
Güc Birlikdədir,Qadının Gücü-Ailənin Xoşbəxtliyidir-FAWA

Artıq 30 ildən çoxdur ki, qadınların və ailələrin rifahı naminə ardıcıl və məqsədyönlü fəaliyyət göstərirəm. Psixoloq, pedaqoq və sahibkar kimi 25 illik sahibkarlıq, 30 illik tədris təcrübəmlə minlərlə qadına və uşağa dəstək olmuşam. Dövlət strukturlarında rəhbər vəzifələrdə qazandığım təcrübə, 2009-cu ildən təsisçisi və baş redaktoru olduğum “Fortuna” jurnalı, 11 ildir rəhbərlik etdiyim “Fortuna Psixologiya və Etiket Mərkəzi” və 2024-cü ildən təsis etdiyim “PR & Lifestyle Agency” peşəkar və ictimai həyatımı daha da zənginləşdirib. Ədəbiyyat mənim üçün həyat fəlsəfəsidir — şeir və hekayələr yazıram, bir çox Yazıçılar İttifaqlarının üzvüyəm və insan hekayələrinin gücünə dərin inanıram. Bütün bu təcrübələr məni “FAWA – Azərbaycan Qadınlarının Uğur Alyansı”nı daha təsirli və gücləndirici bir qadın platformasına çevirməyə sövq etdi.
Burada hər bir qadın özünü ifadə etmək, bacarıqlarını reallaşdırmaq,ailənin inkişafını, ailəsində sevgi və harmoniyanı gücləndirmək, uşaqlarına düzgün yanaşma göstərmək və fərdi inkişaf yolunda əhəmiyyətli addımlar atmaq üçün real imkanlar qazanır. “FAWA” sadəcə bir alyans deyil — bu, ailələrin rifahı və qadınların xoşbəxt, sağlam, dəyərli həyat sürməsi üçün bir araya gəlmiş güclü qadın icmasıdır. Müxtəlif təlimlər, görüşlər və təşəbbüslər vasitəsilə hər bir qadın həm fərdi inkişafını dəstəkləyir, həm də ailəsinin və cəmiyyətin rifahına töhfə verir. “FAWA” nın əsas məqsədi qadının gücünü ailə dəyərləri ilə birləşdirərək daha sağlam və xoşbəxt nəsillər yetişdirməyə şərait yaratmaqdır. Əgər siz də ailə dəyərlərinə, birlik və dəstəyin gücünə inanırsınızsa, sizi “FAWA” ailəsinə qoşulmağa dəvət edirəm.
Güc birlikdədir,qadının gücü-ailənin xoşbəxtliyidir!
Hörmətlə,
Səidə Musayeva



