İosif də belədir. Ola bilsin, buna görə də bizim mübahisələrimiz qısa olur. Biz hər şeyi bir-birimizə deyirik – nəyi xoşlayırıq, nəyi yox. Tənqidləri qəbul edirik.
-Zəhmət olmasa, həyatınızdakı “uğur xanımı” nın təbəssümü barədə danışın.
-Mən hesab edirəm ki, insanın taleyi mütləq əvvəlcədən müəyyən olunub. Amma yenə də Allah insanlara seçim hüququ verir. Hər zaman iki yol var, insan seçir ki, hansı yolu seçəcək. Həyatda əsas olan düzgün seçimi etməkdir: nə etmək lazımdırsa onu etmək lazımdır və nəticə necə olursa olsun.
Müsahibəni apardı:
Saida Musayeva, Fortuna jurnalının baş redaktoru.
Fortuna arxivi, 2011.



