
Ölkəmizin Qüruru, Tanınmış Alim Lütfi Zadə
“Uğurlu olmaq üçün təkcə savadlı olmaq yetərli deyil. Uğurun formulu: Qabiliyyət, israrlılıq və bacarıqlardır.”
— Lütfi Zadə

Dünya elmini ideyaları ilə zənginləşdirən, ixtiraları, nəzəriyyələri, axtarışları və innovasiyaları ilə hər kəsi heyran edən böyük alim Lütfi Zadənin adı çoxdan dünya elminin ən tanınmış simaları ilə assosiasiya olunur.
Azərbaycanın tanınmış alimi Lütfi Zadə – hər bir azərbaycanlının qürur mənbəyidir, adı dünya elmi tarixində qızıl hərflərlə yazılmışdır. Lütfi Zadənin elmi kəşfləri və ideyaları bəşəriyyətin inkişafına, insanların rifahının yüksəldilməsinə xidmət edir. Bütün dünyada, xüsusilə də vətəni Azərbaycanda Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Ələsgərzadə Lütfi Rəhim oğlu böyük hörmətlə xatırlanır.
Ələsgərzadə Lütfi Rəhim oğlu – Kaliforniya Berkli Universitetinin professoru seçilmiş yeganə şəxs, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. O, həm də Amerikadakı Azərbaycan Diaspor təşkilatının fəxri sədridir.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Rəhim Ələsgərzadə (1895–1980), anası isə yəhudi əsilli həkim Fəi (Fanya) Moiseyevna Koremadır (1897–1974).
Lütfi ilk təhsilini Bakıda 16 nömrəli məktəbdə almışdır. Lakin 1932-ci ildə SSRİ İran vətəndaşı olan azərbaycanlılara dair qərar qəbul etdi – ya Sovet Azərbaycanda qalmalı, ya da ölkəni dərhal tərk etməli idilər. Ələsgərzadə ailəsi İrana qayıtmaq qərarı verdi. Yaxın qohumlarının sözlərinə görə, bu qərar Lütfi Zadə fenomeninin formalaşmasında mühüm rol oynayıb. Çünki həmin dövrdə SSRİ-də kibernetika, informatika və genetika kimi elmlərə mənfi münasibət vardı və Lütfi Zadə bu şəraitdə elmi fəaliyyətini davam etdirə bilməzdi.
Beləliklə, o, 10 yaşında ailəsi ilə birlikdə Bakıdan çıxaraq Tehrana köçdü. Lütfi rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehranda təhsilini “American Albors” adlı missioner məktəbində davam etdirdi.
Orta təhsilini başa vurduqdan sonra Tehran Universitetinin elektrotexnika fakültəsinə daxil oldu. Böyük alimin Amerikadakı həyatı 1944-cü ildə başladı. Tehran Universitetini uğurla bitirdikdən sonra ABŞ-a köçdü və Massaçusets Texnologiya İnstitutunda təhsilini davam etdirdi. 1947-ci ildə valideynlərini də özü ilə gətirən alim artıq Kolumbiya Universitetində çalışırdı. 1948-ci ildə bu universitetdə elektrotexnika üzrə magistr dərəcəsi, 1957-ci ildə isə professor dərəcəsi aldı. Eyni zamanda, o, kibernetikanın atası Norbert Vinerin tövsiyəsi ilə Berkli Universitetinə dəvət olundu. Əvvəl çətinlik çəksə də, zamanla uyğunlaşdı və ömrünün sonuna qədər Berkli Universitetində professor kimi çalışdı.
Professor Lütfi Zadə sistemlər nəzəriyyəsi və optimal filtr nəzəriyyəsinin də müəllifidir. Alimin qeyri-səlis məntiq nəzəriyyəsi kimi, optimal zəncirlər nəzəriyyəsi də müasir riyaziyyat və kibernetika üçün yeni bir mərhələ idi. Bu nəzəriyyə yalnız elmi baxımdan deyil, praktik nəticələr baxımından da əhəmiyyətlidir.
Alimin dünya elminə töhfələrindən biri də dinamik sistemlərdə çoxölçülü optimallaşdırma nəzəriyyəsidir. O, bu nəzəriyyə ilə sübut etmişdir ki, bütün meyarlara uyğun ideal bir sistem yaratmaq mümkün deyil. Bir meyarın yaxşılaşdırılması digərinin pisləşməsi hesabına baş verir. Bu da kompromis tələb edir. Bu səbəbdən Lütfi Zadə çoxfunksiyalı dinamik sistemlərin qurulması yollarını təklif etmişdir.
1966-cı ildən etibarən Lütfi Zadənin elmi məktəbləri və laboratoriyaları Böyük Britaniya, Almaniya, Yaponiya və digər ölkələrdə fəaliyyət göstərir. “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Honda”, “NEC”, “Sharp” və digər şirkətlər Zadənin nəzəriyyəsini kommersiya məqsədilə tətbiq edirlər.
Lütfi Zadənin bütün dünyada tanınan və Aristotel məntiqinə zidd olan “qeyri-səlis məntiq” nəzəriyyəsi bir çox ölkələrin və şirkətlərin milyonlarla gəlir qazanmasında və çoxfunksiyalı robotların hazırlanmasında əsas rol oynayır. ABŞ-da kosmik proqramların icrasında bu nəzəriyyə əhəmiyyətli rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto və video cihazlar istehsal olunmuşdur. Danimarka sement sobalarını bu nəzəriyyəyə əsasən hazırlayır. Avropada xüsusi “ağıllı” ekspert sistemləri ilə işləyən bir çox sistem və qurğular yaradılmışdır. “Panasonic” və “Quassar” məhsulları istehsal edən Yaponiyanın “Mitsushita” şirkəti də bu nəzəriyyədən istifadə edir.
Hazırda bu nəzəriyyə iqtisadiyyat, psixologiya, dilçilik, siyasət, fəlsəfə, sosiologiya, din və münaqişələr sahəsində tətbiq olunur. Sosioloji araşdırmalar göstərir ki, gələcəkdə bu nəzəriyyənin tətbiq sahəsi daha da genişlənəcək… Əgər həmyerlimiz bu nəzəriyyədən istifadə edən şirkətlərin səhmlərinə şərik olsaydı, zənginlik və dəbdəbə onun həyatını bürüyərdi. Amma onun sadə və təbii xarakteri, həyatının sonuna qədər yaşadığı dar məkan buna sübutdur.
Professor Lütfi Zadə sistemlər və optimal filtr nəzəriyyəsi sahəsində fundamental nəticələr əldə edib. Dünya alimləri onun kəşflərini müasir riyaziyyat və kibernetikanın yeni fenomeni kimi qiymətləndiriblər.
L. Zadə 200-dən çox elmi məqalənin müəllifi və 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olub. Hal-hazırda dünyanın müxtəlif ölkələrində Lütfi Zadənin qeyri-müəyyən məntiq nəzəriyyəsinə həsr olunmuş təxminən 25 elmi jurnal nəşr olunur. Hər il bu jurnallarda alim haqqında minlərlə məqalə dərc edilir. Yaponiyada 2000-dən çox alim qeyri-müəyyən məntiqin tətbiqi üzərində çalışır, qeyri-müəyyən məntiqə əsaslanan məişət texnikası və elektron avadanlıq layihələrinə töhfə verirlər. Son illərdə ABŞ-da, Yaponiyada və Avropada 1300-dən çox patent təqdim olunub. Alimin elmi nailiyyətləri 1991-ci ildən Yaponiyanın ən yüksək mükafatı olan Honda mükafatı ilə təltif olunub.
Lütfi Zadə 25 ölkənin nüfuzlu universitetləri tərəfindən fəxri doktor adı alıb. O, həmçinin Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan və ABŞ akademiyalarının üzvü olub.
Məşhur alim IEEE (1973), IEEE-nin 100 illik medalı (1984), Honda Mükafatı (1989), Berkli Təsdiqi (1991), IEEE-nin Ričard Hemming medalı (1992), Rufus Oldenburger medalı (1993), IEEE-nin Bolzano medalı (1997), Edvard Feygenbaum medalı (1998), IEEE Minillium medalı (2000), V. Kaufman mükafatı və Qırmızı medalı (2004), Eqleston medalı (2007) və Franklin medalı (2009) ilə təltif olunub.
Lütfi Zadə 97 yaşında, 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında vəfat edib.
O, Bakıdakı Şərəf Xiyabanında dəfn olunub və dünya şöhrətli alim kimi anılır.
Lütfi Zadənin iki övladı var: Stella və Norman.
Müəllif: Mahi Rüstəmova.



