Mənim Azərbaycanım!

“Qız Qalasının Tarixi və Təyinatı Haqqında Mülahizələrim”-Vəfa Quliyeva

 

Müəllif:

              Vəfa Quliyeva

               Professor, Tarix elmləri doktoru

                 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

 

 

 

Qız qalası İçərişəhərin sahilboyu hissəsində tikilən ən qədim qaladır. Bakının simvolu və dənizkənarı “fasadının” ən vacib komponentlərindəndir. 2000-ci ildə İçərişəhər və Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun Dünya
Mədəni İrs siyahısına daxil edilmişdir.Qız Qalası dənizə doğru maili nəhəng bir qayanın üzərində, silindirik fоrmada
tikilmişdir. Dəniz tərəfdən uzunsоv bir dayaq (kоntrfоrs) оna əlavə еdilmişdir.Qaya bir tərəfdən yonulmuş daşla örtülmüş, digər tərəfdən – iri yarımdairəvi çıxıntılar sistemi olan divarla müdafiə olunmuşdur.

 

 

Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, gümbəz fоrmalı tavanla örtülmüşdür. Mərtəbələr arası əlaqə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saхlanılır. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yalnız tavanda оlan dairəvi dеşikdən nərdivan və ya ip vasitəsilə mümkün idi. Daxildən qalanı işıqlandırmaq və havalandırmaq məqsədi ilə cənub və cənub-şərq tərəfdən mazğallar düzəldilmişdir. Qalanın cənub hissəsində üçüncü mərtəbə səviyyəsində dərin su quyusu var. İkinci mərtəbədən başlayaraq yеddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu fоrmasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin
şırım оlan yеrdə yarımdairə şəklində taхça açılmışdır. Şırımın içində yuхarıdan aşağıya dоğru bir-birinə gеydirilmə vasitəsi ilə saхsı tünklər yеrləşdirilmişdi. Qız qalası özünün iri ölçüləri (qalanın hündürlüyü bir tərəfdən 28 digər tərəfdən 31 metrdir) və divarlarının möhkəmliyi ilə seçilir (bünövrədə 5, yuxarı hissədə 4,5 metrdir). Qalaya birləşən çıxıntının nə Yaxın Şərq nə Qərbi Avropa orta əsr qala memarlığında analoqu yoxdur. Onun təyinatı müəyyənləşdirilməmişdir. Memarların fikrincə, o, nə ləpədöyən, nə qalaya əlavə dayanıqlıq verən kontrforst, nə də daş mərmilərə, divardağıdan maşınlara qarşı müqaviməti artıran bir qurğudur.
Qalanın üst, qabırğalı hissəsi Azərbaycanın Dəvəçi rayonunda yerləşən Sasanilər dövründə inşa olunmuş və Qilqilçay müdafiə sisteminə daxil olmuş Çiraq qalanı xatırladır (VI əsr). Ehtimal ki, qala bir vaxtlar yaxınlıqda yerləşən quyular sistemi ilə yeraltı yollar vəya kəhrizlər vasitəsi ilə birləşib və bu gədər təcrid olunmamışdı. Bunu cənub-qərb tərəfdə qalmaqda olan hörgü qalıqları da
sübuta yetirir.

Qalanın Yaxın Şərqdə analoqu olmayan qeyri adi görünüşü onun qədimliyi haqqında xəbər verir. Qalanın təyinatına dair bir neçə elmi mülahizə mövcuddur.Onlardan ən məşhuru qalanın müqəddəs məbəd olduğu fikridir. Məbədin qeometriyası abstraklaşdırmış insan formasını əks etdirir, burada qoyulmuş sakral rəqəmlər tanrının yenidən yaranma prosesini əks etdirir. Belə ki, məbədin layihələşmə və tikilmə prosesi özündə bu dünya və axirətin arasında mübadiləni təmin etməkdən ibarətdir.

“Allaha qovuşan” bakanlar bu müqəddəs məbədin kahinləri idi. Bu məkan hələ Qız qalasının tikilməsindən çox – çox əvvəl müqəddəs torpaq sayılırdı. Qız qalasının inşa olunduqu qayanın üstündə müqəddəs məkan – pir olub (“Firon” sözünün kökü –“piron” “pir-on”-dan əmələ gəlib və qədim Misir dilindən tərcümədə “yüksək, müqəddəs ev” vəya “hakimin ocağı” mənasını verir. Görünür, bu torpaq
özünün çoxsaylı yanar odları ilə atəşpərəstlər üçün Zərdüştlikdən əvvəl, Zərdüştlik dövründə və ondan sonra uzun müddət ərəblərin işğalına kimi “Məkkə” kimi müqəddəs bir yer olmuşdur). Bu pir ilk coğrafi meridianların təyin edilməsinə xidmət edirdi. İş burasındadır ki, dekabrın 22-də sübh açılanda günəşin şüaları buradan Şamaxının yaxınlığında yerləşən dağın qarlı zirvəsini işıqlandırırdı.
Qədim “Ölülər kitabının” tədqiqatçısı R.Fessenden bu yeri “şərq hakiminin astanası” adlandırır. Vavilon ənənələri başlanğıcını məhz buradan götürür. Qız qalası memarlıq-konstruktiv quruluşuna görə qeyri adi memarlıq tikilisidir.Aparılan riyasi hesablamalar göstərir ki, abidə sakral prinsiplərlə inşa olunub.
Yuxarıdan abidə qədim insanların müqəddəs simvolu olan butanı xatırladır. Lap əvvəllər abidə ancaq divarlardan ibarət idi və içiboş idi. Yuxarıya divarın içindəyerləşən pilləkənlər vasitəsi ilə qalxırdılar. Yol boyu divarin içində çölə açılan pəncərələr yerləşirdi. Dördüncü və ondan sonrakı mərtəbələrin pəncərələri ən önəmli idi. Bu pəncərələr günəşin trayektoriyasını təkrarlayaraq, xüsusi qövs yaradırdılar. Eyni zamanda pəncərələr gündoğana istiqamətlənib, günəşin qış dönümünə (22 dekabr), yəni Günəşin “ölüm” gününə. Astrofizik tədqiqatlar göstərir ki, “ölüm günü” deyilən bir dövrdə bu trayektoriya üzrə qalxan günəşin şüaları bu pəncərələr vasitəsi ilə qalanın içinə düşür və onu yuxarıdan aşağıya qədər işıqlandırır. Bu hadisə bir saatdan artıq davam edir. Bu vaxt ərzində Tamanda Günəş doğur. Bütün bunlar sübut edir ki, Ak-er-u-nun ərazisi (Qafqaz bərzəxi) Azara məxsusdur, eyni zamanda qalanın ümümqafqaz əhəmiyyətini sübuta yetirir.
Yuxarıda qeyd olunduğu kimi, Günəşin qış dönümündə Günəş ölür, gecə uzanır. Həmən gün Günəşin doğulması cənub-şərq nöqtəsindən başlayır və o, ən kiçik trayektoriya üzrə qalxmağa başlayır. Üç gündən sonra Günəş yavaş-yavaş canlanmağa başlayır və qalxma trayektoriyası yavaş-yavaş böyüyür və uzanır.

Doğuş nöqtəsi şərqə doğru irəliləyir. Günəşin reinkarnasiyası – yəni onun yeni forma alması və dirilməsi – Azarın/Asarın ölüb dirilmə günüdür.Günəş həmişə Xəzərdən doğur, daha dəqiq desək ilin ən uzun və ən qısa günündə. Qız qalasının hündürlüyü və digər coğrafi koordinatlar, o cümlədən yer oxunun əyilməsi zamanı baş verən titrəyişin nəzərə alınması bizə imkan verir ki, Qız qalasının tikilmə dövrünü müəyyənləşdirək. Bununla əlaqədar məşhur astroloq və misirşünas Lokyerin dahiyanə kəşfini qeyd etmək lazımdır. Bu
oriyentasiya vasitəsi ilə məbədin tikilmə tarixini dolayı yolla təyin etməkdən ibarətdir. Məsələn, bu üsulla Karnakdakı Amon-Ra məbədinin vəya Stounxedjın tikilmə tarixi müəyyənləşdirilmişdir.

Yazda gecə ilə gündüz bərabərləşəndə, Günəş güc alır və günün işıqlı və qaranlıq saatları bərabər olur. Sonra gündüz gecəyə nisbətən uzanır. Məhz bu zaman Azərbaycanda qədim dövrdən qeyd olunan ənənəvi Novruz Bayramı başlayır. Yeni günün gəlməsi bayram edilir. Fikrimizcə, katoliklərin qeyd etdiyi Milad bayramı da qış gün dönümündən sonra Günəşin “yenidən doğulma” tarixi ilə bağlıdır. İngilis alimi Dj.Frezer “Qızıl budağ” əsərində, Avropada qeyd olunan Od bayramlarını tədqiq edərkən, yazır, ki kilsə qədim büdpərəstlik bayramlarını Milad
bayramı ilə əvəz edib.
Rus mühəndislərinin tərtib etdikləri 1806, 1808, 1809-cu illər Köhnə şəhərin (İçərişəhərin) xəritələrində Qız qalası “Daş qala Xonsar (Xunsar)” vəya “Kalıs Xonsar – böyük qala” qeyd olunur.1856-cı il Qafqaz təqvimində bu abidə “Xonsar” adlanır. Digər mənbədə
deyilir ki, “indiki Bakı haçansa mövcud olan böyük Xunsar şəhərinin qalığıdır”.Xunsar toponiminin tədqiqi göstərir ki, onun üç min il tarixi var və “günəş tərəfə yönəlmiş” kimi tərcümə olunur. Bu toponim təpədə yerləşən və Qız qalası kimi cənub-şərq Günəş istiqamətinə yönələn qədim Bakı qalasına uyğundur.

 

 

Polyak səyyahı M.Anjeykoviçin (XIX əsrin ortaları) qələmə aldığı əfsanəyə əsasən Bakı şəhərinin təməli Zummuriada adlı həyat yoldaşı olan Xunsar tərəfindən qoyulmuşdur. Xunsar möhtəşəm bir saray ucaltmış və orada onlar uzun, xoşbəxt ömür sürmüşlər. Sonra Zummuriada sarayı tərk edir və özünü ilahə elan edir. İnsanlarla heç bir təmasda olmaq istəməyən Zummuriada bir qala ucaltmış və orada yaşamışdır. Onun şərəfinə bu qala belə adlandırılmışdır. Görkəmli rus şərqşünası B.Dorn ehtimal edirdi ki, Xunsar Bakı şəhərinin
qədim adıdır.Qədim Misirin tarixinə dair məşhur “Ölülər kitabı” (İrəliyə gedənlərin kitabı) mənbəyini hərtərəfli tədqiq edərkən, ehtimal etmək olar ki, Günzarın, Xunsar- Xunzarın inşası bir neçə mərhələyə həyata keçirilmişdi. Başlanğıc e.ə. III minillik hesab olunur, belə ki, xatt-turanlılara (xett-türklər) aid olan qiksosların Misirə hücumu e.ə. 1500-ci ilə təsadüf edir, skif-sakların isə – e.ə.VII əsrə yaxın, deməli
Aserin ucalması e.ə.II əsrin sonu I əsrin əvvəlinə təsadüf edirdi. Xüsusilə qeyd etməliyik ki, qədim Misir tanrılarına aid olan simvolikanın bəzi elementləri İçərişəhərin qeraldik nişanları ilə eynilik təşkil edir. Məsələn, Aser tanrının simvolu kimi öküz təsviri, Qor tanrının simvolu kimi şir təsviri.Qız qalasının funksional təyinatına dair coxsaylı mülahizələr vardır. Bu mülahizələri təkrar etmədən, qeyd etmək olar ki, bu unikal memarlıq abidəsi dini,müqəddəs məbəddir. Belə ki, Lyubiça görə məbədin qeometriyası abstraklaşdırılmış insan formasını xatırladır, buradakı sakral rəqəmlər Tanrının yenidən yaranma prosesini əks etdirir.

 

 

Daha dəqiq:

1. Arxitektonika məbədin (müqəddəs tikilinin) layihələşdirilməsi və inşası zamanı bu dünya ilə axirət dünyası arasında mübadilənin təmin edilməsini nəzərdə tutur. Ona görə hesab etmək olar ki, “Allah evi” – ilahi başlanğıcın xarici görünüşüdür və İlahi ruh məbədin içində yerləşir. Azərbaycanda din xadimlərinin yaşadığı məkan “pir” adlanır, misirlilər də Tanrılarının yaşadığı evi “per” adlandırırdılar. “Firoon” sözü iki hissənin “pir-on” birləşməsindən əmələ gəlmişdir.
Hansı Tanrının xatirinə Qız qalası ucaldılmışdır? Daha dəqiq cavab vermək üçün qeyd etməliyik ki, arxitektonikada məmnunluq dərəcəsi üçün 4 vacib indeks xüsusilə nəzərdə tutulmalıdır – rəqəm, zaman (vaxt), həndəsə, həcm. Bu ilkin məlumatlardan irəli gələrək qeyd etmək olar ki, rəqəm məbədin ölçüsündən, təyinatından və digər fiziki xüsusiyyətlərindən alınır, o cümlədən, məbədin dəqiq layihəsinin tərtib edilməsi üçün ərazinin topologiyası lazımdır. Qız Qalası dənizə doğru maili nəhəng but formalı qayanın üzərində, silindrik fоrmada tikilmişdir.Qayanın sahəsi tikilinin sərhədlərini müəyyən edir. Buta – dini rəmz kimi Vahid Allahın (Allah – ata və Allah-ana) təsvirini əks etdirir və Yaradanın universal “qeyri-cinsi” başlanğıcına işarə edir ( R.O.Fessenden də “qeyri-cinsilik” haqqında yazmış və Qafqazın qeyri-cinsi Allahından, skiflərın, vedilərin ənənələrindən,bibliyada olan məlumatlardan bəhs etmişdir). Beləliklə, demək olar ki, Allah-ata –
İlahi varlıqdır, qabırğa-qabırğa hissəsi Allah-ana – dünyəvi hissəsi – Günzar -Günzarın qadin hisəsi – girdə (qayanın özü Qalanın düz hörgülü bir hissəsidir).

2. Zaman (vaxt) məbədin istiqamətini müəyyən edir (gündönümü, gecə-gündüzün bərabərliyi, gündoğan və günbatan səmtinə və s.).

3. Məlumdur ki, yer kürrəsinin oxu Günəşin fırlanma oxuna nisbətən 23,44 qradus bucağı altında fırlanır (daha dəqiq desək 23, 439281qradusdur – Red.).Buna əsasən bizim planetdə mütəmadi olaraq fəsillər dəyişir. Bu vəziyyət uzunmüddətdir ki, stabil xarakter daşıyır, lakin Yer kürrəsi öz oxu üstündə fırfıra kimi bir balaca tərpənir və bu da presessiya adlanır.Bizim planetin ekliptika (yerin günəş ətrafında hərəkət etdiyi yol) səthinə daimi əyilmə cəhdi yerin fırlanma oxunun hərəkətini yavaşıdır və o kosmosda öz
vəziyyətini dəyişir: fırfıraya oxşar konusvari səth. Bu prosesin əsas səbəbi Günəş və Ayın cazibəsi, yer kürrəsinin yastı olmasıdır. Nəticədə, qütblərin, gecə-gündüz bərabərliyinin, gün dönümünün yer dəyişməsi baş verir. 3500 il əvvəl Bakı şəhərinin en dairəsində göy vəya dünya qütbünə ən yaxın ulduz Əjdaha ulduzu idi ki, qütbdən 4 dərəcə enmə bucağı altında yerləşirdi. Digər məlumatlara görə Yunanıstanın antik dövründə bu ulduz e.ə.3000-2500 ildə qütb ulduzu olub (e.ə 500-ci ildən başlayaraq – Kiçik Ayı bürcünün Beta ulduzu). Yeri gəlmişkən, bir cox Asiya xalqları öz əcdadlarını Böyük Ayı bürcündə yerləşdirirdilər.Beləliklə, Günzar (“günəş məbədi” vəya “günəş işığının məbədi”) – Qız qalası üçün e.ə. I minilliyin əvvəlində – enmə bucağı 23,48 nəzərdə tutulur. Sual əmələ gəlir, qədimdə mehvərin enmə bucağı necə hesablanırdı? Şaquli payacıqlardan (qnomonlardan – Günəş saatından. Kölgəyə əsasən günortanı və günorta xəttinin istiqamətini təyin edən qədim astronomik cihaz) istifadə olunurdu. Əgər ilin ən uzun və ən qısa günündə günorta çağı qnomondan düşən kölgənin bucağını
ölçsən, alınan məbləğin (orta arifmetik hesab) yarısı müşahidəçinin coğrafi en dairəsinə, qalığın yarısı isə – yer məhvərinin enmə bucağına bərabər olacaqdır.
Yazılı mənbələrin məlumatına görə, dünya mədəniyyətinin bütün tarixi boyu –Qədim Misir və Çindən tutmuş antik və orta əsr dövrlərinə qədər qnomonlardan istifadə ediblər. Bu cihazlar çox diqqətlə quraşdırılır və 5 bucaq dəqiqəyə qədər dəqiqliyi ilə kölgənin vəziyyəti müəyyən olunurdu. Belə, Günzar məbədi günəşin qış qarşıdurma gününə istiqamətlənib ( gündoğan 21-22 dekabr). Analogiya üçün
qeyd etmək olar ki,  Misirin bütün günəş məbədləri ya gündönümünə (YuxarıMisir) ya da gecə-gündüz bərabərliyinə (Aşağı Misir) istiqamətlənib: gün doğan – gün batan.Məbədin həcmi Günzarın dərk etmə, mənasını müəyyən edir – Günəşin onun valideynləri tərəfindən diriltməsini göstərir. Bu formaya 5 düz həndəsi cismin və onları birləşdirən qüvvənin köməkliyi ilə, eləcə də istifadə olunan materiallar hesabına nail olmaq mümkündür. Günzar məbədinin fiziki quruluşu Günəşin üç böhranlı gün ərzində İlahi qüvvə atanın və daş qüvvə ana bətninin köməkliyi ilə “ölüm” və “dirçəlməsini” nəzərdə tutur.

 

 

Məbəd “zəifləmiş” göy cisminin müvəqqəti məskəni olduğundan o, burada maksimal qüvvə almalı idi. Hörgünün xüsusi forması Günəş-Azərin “sabitliyini və möhkəmliyini” gücləndirməli idi. Məbədin inşası qədim ziyarətgahın müqəddəs özülündə – pirdə inşa olunmuşdur: keçən dövrün müqəddəs toxumu yeni zəmiyə qoyulurdu vəya reqenerasiyanın yeni mərhələsi başlayırdı.
Mühəndis nöqteyi-nəzərdən tikinti üçün qayanın üstünü düzəltmək daha düzgün olardı. Lakin bu edilməmişdi. Bu ondan irəli gəlirdi ki, təmizlik işlərini kafirlik sayırdılar. Bundan əlavə, burada bir çox daş cığırlar – şırımlar astronomik müşahidələrin nəticəsidir, içəridə yerləşən qədim quyu isə kompozisiyaya daxil edilmişdi. Beləliklə, Günzar məbədinin (müasir Qız qlasının) maksimal hündürlüyü 30,8,
minimal hündrlüyü 28,8 m. bərabərdir. Kontrforsun cənub tərəfindəki tinin bucağı 23,8 təxminən 24 dərəcə təşkil edir, buda bir daha riyazi dəqiqliklə sübut edir ki, Günəş həmişə Xəzərdən doğur (ilin ən uzun və ən qısa günü). Bu fakt yer kürrəsinin məhvərinin enmə bucağında baş verən titrəyişləri nəzərə alaraq Qız qalasının təxmini inşa dövrünü müəyyən etməyə imkan verir.
Qız qalasının radiusu 8 m-dən bir qədər böyükdür, qalanın 8 pəncərəsi və bir dənə əsas darvazası var. Kontrforsun hörgüsünə nisbətən pəncərələrin 4-dü ana (hamar), 4-dü ata (qabırğa-qabırğa) hissələrində yerləşir. Əsas pəncərə bunların qovşağında yerləşir. Hörgünün qabırğa-qabırğa hissəsinin batan və çıxan cərgələrinin sayı 31-ə və 24-də bərabərdir. Bu da dekabr ayında günlərin və bir
gündə olan saatların sayı ilə uyğun gəlir. Yuxarıda deyilənləri ümumiləşdirərək, belə qənaətə gəlmək olar ki, əzəldən Günzar məbədinin inşa olunduğu yer “pir” və primitiv observatoriya olub. Mötəbər alimlər tərəfindən aparılan son dövrün tədqiqatları sübuta yetirdi ki, Günzar
məbədi – Qız qalası mərhələ-mərhələ deyil bir dəfəyə tikilib.

 

 

Sakral bir məkan kimi abidə unikaldır. Bu abidəni belə dəqiqliklə yalnız zəngin biliyə malik olan insanlar layihələşdirib, inşa edə bilərdilər. Günzar məbədinin yaradıcıları da, inşaatçıları da, orada xidmət edən din xadimləri də turan mənşəli –xattar olublar. Onlara genetik qohumluğu çatan Cənubi Qafqazdan əsas etibarılə köç edəndən sonra bir qismi qalmış kimmerlər və saklardır (skiflar).
İnşaatçılar təkcə mövhumatçı kahinlər deyildi, onlar eyni zamanda göy qübbəsi -astronomiya haqqında bilik daşıyıcıları idilər. Onlar arxitektonikanı, ekzoteriyanı və bütün memarlıq harmoniyasını təmin edən sakral həndəsə elementlərinin gözəl biliciləri idilər. Bu minilliklərlə bilik toplamış güdrətli gizli Kəbiri cəmiyyətinin üzvləri olan, Qafqazın avtoxton, Asov-Azər mənşəli protoqafqazlılar,
Asər-Azər adlı Günəş Allahına sitayiş edən kahinlər tayfası idi. Sonralar onları Baqov və Kəbirilər tayfası adlandırırdılar. Günzar inşa olunan dövrdə Kəbirilərin bir hissəsi Abşeron yarımadasında və Şamaxıda yaşayıb.
Qız qalasından götürülən nümunələrin analizi XI-XIII əsrləri göstərir, bu da Günzarın bu dövrdə bərpa olunduğu haqqında məlumat verir. Eldəqizidlər və Şirvanşahlar dövlətləri dövründə bütpərəstlik məbədi inşa oluna bilməzdi. 1924-cü ildə qalanın yaxınlığında arxeolojı tədqiqatlar aparılmış və qalanın ətrafında bir sıra yeraltı çatma tağlı otağlar aşkar olunmuşdur. Bəzi otağlarda divar içində tağçalar var idi. Görünür, bu Qız qalasının yanında yerləşən və qala tikiləndə sökülən və dağıdılan köhnə Bakının şəhər məhəllələrinin birinin bina
qalıqları idi. Binaların hərbi əməliyyatlar zamanı dağıdılması ehtimalı da var. 1963-cü ildə 2×1,5 m sahədə arxeolojı tədqiqatlar aparılmış və qalanın alt hisəsi tədqiq edilmiş, özülün dərinliyi, yeraltı yolun vəya digər tikilinin olub olmaması müəyyən edilmişdir. Tədqiqatlar göstərmişdir ki, bütün alt hissədəki sahə daş və əhəng məhlulundan ibarət but (yonulmamış daş) ilə doldurulmuşdur.
Bəzən çaylaq daşına da rast gəlinirdi. Əsrlərin öttüyünə baxmayaraq məhlul öz yüksək dərəcəli möhkəmliyini itirməmiş və çətinliklə qazınırdı. Qalanın altında heç bir tikili vəya yeraltı yol aşkarlanmamışdır. AMEA-nın Geologiya İnstitutunun mütəxəssislərinin fikrincə Qalanın altındakı qaya balıq qulağı ilə əhəngdaşının qarışığından ibarətdir. Tədqiqatlar göstərdi ki, Qız Qalası dənizə doğru maili nəhəng bir qayanın üzərində yeləşmişdir. Quyu təmizlənmiş və tədqiq edilmişdir. Quyunun dibində çoxsaylı gil qabların fraqmentləri aşkar olunmuşdur. Bunların arasında genboğazlı və darboğazlı sarı gil bardağlar, XI-XII əsrlərə aid olan altında möhürü olan şirli qabların qalıqları və habelə üzərində kufi xəttlə yazısı olan məzar daşlarının fraqmentləri var idi. Laborator analizlər müəyyən etdi ki,
quyunun suyu içməlidir.

 

 

 

1964-65-ci illərdə qalanın qərb və şimal hissələrində aparılan arxeolojı tədqiqatlar bir daha qalanın qərb tərəfdən möhkəm qaya üzərində dayandığını təsdiqlədi. Burada özülün altında yerləşən qayanın içində bir neçə təsərrüfat quyusu aşkarlanmışdır. Quyuların birində coxsaylı şüşə qab qırıqları aşkarlanmışdır. Bunlardan çoxu vaza formasında idi (XI-XIII ərlər) və tökmə üsulu ilə itehsal olunub. Təsərrüfat quyularının dərinliyi 1,7 və 0,8 m, diametr təxminən 70 sm. Eyni zamanda bu ərazidə dördkünc su quyusu aşkar olunmuşdur.
Quyunun 7,5 m dərinliyində su aşkarlanmışdır. Qız qalasının şimalında qərb istiqamətində uzanan qədim divarın qalıqları açılmışdır.
Divar iri yonulmuş daşdan tikilmiş, üzərində dördkünc formada 4 taxça oyulmuşdur. Ehtimal ki, bu Şah Abbas darvazasına qədər uzanan və qala divarına birləşən divarın qalıqlarıdır. Divardan cənuba, Qız qalasının yanında diametri 70 sm olan quyu aşkarlanmışdır. Quyu qayanın içində ovulmuşdur. Buradan şirsiz gil qabların fraqmentləri, orta əsr məişətində geniş istifadə olunmuş gil çıraqlar, rəngbərəng keramik, saxsı, şüşə qabların fraqmentləri tapılmışdır. Bu ərazidə 2,2 m dərinliyində antik dövrə aid olan latundan arxaik formalı balıq heykəlciyi
tapılmışdır. Fiqur böyük ustalıq və zövqlə hazırlanmışdır. Fiqurun uzunluğu 8,2 sm, hündürlüyü 4,5 sm, bədəninin eni – 0,7 sm. Qız qalasının ətraf ərazisindən öküz başının təsviri olan 68x70x12 sm ölçüdə daş tapılmışdır. Öküz bolluq,bərəkət və kişiliyin başlanğıcı rəmzi kimi, qədim türklərin müqəddəs saydıqları və sitayiş etdikləri heyvan idi. Qız qalası adlı qalalara Azərbaycanın ərazisində çox rast gəlinir. Bunlardan Bakı və Şamaxı qalaları tədqiq olunub. Bunlardan əlavə Azərbaycanda İsmayıllı,Oğuz, Qəbələ, Qazax, Yardımlı, Şəki Qız qalaları mövcuddur. Bu adda qalalar Naxçıvan Muxtar Respublikasında, Dağlıq Qarabağda və Cənubi Azərbaycanda da vardır. Bu qalaların coğrafi vəziyyətini tədqiq edəndə məlum olur ki, bunların hamısı dağ başında, təpələrdə, dəniz vəya çay kənarında yerləşir.Qız qalasına bənzər tikililərin yayılma arealı kifayət qədər genişdir. Bu adda qalalar Qara dəniz sahillərində, Orta Asiyada, İranda, İrakda, Hindistanda, Avropada da vardır. Krımda dağın başında “Qız Kermen” (Qız qalası) adında qala var. Krımda olan bu adda digər qala Baxçasaray rayonu Əski Kermen adlı ərazidə mövcuddur. Belə tikililəri Orta Asiyada “Koşk Qızqala” adlandırırlar. Alimlər bu abidələri VIII-IX əsrlərə aid edirlər. İranda bu qalalar “Kale-e Doxtar” (Qız qalası) adlanır. Fars şairi Firdousinin epik poeması olan “Şah-namə” əsərində Kerman Qız qalasının adına rast gəlinir. O, qeyd edir ki, bu qala Sasanilərin dövründən mövcuddur.Qız qalasının adına gəlincə bir cox tədqiqatçıların fikrincə bu ad yalnız tərəfindən alınmaz qalalara verilirdi. XI əsrin fars tarixçisi Əbü-l-Fadl Bayxaki yazırdı ki, “bu qalanı heç kim ala bilmirdi, bakirə qız kimi”. Həqiqətən də bu tip qalaların möhkəmliyi, alınmazlığı adına uyğundur.

 

 

 

Digər tədqiqatçılar “qız” sözünü atəşpərəstliklə bağlayırlar və “köz” – “od” mənasını verirlər. Burada görkəmli İran tarixçisi Məhəmməd İbrahim Bastani-Parizinin fikirləri cox maraqlıdır. O hesab edir ki, Qız qalası tikililərinin adı su İlahəsi Anaxit (Naxit) ilə bağlıdır. Qədim Şərqdə ona Od Allahı Mitraya olduğu kimi sitayiş edirdilər. Parizi yazır ki, Qız qalaları əvvəl İlahə Anaxitin məbədləri kimi
inşa olunmuş sonradan qalalara çevrilmişlər. Bu həqiqətə uyğundur. Ona görə ki, Şərqdə bəzi abidələr dini abidə kimi inşa olunub və sonradan tarixi reallıqlar dəyişdikcə ilkin funksiyasını itirmiş, müdafiə istehkamlarına çevrilmişlər.
Hesab olunur ki, Anaxit məbədlərinin əsas xüsusiyyətlərindən biri ondan ibarət idi ki, orada zəngin xəzinə saxlanılırdı. Yunan müəlliflərinin məlumatlarına görə bu məbədlər qızıl, gümüş ilə dolu olurdu və ona görə həmişə hücuma məruz qalırdılar. İlahə Anaxit məbədlərinin düşmənlər tərəfindən dağıdılması haqqında mənbələrdə məlumatlar var. E.ə. 34-cü ildə Roma qoşunlarının Qafqaza hücumu
zamanı Anaxitin məbədi dağıdılmış, İlahənin heykəli sındırılmışdır. Arşakidlər və romalılar arasında gedən müharibə zamanı Suza şəhərində Anaxitin qızıl heykəli dağıdılmışdır. Məhz buna görə məbədlər müdafiə istehkamları kimi inşa olunurdu.Sasanilər dövründə, orta əsrlərdə də dini abidələr bu tərzdə tikilirdi. Misal kimi Pirsaat çayının üzərində yerləşən və möhkəm qala divarları ilə əhatə olunan Pir
Hüseyn xanəgahını qeyd etmək olar (görkəmli sufi şeyxi, alimi, filosofu Pir Hüseyn Şirvaninin məqbərəsi ətrafında formalaşan dini kompleks – XI əsr).
Qız qalasının ətrafında özünün tarixi əhəmiyyətinə görə heç də geridə qalmayan abidələr yerləşir. Bunlardan dini-memarlıq kompleksi – Xanəgahı qeyd etməliyik. 1964-cü ildə arxeolojı qazıntılar zamanı buradan üzərində od izləri olan səkkizgüşəli, üç pilləli daş sütun aşkarlanmışdır. Eyni formalı sütuna biz e.ə. IV əsrə aid olan Əhəmənilərin sikkələrində rast gəlirik. Digər abidə – Cahartağ –memarlıq quruluşuna görə Suraxanadakı Atəşgahı xatırladan və atəşpərəstlik mədəniyyətinin daşıyıcısı olan sovməənin özülünü qeyd etməliyik. Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Qız qalası dini abidə, məbəd kimi yaranmış, lakin orta əsrlərdə tarixi reallıqlarının dəyişdiyi zamanı onun funksional vəzifəsi dəyişmişdi. Ehtimal ki, orta əsrlərdə, ələxsus, XII əsrdə, Şirvanşahlar
Bakıda iri müdafiə istehkamları inşa etdikdə, qala divarlarını möhkəmləndirəndə Qız qalası ümumi müdafiə sisteminə daxil edilmişdi.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, qaladan mayak kimi istifadə edilirdi. Qız qalası ətraf ərazi ilə Bakı ticarət limanına məxsus idi. 14 iyul 1914-cü ilə kimi bu status dəyişilməz olaraq qalır. 14iyul 1914-cü ildə Bakı Şəhər Dumasının qərarı ilə Qız qalası ətraf ərazilərlə birgə Ticarət və Sənaye Nazirliyindən alınaraq tarixi abidə kimi şəhərin mülkiyyətinə keçir. Bunun əvəzində
Liman idarəsinə bakılı xeyriyyəçi, neft maqnatı Hacı Zeynəlabdin Tağıyevin qonşuluğunda II Aleksandr sahil küçəsinin 403-cü kvartalında sahəsi 500 kv.sajen olan torpaq sahəsi ayrılır. Bununla əlaqədar Bakı şəhər ictimai idarənin ehtiyat kapitalından Ticarət limanına müəyyən məbləğ pul köçürülmüşdür.

Qız qalası haqqında dediklərimizi yekunlaşdıraraq onun unikallığını qeyd edək:

1. Qalanın divarının eni 5 m olmaqla giriş qapısı yox idi. Qalaya 4-cü mərtəbədə olan pəncərə vasitəsi ilə daxil olurdular.

2. Qalanın 8 mərtəbəsi olduqda mərtəbələr arası tavan və döşəmə yox idi.

3. Bütün pəncərələr bir tərəfə istiqamətlənib. Digər tərəflərdə pəncərə yoxdur və heç vaxt olmayıb.

4. Qalaya insan məntiqi nöqteyi-nəzərindən son dərəcə mənasız, ondan bir qədər alçaq iri ləpəyaran (kontrfors) birləşib (Xəzər dənizində heç vaxt qasırğa zamanı altı mərtəbəli bina hündürlüyündə ləpə olmayıb).

5. Bir çox orta əsr müdafiə qalalarında dolama pilləkənlər elə qurulurdu ki, hücum zamanı qalanın müdafiəçiləri düşmənlə əlbəyaxa döyüşdə yuxarıdan aşağı endikdə pilləkən ondan sağdan sola açılırdı. Bu müdafiəçiyə imkan verirdi ki, düşməni sağ əli ilə rahat vursun. Qız qalasında dolama pilləkən qeyd etdiyimizin əks istiqamətinə yönəlib. Bu bir daha qalanın hərbi xarakter daşımadığını sübuta
yetirir. Bu gün Qız qalası, unikal memarlıq abidəsi kimi, köhnə şəhər – İçərişəhərin ürəyində qürurla ucalaraq, hər zaman olduğu kimi bakılıların və şəhərimizin qonaqlarının diqqət mərkəzindədir.